“Azərbaycan Türkiyə və Ukrayna ilə hərbi ittifaqın yaranmasına nail olmalıdır”

90

Xaqani Cəfərli: “Türkiyənin NATO üzvü olması, Ukrayna və Gürcüstanın isə NATO yolunda olması Azərbaycanın təhlükəsizlik imkanlarını daha da artıra bilər”

Məhəmməd Əsədullazadə: “Artıq Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır və qardaş ölkənin bazası ilk növbədə Gəncəbasar bölgəsində yerləşdirilməlidir”

“Lavrovla Mnatsakanyanın növbəti görüşü Azərbaycan və Türkiyə əleyhinədir, çünki elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə olmasın və rəsmi Bakıya öz şərtlərini diktə etdirsinlər”

Bugünlərdə Rusiyanın RBK telekanalına müsahibə verən ölkə başçısı İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışan qüvvələrin olduğunu, lakin bunun baş tutmayacağını bəyan edib. Hazırda qardaş ölkənin dünyada və regionda sabitləşdirici rol oynadığını vurğulayan dövlət başçısı onu da bildirib ki, Türkiyə rəhbərliyinin, şəxsən Rəcəb Tayyib Ərdoğanın və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı: “Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.

Bəli, hazırda cərəyan edən proseslər də bir daha təsdiqləyir ki, əgər qardaş Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasından kənarda qalarsa, o zaman bu, Azərbaycanın Ermənistanın havadarları, yəni Rusiya başqa olmaqla, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən təklənməsinə gətirib çıxaracaq. Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələrinin “humanitar” yük adı altında Ermənistana silah tədarük etməsi bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Bütün bunlar Azərbaycan və Türkiyənin hərbi müttəfiqlik razılaşmasının yenilənməsini, qardaş ölkənin Azərbaycanda hərbi baza qurmasını zəruri edir.

“Bizim Qoşulmama Hərəkatına üzv olmağımız əslində yalnız addımdır, çünki düşmənimiz siyasi-hərbi blokda təmsil olunduğu halda, biz heç bir kollektiv birgə müdafiə hüquqları nəzərdə tutmayan təşkilatda təmsil olunmağa üstünlük verdik”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Xaqani Cəfərli qeyd etdi ki, bir qayda olaraq, dövlətlər müxtəlif hərbi, siyasi ittifaqlarda təmsil olunaraq, kollektiv müdafiə hüquqları əldə edirlər: “Bildiyiniz kimi, Türkiyə NATO-nun üzvüdür. NATO-ya üzv olan dövlətlər həmin blokda özlərinin kollektiv təhlükəsizlik müdafiə imkanlarını qazanıblar. Eyni zamanda, Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da var. Ermənistan da həmin təşkilatın üzvüdür və bu yolla özünün kollektiv təhlükəsizlik imkanları qazanıb. Təəssüf ki, Azərbaycan ötən 20-25 ildə, əsasən də 1995-ci ildən sonra bu istiqamətdə doğru siyasət aparmayıb. Bizim Qoşulmama Hərəkatına üzv olmağımız əslində yalnız bir addımdır. Çünki düşmənimiz bir siyasi-hərbi blokda təmsil olunduğu halda, biz bitərəf ölkələrlə heç bir öhdəliyi olmayan, heç bir kollektiv birgə müdafiə hüquqları nəzərdə tutmayan təşkilatda təmsil olunmağa üstünlük verdik. Bu da Azərbaycanın faktiki olaraq, düşmən qarşısında tək qalmasına səbəb oldu”.

Politoloq hesab edir ki, bu halda Azərbaycanın Türkiyə və Ukrayna ilə birlikdə hərbi ittifaq yaratması daha məqsədəuyğundur: “Məlumdur ki, hazırda Türkiyə ilə Ukrayna arasında bu istiqamətdə güclü işlər gedir. Hər iki ölkənin yetərincə güclü hərbi sənayesi mövcuddur. Odur ki, Azərbaycan da belə bir ittifaqa qoşulmaqla kollektiv müdafiəsini təmin edə bilər. O da məlumdur ki, Ukraynanın Avropada çox böyük siyasi və diplomatik təsir imkanları var. Ukraynanın xristian dövləti olduğunu nəzərə alsaq, Azərbaycanın onunla hərbi ittifaqda olması Ermənistana qarşı guya müsəlman-türk ittifaqının yaranması düşüncəsini dağıda bilər. Bu səbəbdən də çox yaxşı olar ki, hərbi ittifaq məhz bu konfiqurasiyada yaransın. Düşünürəm ki, gələcək də Gürcüstanı da bu ittifaqa qoşmaq olar. Eyni zamanda, Türkiyənin NATO üzvü olması, Ukrayna və Gürcüstanın isə NATO yolunda olması Azərbaycanın təhlükəsizlik imkanlarını daha da artıra bilər. Bildiyiniz kimi, əvvəllər GUAM adlı təşkilat vardı. O da təxminən, bu konfiqurasiya üzərində, yəni həmin ölkələri Rusiyanın təsirlərindən müdafiə etmək üçün yaranmışdı. Bu gün Rusiyanın Ermənistana açıq dəstəyi ortadadır. Əslində, bunun tarixi rusların Qafqaza gəlməsiylə başlayır. Ona görə də Azərbaycan xalqı bir şeyi aydın bilməlidir ki, Rusiyanın Qafqaz siyasətinin təməlində Ermənistan dayanır. Biz heç bir halda bunu dəyişmək imkanında deyilik. Nə qədər ki, Rusiya imperiyaçı dövlət olaraq qalacaq, onun Qafqaz siyasətinin təməlində Ermənistan dayanacaq. Ona görə də biz Rusiyanın Ermənistana münasibətinin dəyişməsini gözləsək, buna hələ onilliklər lazımdır. Bu səbəbdən də Azərbaycan üzləşdiyi hərbi və siyasi təzyiqlərə duruş gətirə bilmək üçün Türkiyə və Ukrayna ilə hərbi ittifaqın yaranmasına nail olmalıdır”.

“Əgər Nikol Paşinyan Moskvanın tələblərini qəbul etməsə, o zaman Rusiya Azərbaycanın işğal altındakı digər rayonların azad edilməsi əməliyyatına başlamasına seyirçi qalacaq”

Türkiyənin rəsmi danışıqlar formatında olmamasına baxmayaraq, Kremllə ciddi müzakirələr apardığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ankara Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını və birgə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir: “Amma Rusiya və Ermənistan Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinin əleyhinədir. Rusiya rəhbərliyi konkret olaraq Qarabağla bağlı məsələləri xarici işlər naziri Sergey Lavrovun öhdəsinə buraxıb. Lavrov isə Ermənistanın mövqeyindən çıxış edir. Ona görə də hələki bu məsələ açıq qalır. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın növbəti görüşü Azərbaycan və Türkiyə əleyhinədir. Elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə olmasın və Azərbaycana öz şərtlərini diktə etdirsinlər. Bundan əlavə, Paşinyan iqtidarının tam miqyasda Rusiyanın orbitinə qaytarılması tələb edilir. Bu məsələlər Lavrova tapşırılıb”. Politoloqun fikrincə, əgər Nikol Paşinyan Moskvanın tələblərini qəbul etməsə, o zaman Rusiya Azərbaycanın işğal altındakı digər rayonların azad edilməsi əməliyyatına başlamasına seyirçi qalacaq: “Əgər Azərbaycan Ağdərə, Zəngilan və tam şəkildə bütün rayon, kəndləri əhatə olunmaqla Füzuli və Ağdamı azad edərsə, Ermənistan kapitulyasiya sülhünə gəlməsə də, Azərbaycanın şərtləri ilə barışacaq. Çox ciddi danışıqlar gedir. Moskva tam cəhdlə sülhməramlı qüvvələri Xankəndiyə yerləşdirməyə çalışır. Mnatsakanyan və Lavrov Putinə təsir etməyə çalışır. Amma Putin Ankara və Bakı ilə əlaqələri korlamağa getməyəcək. Hazırda Rusiyanın Azərbaycana qarşı müəyyən diplomatik müstəvidə təzyiqləri davam edir. Azərbaycanın şərtlərini qəbul edilməməsinə çalışır. Azərbaycan hazırda hərbi qələbəsini diplomatik danışıqlara tam keçirə bilmir. Azərbaycan çalışır ki, danışıqlar Minsk Qrupu çərçivəsində deyil, Ankara-Moskva və Bakı arasında aparılsın. Bunu prezident İlham Əliyev də müsahibəsində qeyd edib. Hələlik isə bu formatın rəsmiləşdirilməsi alınmır. Əsas maneə Lavrovdur. Azərbaycan bir neçə gündən sonra Rusiya və Ermənistandan müsbət nəticələr gəlməsə, hücum əməliyyatlarına başlaya bilər. İlk növbədə artıq Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır. Türkiyə bazası ilk növbədə Gəncəbasar bölgəsində yerləşdirilməlidir. Çünki bu gün Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarışısını ciddi şəkildə alır. Həmçinin, bu, Qarabağda üçüncü ölkələrin hərbçilərinin iştirakına sədd çəkib”.

Vazeh BƏHRAMOĞLU