Azərbaycan sərt karantin rejiminə qayıdır

81

Metronun fəaliyyəti dayandırıldı, bütün təhsil müəssisələrində tətil elan olundu…

Dünən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminə keçidlə bağlı məlumat yayıb.

Operativ Qərargahdan verilən məlumata görə, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilmişdir:

“Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

– 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

– 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq”.

Operativ Qərargah brifinq keçirdi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah dünən koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq də keçirib.

Brifinqdə Operativ Qərargahın nümayəndələri – Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistləri maraqlandıran suallara cavab verib.

546 şagird, 186 müəllim koronavirusa yoluxub

Emin Əmrullayev deyib ki, gündəlik olaraq Təhsil Nazirliyində yoluxan müəllim və şagirdlər barədə statistika aparılır.

O bildirib ki, nazirlik, həmçinin bununla bağlı TƏBİB-dən də statistika əldə edir: “Bu günə qədər 636 şagird koronavirusa yoluxub. Bu şagirdlərin hamısı məktəbdə yoluxmayıb.

Cəmi 25 faiz şagird məktəbdə yoluxub. Digərləri ailələrində valideynləri xəstə olduğu üçün onlardan yoluxub. Bağlanmış siniflərin sayı artmağa başlayıb. Bir sinifdə 4-5 şagirdin yoluxması faktı qeydə alınmayıb”.

Nazir qeyd edib ki, sentyabrın 15-dən sonra müəllimlər arasında kütləvi yoluxmaya rast gəlinib: “Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə risk daha böyükdür. Amma bu, o demək deyil ki, rayonlarda yoluxma yoxdur. Quba rayonunda bir məktəb ən tez bağlanan məktəblərdəndir. Harda yaşamağımızdan asılı olmayaraq diqqətli olmalıyıq. Çalışmalıyıq ki, özümüzü qoruyaq”.

E.Əmrullayev qeyd edib ki, oktyabrın 15-nə olan məlumata görə, 546 şagird, 186 müəllim və texniki işçilər koronavirusa yoluxub.

Koronavirusun artması məktəblərin açılması ilə bağlıdır?

“Koronavirus xəstəliyinin artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil”. Bunu isə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, cəmiyyətdə koronavirusla bağlı rahatlıq yaranmışdı:

“Sentyabr ayının sonundan biz hamımız koronavirusla bağlı bir az arxayınlaşmışdıq. Ona görə də koronavirusun artmasını məktəblərin açılması ilə əlaqələndirmək olmaz”.

“Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi”

Yaqut Qarayeva deyib ki, payız-qış aylarında ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması gözlənilən idi.Onun sözlərinə görə, bu proses havaların soyuması ilə əlaqədardır: “Son vaxtlar yoluxma sayı 100 ətrafında olurdu. Amma biz buna arxayın olmamışdıq. Payız-qış mövsümündə respirator xəstəliklərin artması ilə əlaqədar virusun da aktivləşəcəyi gözləniləndir”.

“Bu vəziyyət bizim üçün ikinci cəbhənin açılması deməkdir”

“Biz əsgərlərimizin qulluğunda durmağa hazırıq, amma bunun üçün bizə cəmiyyətimizin də dəstəyi lazımdır”, – deyən TƏBİB-in nümayəndəsi xatırlatdı ki, srağagün Azərbaycanda 530 yeni yoluxma halı qeydə alınmışdı, bu da avqustun ortasından indiyə qədər ən böyük rəqəmdir: “Biz gözləməməliyik ki, rəqəmlər daha da artsın, biz tədbirlər görməliyik.

28 sentyabrdan etibarən tibb işçiləri cəbhə bölgəsində əsgərlərimizə xidmət göstərirlər. Bu baxımdan bizim cəmiyyətimizdən istəyimiz odur ki, diqqətli olsunlar, çünki bu vəziyyətdə bizim üçün ikinci cəbhənin açılması deməkdir. Koronavirusla mübarizə ordumuza dəstəkdir, qələbəyə dəstəkdir. Biz kütləvi tədbirlərdən uzaq durmalıyıq, qoruyucu maskalardan istifadə etməliyik, ara məsafəsi saxalayaq və bu şəkildə qələbəmizə dəstək olaq”.

“Reanimasiya şöbələrində 113 xəstə müalicə, 16-sı süni tənəffüs aparatına qoşulub”

Yaqut Qarayevanın sözlərinə görə, hazırda xəstəxanalarda reanimasiya şöbələrində 113 xəstə müalicə alır. Onların 16-sı süni tənəffüs aparatına qoşulub.

Y.Qarayeva əlavə edib ki, son zamanlar dünyada, xüsusilə bir çox Avropa ölkələrində karantin qaydaları yenidən sərtləşdirilir.

Azərbaycan Rusiyadan peyvənd gətirəcək?

Y.Qarayeva bildirib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.

Onun sözlərinə görə, hələ dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitirsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun: “Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”.

Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva bildirib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.

Hazırladı: İ.SABİRQIZI