“Azərbaycan və Türkiyə birliyi Cənubi Qafqazda bütün dəngələri dəyişdi”

87

Şahin Cəfərli: “Ehtimal etmək olar ki, Rusiya Suriyada Türkiyəyə təzyiqi artırmaqla onu Qarabağ cəbhəsində atəşkəsin təmin olunmasında rol oynamağa sövq etmək istəyir”

Ramiyə Məmmədova: “Nəhayət, Rusiya prezidenti Qarabağ münaqişəsinin həllinin Türkiyəsiz mümkün olmayacağını anladı”

Zaur Məmmədov: “Artıq Türkiyə və Rusiya prezidentlər səviyyəsində Qarabağ müzakirələrinə start verdilər ki, bu da faktiki olaraq Kreml tərəfindən “2+2″ formatının qəbul edilməsidir”

Oktyabrın 27-də Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bildirilir ki, nazirlər Dağlıq Qarabağ məsələsini, eləcə də Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. Daha sonra Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı xəbərə görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub. Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması, böhranın deskalasiyası məqsədi ilə atılan addımlar barədə məlumatlandırıb. O cümlədən, iki ölkənin xarici siyasət və müdafiə strukturları, eləcə də xüsusi xidmət orqanları arasında bundan sonra da koordinasiyanın həyata keçirilməsi razılaşdırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?” sualına cavab olaraq qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir: “Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər. Bundan başqa, hələ demək olmaz ki, atəşkəs, humanitar fasilə barədə əvvəllər əldə edilmiş razılaşmalara əməl olunur. Təəssüf ki, onlara tərəflər riayət etmir”.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi ötən gün Bakıya gəlib. Bu barədə strateq.az-da yer alan informsiyaya görə, İran nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının rəsmiləri ilə görüşü regional məsələləri, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edib. İran xarici işlər naziri müavininin regional turne çərçivəsində Ermənistan, Türkiyə və Rusiyaya da səfəri planlaşdırılır. Onun gəlişindən əvvəl İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Əraqçinin İran İslam Respublikası prezidentinin xüsusi elçisi olaraq bu axşam nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfər edəcəyini bildirib. Musəvi tvitində yazıb: “İkitərəfli münasibətlərdəki son inkişaflar, bölgədə davam edən münaqişə, İranın münaqişənin həlli təşəbbüsü və digər məsələləri Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə müzakirə edilməsi planlaşdırılır”. Qeyd edək ki, XİN rəhbərinin müavini Əraqçi Azərbaycana gəlməzdən əvvəl Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin sərhəd bölgələrinə səfər edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik Komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bugünlərdə təqdim olunacaq.

“Məhz Türkiyə faktoru səbəbindən Rusiyanın Azərbaycan üzərində əvvəlki təsir gücü zəifləyib”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, Çavuşoğlu və Lavrov, həmçinin Ərdoğan və Putin arasında baş tutan telefon danışığına toxunan siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, əsas müzakirə mövzusu Suriyadır: “Bir gün öncə İdlibdə Türkiyə hökumətinin dəstəklədiyi “Feylak-üş Şam” qruplaşmasının Türkiyə sərhədinə cəmi 10 km məsafədə (Hatayın qarşı tərəfi) yerləşən Cebel Duveyla məntəqəsindəki təlim mərkəzi Rusiya aviasiyası tərəfindən bombalandı. Ən müxtəlif mənbələrin məlumatına görə, bombardman nəticəsində islamçı qruplaşmanın 80 civarında üzv və tərəfdarı ölüb. Oktyabrın 23-də isə Türkiyənin nəzarətindəki Cerablusda neft və neft məhsullarının saxlanıldığı və satıldığı bazar Aralıq dənizində, Lazkiye (Latakiya) sahilində lövbər salmış Rusiya hərbi gəmisindən atılan 2 ballistik raketlə vurularaq dağıdıldı. Bundan bir neçə gün öncə – oktyabrın 19-da türk əsgərləri İdlibin cənubundakı Morikdə yerləşən 9 saylı müşahidə məntəqəsindən geri çəkildi. Bura 1 ildən çoxdur Əsəd qüvvələrinin mühasirəsində idi və Rusiya əvvəllər həmin məntəqə ilə Türkiyənin əlaqəsini təmin etdiyi halda, son həftələrdə bu əlaqəni kəsmişdi və məntəqənin təchizatını (ərzaq, silah-sursat) həyata keçirmək mümkün olmurdu”. Türkiyə ordusunun İdlibdə Əsəd qüvvələrinin mühasirəsində qalmış daha 6 hərbi müşahidə məntəqəsinin olduğunu vurğulayan siyasi şərhçi hesab edir ki, Türkiyə hərbi kontingenti oraları da boşalda bilər: “Amma bu, hələ İdlibi tərk etmək demək deyil. Hazırda İdlibdə 10 mindən çox türk əsgəri cəmləşdirib və prezident Ərdoğan oranı əldə saxlamağı həyati əhəmiyyətli məsələ sayır. Bəs, bu hadisələrin Qarabağa nə aidiyyəti? Dəqiq bilmirik. Ehtimal etmək olar ki, Rusiya Suriyada Türkiyəyə təzyiqi artırmaqla onu Qarabağ cəbhəsində atəşkəsin təmin olunmasında rol oynamağa sövq etmək istəyir. Çünki məhz Türkiyə faktoru səbəbindən Rusiyanın Azərbaycan üzərində əvvəlki təsir gücü zəifləyib və Moskvada hesab edirlər ki, Ankara Bakını hərbi əməliyyatları dayandırmağa razı sala bilər”.

“Rusiyanın iki yolu var, ya yeni dəyişikliyə inteqrasiya olacaq, bununka da həm iqtisadi, həm də siyasi baxımdan irəliyə gedəcək, ya da tamamilə süquta uğrayacaq”

“Hürriyyət”in məlumatına görə, politoloq Ramiyə Məmmədova isə bu qənaətdədir ki, nəhayət, Rusiya prezidenti Vadimir Putin Qarabağ münaqişəsinin həllinin Türkiyəsiz mümkün olmayacağını anladı: “Artıq masada Türkiyə də var. Rusiya anlamalıdır ki, artıq Cənubi Qafqaz və buradakı proseslər tam dəyişib. 1988-ci ildən başlayan anti-Azərbaycan siyasəti və Qarabağın işğalı SSRİ-nin dağılmasına gətirib çıxartdığı kimi, bu gün də Azərbaycanın yürütdüyü siyasət və Qarabağın işğaldan azad edilməsi, yenidən Rusiyanın heç də xeyrinə dəyişmədi. Artıq bu regionda yeni və güclü oyunçu var ki, bu da Türkiyədir”. Politoloqun fikrincə, Azərbaycan və Türkiyə birliyi Cənubi Qafqazda bütün dəngələri dəyişdi: “Azərbaycan bu regionun ən güclü və öndə gedən dövləti oldu. Rusiya isə hələ də Azərbaycanın və ordusunun gücünü anlamazlıqdan gəlir. Rusiyanın iki yolu var, ya yeni dəyişikliyə inteqrasiya olacaq, bununka da həm iqtisadi, həm də siyasi baxımdan irəliyə gedəcək, ya da tamamilə süquta uğrayacaq”.

“Tezliklə Laçın dəhlizini əldə etmək vacibdir, çünki bundan sonra Nikol Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bildirib ki, artıq Türkiyə və Rusiya prezidentləri səviyyəsində Qarabağ müzakirələrinə start verilib: “Yəqin ki, danışığı təcili edən son bir neçə gündə Ermənistandakı rus hərbçilərinin Qafan, Mehri istiqamətlərində yerləşdirilməsi olub. Beləliklə, artıq Türkiyə və Rusiya prezidentlər səviyyəsində Qarabağ müzakirələrinə start verdilər. Bu, faktiki olaraq Kreml tərəfindən “2+2″ formatının qəbul edilməsidir. Rusiya başa düşür ki, Azərbaycana qarşı hərbi addımlar atarsa, qarşısında Türkiyəni görəcək. Odur ki, tezliklə Laçın dəhlizini əldə etmək vacibdir. Çünki bundan sonra Nikol Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”.

Vazeh BƏHRAMOĞLU