Azərbaycan və Türk diaspora təşkilatlarının ortaq hədəfləri

252

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenlə videogörüşü keçirilib.

Görüşdə Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat, hərbçilərimizin, mülki şəxslərin öldürülməsi, təcavüzkar ölkənin işğalçı siyasətini davam etdirməsi ilə bağlı xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının keçirdiyi dinc aksiyalar barədə müzakirələr aparılıb. Komitə sədri azərbaycanlıların müxtəlif xarici ölkələrdə dinc və sivil formada keçirdikləri aksiyalar və bu aksiyalara əngəl törətmək istəyən ermənilərin təxribatçı hərəkətləri barədə məlumat verib.
O qeyd edib ki, ermənilər səfirliklər, konsulluqlar və nümayəndəliklərin binalarına hücumlar edir, müxtəlif vandalizm aktları törədir, azərbaycanlılara qarşı fiziki güc tətbiq edirlər. Faktlar sübut edir ki, ermənilər vandalizm aktlarını, təxribatçı hərəkətlərini əvvəlcədən planlaşdırırlar. Görüşə görə təşəkkürünü bildirən Abdullah Eren Türkiyə toplumunun hər zaman Azərbaycanın yanında olduğuna bütün dünyanın şahidlik etdiyini vurğulayıb, bundan sonra da hər iki ölkənin diaspora təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.

Görüşdə xaricdəki Azərbaycan və Türkiyə icmalarının bundan sonrakı birliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin və Dövlət Komitəsinin koordinasiyası ilə həyata keçirilməsinin önəmi barədə geniş fikir mübadiləsi aparılıb, birgə tədbirlər planı müzakirə edilib. İki qurum arasında qarşılıqlı etimada əsaslanan yüksək əməkdaşlığın 2018-ci ildə imzalanmış “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu”na əsasən inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Fuad Muradov: Xaricdəki soydaşlarımız artıq intellektual səviyyədə mübarizə apara bilirlər

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu yaxınlarda ötən müddət ərzində komitənin gördüyü işlərlə bağlı maraq doğuran açıqlamalar verib. O, qeyd edib ki, dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir.
Diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək və eyni zamanda diasporun poten­sia­lından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına dəstək olmaq, ölkəmizin milli maraqlarının təbliğinə və siyasi arenada təsir gücünün artmasına şərait yaratmaqdan ibarət idi. Mövcud vəziyyət belə deməyə əsas verir ki, Azərbaycan bu məqsədlərə çatmaq üçün xeyli yol qət edib. Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib.
Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır.
Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir.

Milli diaspor dövlətçiliyə dəstək deməkdir

Müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz məhz bu hədəfə doğru irəliləyir. Bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Komitənin yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır.

Komitə sədri Fuad Muradov bildirib ki, yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və ABŞ-na  səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların bir sıra problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür.
Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollan­diya, Skandinaviya və AB-da Azərbaycanlıların Koor­dinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.

Soydaşlarımızın hüquqlarının qorunmasında yeni addım

Fuad Muradov açıqlamasında onu da qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə bağlı  dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları,Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızınproblemlərini onların diqqətinə çatdırır, problemlərin həlli yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN, ABŞ Dövlət departamenti,dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub. Soydaşlarımızın xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması və eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə Komitə, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır. Bununla birgə, soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləş­dirilməsi məqsədi ilə Komitədə Milli Məclisin nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək, qanunun ilkin variantı hazırlanıb.Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyədə şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış soydaşlarımızın problemlərinin həlli, onların  müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür. Bu məsələ ilə bağlıXarici İşlər, Daxili İşlər nazir­liləri və s. digər qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb.

Ana dilində məktəblərə üstünlük veriləcək

Fuad Muradovun verdiyi bilgilərə görə, Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə müvafiq kurslar fəaliyyət göstərir. Davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədilir. Görülən bu işlərdə məqsəd miqrasiya etmiş soydaşlarımızın adaptasiyasına dəstək olmaq, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, həmçinin gənc nəsil arasında istedadların aşkar olunaraq inkişafına kömək etməkdir.


Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır. Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Məktəb­lərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır.
Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə Komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu” imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq. Hazırda İsveçrə, Meksika, Misir və İsrailin diaspor üzrə məsul dövlət qurumları ilə də memorandumun imzalanması üçün danışıqlar aparılır. Xüsusi qeyd olunmalıdır ki, son dövrdə digər xalqların diasporları ilə, konkret olaraq dünyanın müxtəlif yerlərində yaşayan yəhudi, rusdilli diasporlar və pakistan, meksika, koreya diasporları ilə də əlaqələr yaradılıb,sıx əməkdaşlıqların qurulması istiqamətində əməli iş aparılır.

“Hürriyyət”

***

Diaspora mövzusu