Azərbaycan – Türkiyə düşmənə qarşı yeni cəbhədə: Ortaq Media Platformu

123

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkədə mühüm razılaşmalara imza atdı

Azərbaycanla Türkiyə münasibətlərində tarixdə heç vaxt olmadığı qədər bir yaxınlaşma, bütün istiqamətlər üzrə sıx müttəfiqlik prosesi müşahidə olunur. “Yeni Müsavat” xəbər verir ki, Tovuz döyüşlərində Azərbaycana verdiyi hərtərəfli siyasi dəstəklə sürətlənən bu əlaqələr indi yeni mərhələyə daxil olur.

Əvvəlcə 11 min türk hərbçisinin ölkəmizə gəlişi və birgə təlimlərin başlaması, ardınca Türkiyənin milli müdafiə naziri Hulusi Akarın və generalitetin Bakıya səfəri, prezident İlham Əliyevlə görüşdə səslənən qarşılıqlı xoş fikirlər, həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun qardaş ölkəyə gedişi münasibətlərdə yüksəliş dövründən xəbər verirdi. Eyni zamanda Türkiyə hərbi rəhbərliyinin bütün təhlükələrə qarşı Azərbaycanın yanında olacaqlarını bəyan etməsi də beynəlxalq aləmə mesaj idi. Rəsmi Bakı da sinxron mövqe sərgiləməkdədir. Xüsusən dövlət başçısının Aralıq dənizində yaranmış gərginlik və Türkiyənin sıxışdırılması ilə bağlı yunan səfirinə açıq şəkildə dedikləri göstərdi ki,  iki ölkə arasında xarici siyasətdə bir uzlaşma var. Ancaq bütün bu hadisələr siyasi-hərbi müstəvidə məhdudlaşmadı, indi də birgə informasiya siyasəti yürüdüləcək.

Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir  (FOTO)

Sentyabrın 7-də Türkiyə ilə Azərbaycan arasında imzalanan mühüm saziş – Ortaq Media Platformu yaradılması yeni perspektivdən xəbər verir. Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunun görüşündən sonra Media Platformasının yaradılması üçün razılığa gəlinib. Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Birinci vitse-prezidentin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.

Ölkənin bütün rəsmi informasiya siyasətinin rəhbərlərinin bu tərkibə daxil olması razılaşmanın önəmini təsdiq edir.

Bəs informasiya siyasətində belə bir ciddi uzlaşma bizə nə verəcək, onun siyasi anlamı, töhfəsi nədən ibarətdir?

Sabir Rüstəmxanlı dairəsini DƏYİŞDİ - modern.az

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yaxınlaşmalar, atılan addımlar, bağlanan sazişlər alqışlanmalıdır. Onun sözlərinə görə, təhsildən iqtisadi münasibətlərə, elmi-mədəni əlaqələrə qədər, bir sözlə, həyatın bütün sahələrini əhatə edən yaxınlaşmalar olmalıdır: “Çünki bu yaxınlaşmalar iki dövlətdə yaşayan bir millətin tale, gələcək məsələsidir. Ona görə media sahəsində ümumi platformanın yaradılması irəliyə doğru bir addımdır. Müstəqillikdən sonra bir çox sahələrdə ikitərəfli münasibətlərdə xeyli işlər görülsə də, həm Azərbaycan, həm Türkiyə bir-birinin televiziyalarına baxsa da, mətbuat, sosial şəbəkə seqmentində bu işlər qurulmayıb. Bu gün Moskva qəzetləri ala bilərik, amma Türkiyə qəzetləri əldə etmək mümkün deyil. Məsələn, rus kitab evi var, türk kitab evi də olmalıdır. Arxayınıq ki, bizi Türkiyədə yaxşı tanıyırlar, amma qardaş ölkədə Azərbaycan ədəbiyyatı kifayət qədər tanınmır, mətbuatımızda gedən proseslər dərindən izlənmir. Ona görə bu işlər yüksək səviyyədə qurulmalıdır”.

Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir »  Nezermedia.az

Onun sözlərinə görə, düşmənlərimiz ortaqdır, tariximizi saxtalaşdırmağa, bugünkü həyatımıza kölgə salmağa çalışırlar: “Bütün bunlara qarşı ictimai fikrin paralel aparılması lazımdır və yeni Media Platforması bu imkanı yaradır. Çünki erməni mətbuatı təkcə Azərbaycanı yox, Türkiyə tarixini də saxtalaşdırır, uydurma soyqırımı hər yerdə təbliğ edir, qondarma genosidi tanıtmağa çalışır və Türkiyəyə dünyada problemlər yaradır. Bu baxımdan bizə bir hədəf kimi baxırlar və iki qardaş ölkə informasiya siyasətində də birgə addımlar atmalıdır”.

Qulu Məhərrəmli: “Dilçiliklə məşğul olan qara fəhləyik” - MÜSAHİBƏ -  modern.az

Telejurnalist, professor Qulu Məhərrəmlinin sözlərinə görə, son illərdə bir neçə dəfə Türkiyə – Azərbaycan arasında birgə platforması yaradılması, türkdilli ölkələrin informasiya agentliyinin təsis olunması, ümumi telekanal açılması müzakirə olunub: “Amma budəfəki heyətə baxanda bəlli siyasət şəklində görünür. Çünki yüksək vəzifəli insanlar, media qurumlarının rəhbərləri, media siyasəti ilə məşğul olan insanlar Türkiyədə danışıqlarda iştirak edirlər. Bunun arxasında iş görünür. Azərbaycanın Türkiyənin media təcrübəsini öyrənməsi, birgə platforma yaratması müsbət hadisədir. Son illərdə bizə Rusiya təcrübəsi sırınırdı, onlardan fərqli olaraq Türkiyə mediası plüralistdir, demokratik dəyərlərə söykənir. Sözsüz ki, onların da problemləri var, amma plüralist mediadır”.

Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir  (FOTO)

Q.Məhərrəmli hesab edir ki, bu platforma faydalı ola bilər: “Hər iki ölkə haqda dürüst məlumatlar almaq, ictimai müzakirələr aparmaq, Türkiyənin və Azərbaycanın siyasəti haqda hər iki ölkəni məlumatlandırmaq yaxşı olardı. Burada müəyyən problemlər ortaya çıxa bilər. Yaxınlığa baxmayaraq, dil fərqi, hadisələrə yanaşmada fərqlilik ola bilər. Bütün hallarda belə platformanın yaradılması Azərbaycan mediası üçün oksigen balıncı ola bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”