“Azərbaycan-Türkiyə-Ukrayna hərbi əməkdaşlığı artıq regionda zərurətə çevrilib”

21

Ramil Məmmədli: “Hesab edirəm ki, Vladimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşma əldə olunacaq”

“Ukrayna yaxşı başa düşür ki, ərazisində mövcud olan problemlərin həllində Türkiyənin rolu ancaq müsbətə doğru, onun ərazi bütövlüyünün qorunmasına dair ola bilər”

Natiq Cəfərli: “Azərbaycanın Qarabağdakı uğurlarından sonra Moldova Dnestyanı bölgəsini, Ukrayna isə Donbası qaytaracaq”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bugünlərdə “BBC” Ukraynaya verdiyi müsabihəsində bildirib ki, ölkəsi Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək və yeni layihələr həyata keçirmək niyyətindədir: “Türkiyə və Ukraynanın ittifaqı hər iki ölkəyə və bölgəyə çox faydalı ola gətirə bilər. Ölkəmin Türkiyə ilə hərbi sahə daxil dərin strateji tərəfdaşlığı var. Türkiyədən SPUA (silahlı pilotsuz uçuş aparatı) aldıq. Bunlar gələcək üçün ümid bəxş edən layihələrdir. Biz işbirliyini inkişaf etdirmək və yeni layihələr həyata etmək istəyirik. Çünki Türkiyə və Ukraynanın ittifaqı həm iki ölkəyə, həm də bölgəyə çox fayda gətirə bilər. İki ölkənin strateji tərəfdaşlıqdan daha çoxunu həyata keçirmə potensialı var və bu yolda  irəliləyirik”.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə işgüzar səfər edib. Verilən məlumatlara görə, artıq prezidentlərin görüşü baş tutub. Qeyd olunur ki, danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri və aktual regional mövzularla beynəlxalq məsələlər müzakirə edib və bir sıra sənəd imzalanıb. Ukraynanın müdafiə naziri Andrey Taran isə deyib ki, imzalanması gözlənilən hərbi əməkdaşlığa dair saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.

“Artıq regiondakı dövlətlər Türkiyənin maraqlarını nəzərə alaraq, bəzi məsələləri onunla koordinasiya edirlər”

Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, qardaş Türkiyə artıq regional güc olmaq prosesini yekunlaşdırıb: “Bülə ki, artıq regiondakı dövlətlər Türkiyənin maraqlarını nəzərə alaraq, bəzi məsələləri onunla koordinasiya edirlər. Bundan başqa, hərbi sahədə problemləri olan ölkələr Türkiyə ilə əməkdaşlığı dərinləşdirərək, müəyyən dəstək almağa çalışırlar. Onlardan biri də Ukraynadır. Qeyd edim ki, hələ Poroşenkonun prezidentlik dövründə artıq Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalanmışdı. Məhz bunun nəticəsidir ki, Ukrayna son illərdə Türkiyədən bir sıra hərbi təyinatlı məhsullar əldə edib. Bunlardan da biri silahlı pilotsuz uçuş aparatları – “Bayraqdar”dır. Hərbi dəstəklə bağlı məsələyə gəlincə, Ukrayna başa düşür ki, regionda hərbi əməkdaşlığın formalaşdırılması, dərinləşdirilməsi və lazım gəldikdə dəstəyin göstərilməsi üçün ən optimal ölkə məhz Türkiyədir. Çünki Türkiyə artıq regionda ədalətli və sülhün bərqərar olunması prosesində yaxından iştirak edir. Bu prosesdə isə Türkiyəyə dəstək verən müttəfiq NATO ölkələri, xüsusən də ABŞ var”. Bunun bir reallıq olduğunu və ABŞ-ın bu məsələdə Türkiyəyə dəstəyinin hiss olunduğunu deyən hərbi-siyasi icmalçının sözlərinə görə, Vladimir Zelenskinin qardaş ölkəyə səfəri çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsinə dair əlavə razılaşma əldə olunacaq: “Ukrayna yaxşı başa düşür ki, ərazisində mövcud olan problemlərin həllində Türkiyənin rolu ancaq müsbətə doğru, Ukraynanın ərazi bütövlüyünün qorunmasına dair ola bilər. Bu səbəbdən də Kiyev artıq Azərbaycan-Türkiyə münasibətlərinin praktikasından istifadə etmək istəyir. Yəqin ki, Ukrayna bu prosesi davam etdirəcək. Hesab edirəm ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində təkcə hərbi-texniki deyil, hərbi əməkdaşlığın dərinləşdirilməsinə dair əlavə razılaşma əldə olunacaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ukrayna ilə Azərbaycan və Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair kifayət qədər sənədlər var. Odur ki, gələcəkdə ola bilər ki, bu prosesi genişləndirərək, üçtərəfli, yəni Azərbaycan-Türkiyə-Ukrayna birgə əməkdaşlığı qurula bilər. Çünki Azərbaycan-Türkiyə-Ukrayna hərbi və hərbi sənaye sahəsində əməkdaşlığı artıq regionda zərurətə çevrilib. Nəzərə almaq lazımdır ki, Türkiyə hərbi sənayesi inkişaf etməkdə olan hərbi sənayedir. Lakin Ukraynanın hərbi sənaye kompleksi uzun illərdir mövcuddur və kifayət qədər mütəxəssisləri var. Odur ki, həm Azərbaycan, həm Ukrayna, həm də Türkiyənin hərbi sənaye sahəsindəki mütəxəssislərinin təcrübə mübadiləsinin həyata keçirilməsi, əməkdaşlığın genişləndirilməsi hər üç ölkənin bu sahədə inkişafa nail olmasına təkan verə bilər”.

“Biz bacarsaq, ərazi bütövlüyümüzü tam bərpa edib müstəqilliyimizi möhkəmlətsək, bütün post-sovet məkanı üçün ümid yeri, mayak rolu oynayacağıq”

“Hürriyyət”in məlumatına görə, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu qənaətədir ki, Azərbaycanın Qarabağdakı uğurlarından sonra Moldova Dnestyanı bölgəsini, Ukrayna isə Donbası qaytaracaq: “Rusiya kanalları açıq-açıq keçmiş sovet respublikalarını öz “arxa baxçası” adlandırır, Rusiya imperiyasının bərpa edilməsinin vacibliyini vurğulayırlar. Sonra da deyinirlər ki, niyə keçmiş SSRİ respublikaları Moskvadan qaçıb canlarını qurtarmaq istəyirlər, əsəbləşirlər ki, nədən keçmiş sovet respublikaları Qərbə üz tutmağa çalışırlar. Doğrudur, Qərb də süddən çıxmış ağ qaşıq deyil, amma heç olmasa onlar bir əlində kökə, digər əlində qamçı saxlayır, Kreml isə hər iki əlinə zopa alıb ya qorxudur, ya saldırır. Bizim müqəddəs Qarabağ savaşımız post-sovet məkanı üçün də çox vacib əməliyyatdır. Biz bacarsaq, ərazi bütövlüyümüzü tam bərpa edib müstəqilliyimizi möhkəmlətsək, bütün post-sovet məkanı üçün ümid yeri, mayak rolu oynayacağıq. Bizim uğurlardan sonra Moldova Dnestyanı bölgəsini, Ukrayna Donbası qaytaracaq. Sonra Gürcüsran da ərazi bütövlüyünü federativ də olsa, bərpa edəcək. Əgər Qərbin daxili məsələmizə – işğaldan təmizləmə əməliyyatına qarışmadığını nəzərə alsaq (qarışmırlar, ya da İsrail və Türkiyə vasitəsi ilə dolayı dəstək olurlar), o zaman maraqlı vəziyyət yaranacaq. Qarabağın Azərbaycana qovuşması nəticəsində Ermənistan Kremldən küsub tam üz çevirəcək, Qərbə daha yaxın olacaq, Azərbaycan da avtomatik Qərblə daha sıx əməkdaşlığa gedəcək. Beləliklə də bölgəmizin və post-sovet məkanının Kremlin imperiya təhdidlərindən qurtulması üçün şans yaranacaq. Nəticə etibarı ilə Cənubi Qafqaz daha çağdaş, daha demokratik bölgəyə çevriləcək”.

Vazeh BƏHRAMOĞLU