Azərbaycan səfirliyi Almaniya KİV-inə müraciət etdi

96

Azərbaycanın Almaniyadakı səfirliyi yerli kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Səfirlikdən verilən məlumata görə, müraciətdə son zamanlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində həyata keçirdiyi növbəti hərbi təxribatları ilə bağlı Almaniya KİV-də çoxsaylı məlumatlar və məqalələrin dərc olunduğu, habelə reportajların yayımlandığı bildirilib.

Qeyd olunub ki, dərc olunan məlumatlar və yayımlanan reportajların bəzilərində Azərbaycanın “müsəlman”, Ermənistanın isə “xristian” olması xüsusilə qabardılıb, nəticədə oxucu və ya tamaşaçıda süni olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sanki dini zəmində baş verən münaqişə olması təəssüratı yaradılmasına cəhd edilib.

Müraciətdə sözügedən münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yaranmış dövlətlərarası münaqişə olması, habelə bütün tanınmış alman ekspertlərinin də bu faktı qəbul etməsi media mənsublarının diqqətinə çatdırılıb. Həmçinin qeyd olunub ki, dərc olunan və yayımlanan məlumatların bəzilərində guya “Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi” kimi yanlış informasiya öz əksini tapıb.

Müraciətdə bunun tarixi həqiqətlə tamamilə ziddiyyət təşkil etdiyi, sözügedən bölgənin həmişə Azərbaycana məxsus olması tarixi faktlarla əsaslandırılıb. Media nümayəndələrinə peşəkar fəaliyyətləri zamanı faktların diqqətlə araşdırılmasına, obyektiv jurnalistika meyarlarına əməl olunmasına və sözügedən məqamların nəzərə alınmasına dair çağırış edilib.

Müraciətdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi askpektləri, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi son hərbi təxribatlar barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə dair xəritə təqdim olunub.