Azərbaycan xalqı rus sülhməramlıların Qarabağa gəlişini dəstəkləyir?

1062

Xaqani Cəfərli: “Zahid Orucun rəhbərlik etdiyi mərkəzin rəy sorğusunun peşəkarlığına şübhə edirəm”

“İnanmıram ki, Azərbaycanda Rusiya sülhməramlılarının gəlişini dəstəkləyən 35 faiz təbəqə olsun”

“Hakimiyyətin, iqtidara bağlı qüvvələrin Rusiya ilə bağlı məsələlərdə həddindən artıq güzəştli mövqeyini doğru hesab etmirəm”

Milli Məclisin deputatı Zahid Orucun İdarə Heyətinin sədri olduğu Sosial Tədqiqatlar Mərkəzi (STM) bugünlərdə Qarabağ müharibəsi mövzusuna dair sorğu keçirib. Bu barədə verilən məlumata görə, sorğunun nəticələrinə əsasən əhalinin yarıdan çoxu – 54.7 faiz hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər. Sorğunun nəticələrində o da qeyd olunur ki, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29.0 faizdir. Bu missiyanın beynəlxalq sülhməramlılar tərəfindən təmin ediləcəyini cəmi 4.5 faiz respondent qeyd edib.

Yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini respondentlərin 1 faizi düşünür. 35.5 faiz respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. Əsas motiv kimi (66.8 faiz) bununla ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikri yayılıb. İmzalanan müqavilənin şərtlərinin yerinə yetiriləcəyini 43.2 faiz respondent qeyd edib. 44.6 faiz respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin mənfi nəticələr doğuracağını hesab edir. Həmin respondentlərin əksəriyyəti (84.7 faiz) Rusiya sülhyaradıcılarının daha çox ermənilərin maraqlarına xidmət edəcəyindən narahatdır. Narahatlığın ikinci səbəbi isə Rusiya sülhyaradıcılarının bölgəyə gəlişi ilə Qarabağda hərbi bazanın yaradılacağı ehtimalı ilə bağlıdır (42.9 faiz). Diqqətçəkən məqam odur ki, 19.9 faiz respondent bununla bağlı fikir bildirməkdə çətinlik çəkib. Əhalinin 57.0 faizi Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlıları ilə birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür. Rəyi öyrənilənlərin 49.6 faizi hesab edir ki, imzalanan razılaşmanın şərtlərinin yerinə yetirilməsi təmin ediləcək. Təxminən, eyni sayda respondent – 47.3 faiz Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür. Bunun diplomatik mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və mövqeyini gücləndirəcəyini 33.8 faiz qeyd edib.

“Azərbaycanda professional sosial sorğu olmadığı üçün Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun peşəkarlığına şübhə edirəm”

Beləliklə, təqdim olunan nəticələri dəyərləndirməsi üçün müraciət etdiyimiz politoloq Xaqani Cəfərli “Hürriyyət”ə açıqlamasında Azərbaycanda professional sosial sorğu olmadığı üçün Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun peşəkarlığına şübhə etdiyini bildirdi: “Həmin mərkəzlə bağlı bunu dəfələrlə ifadə etmişəm. Doğrudur, ilk vaxtlar Sosial Tədqiqatlar Mərkəzi ilə bağlı müsbət fikirlər səslənirdi ki, yaxşı kadrlar cəlb olunur, yaxşı layihələr hazırlanır. Amma bunların heç birinin şahidi olmadıq. Ona görə də bu mərkəzin fəaliyyətinə şübhəm var. Fəaliyyətinə şübhə etdiyim bir mərkəzin rəy sorğusunu da təbii ki, ciddi hesab etmirəm. Rəy sorğuları o zaman şəffaf olur ki, ölkədə demokratik mühit, söz, mətbuat, fikir, kütləvi toplaşma azadlığı olur. O zaman rəy sorğularının etibarlılığını qəbul etmək olur. Hətta demokratik ölkələrdə belə, rəy sorğularının 5 faiz “minus-plus” etibarlılığını qəbul edirlər. Yəni 5 faiz yanılma ola bilər. Azərbaycanda isə rəy sorğuları keçirən qurumların yanılma ehtimalını 90 faiz hesab edirəm”. Bu səbəbdən də Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda əksini tapan rəqəmlərə böyük şübhəsi olduğunu vurğulayan politoloq Azərbaycanda Rusiya sülhməramlılarının gəlişini dəstəkləyən 35 faiz təbəqənin olduğuna inanmadığını qeyd etdi: “Təbii ki, sorğunun nəticələrində Rusiyaya yarınmaq cəhdləri də hiss olunur. Onu da bildirim ki, Azərbaycan hakimiyyətinin Rusiyaya yönəlik siyasətdə ehtiyatlılığını normal hesab edirəm. Amma rəsmi olmayan mərkəzlərin daha müstəqil mövqe tutmaq imkanları var. Bununla yanaşı, Azərbaycan hakimiyyətinin, iqtidara bağlı qüvvələrin Rusiya ilə bağlı məsələlərdə həddindən artıq güzəştli mövqeyini də doğru hesab etmirəm. Bildiyiniz kimi, bugünlərdə başqa bir deputat qeyd etmişdi ki, Azərbaycanda Rusiyanın hərbi bazası yaradıla bilər. Hesab edirəm ki, bunlar hamısı Azərbaycanın müstəqilliyinin əleyhinə olan fikirlərdir. Təəssüf ki, cəmiyyətin də fikir bildirmək imkanları məhdud olduğu üçün bu cür məsələlərə az reaksiya verilir”.

“Ramiz Mehdiyevin hakimiyyətdən gedib-getməməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycandakı təsir qüvvələri zəifləməyib, çünki…”

Azərbaycanda Rusiyaya bağlı olan “5-ci kolon”un mövcudluğu konkret bu və digər şəxslə bağlı deyil: “Əfsus ki, Rusiyanın ölkəmizdə həddindən artıq geniş təsir imkanları olan təbəqəsi mövcuddur. Xüsusilə də uzun müddət Rusiyada çalışmış, təhsil almış insanların Rusiya ilə isti münasibətləri var. Çünki kim hansı dildə təhsil alırsa, o dilin daşıyıcısı olan xalqın mentalitetini mənimsəyir, həmin ölkənin mənəvi təsirlərini özündə daşıyır. Bir çox hallarda bu, siyasi təsirlər də doğurur. Ona görə də bu və digər şəxsin, konkret olaraq Ramiz Mehdiyevin hakimiyyətdən gedib-getməməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycandakı təsir qüvvələri zəifləməyib. Çünki Rusiya uzun illər ərzində burda çox ciddi təbəqə formalaşdırıb. Təəssüf ki, müstəqillik illərində həmin təbəqənin təsirlərinin azaldılması ilə bağlı heç bir tədbir görülməyib. Şərqi Avropada, Baltikyanı ölkələrdə, Gürcüstan, Ukrayna, Moldovada və digər yerlərdə bununla bağlı müəyyən addımlar atılır ki, ölkədə Rusiyanın təsir imkanları azaldılsın. Amma Azərbaycanda hələ bu günə kimi bu istiqamətdə addımlar atılmayıb. Yalnız Elçibəy hakimiyyətini istisna etmək olar. Ancaq onda da sistemli addımlar atılmırdı. Məhz buna görə də Rusiyanın Azərbaycanda yaratdığı təsirli təbəqə bu gün də fəaliyyətdədir. Əgər bu təbəqənin qarşısının alınması, təsirlərinin azaldılması üçün sistemli tədbirlər görülməsə, bir və ya 5 şəxsin vəzifədən kənarlaşdırılması elə də ciddi effekt verməyəcək”.

Vazeh BƏHRAMOĞLU