Azərbaycan Rusiya istehsalı olan silahların alışından imtina edə bilərmi?

69

Ramil Məmmədli: “Yəqin ki, müharibədən sonra Rusiya ilə hərbi sənaye, hərbi-texniki sahəsində əməkdaşlığa yenidən baxılacaq və bu məsələ ilə bağlı alternativ variantlara üstünlük veriləcək”

“Fikrimcə, artıq Rusiya istehsalı olan tanklara və zirehli transpartyorlara o qədər də ehtiyac yoxdur”

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bugünlərdə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə olduqca maraqlı fikirlər səsləndirib. Belə ki, “Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq” deyən prezident qeyd edib ki, bu döyüşlərdən, yəni ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir: “Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik”.

Ali Baş Komandan onu da bildirib ki, bu döyüşlər bizim üçün böyük təcrübədir: “Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək”.

Beləliklə, ölkə başçısının çıxışında aydın şəkildə görünür ki, bu gün ordumuzun ixtiyarında olan bəzi silahlar müasir döyüşlərin tələblərinə cavab vermir. Qeyd edək ki, onların böyük bir hissəsi məhz Rusiya istehsalıdır. Əksinə, PUA-lar “pilotsuz uçan aparatlar) isə işğal altında olan torpaqlarımızın azad edilməsində əhəmiyyətli və belə demək mümkündürsə, əvəzedilməz rola malidir. Bunu yalnız biz yox, artıq amerikalı generallar da bəyan edirlər. Məsələn, ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan ordusunun PUA-lardan aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir: “İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik. Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir. Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir. Hazırda biz havada üstünlüyə malikik. Amma gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir”.

İkinci Qarabağ savaşı Rusiya silahlarının potensial alıcıları üçün ciddi mesajdır…

Bir neçə gün əvvəl məhz bu mövzuya toxunan “Nezavisimaya qazeta”nın yazarı Mixail Sergeyev isə hesab edir ki, Dağlıq Qarabağdakı döyüşlər Rusiya silahlarının potensial alıcıları üçün vacib məlumatlar verib. Beləcə, strateq.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, zirehli maşınlara və nəqliyyat vasitələrinə qarşı ən təsirli alət dronlar olub. Sovet dövründə yaradılan hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi barədə məlumatlar var. Hər iki tərəf hərbi texnika itkisinə məruz qalıb. Ancaq əvvəllər münaqişənin qarşısını almaq və çəkindirmək məqsədləri ilə izah edilən Ermənistana və Azərbaycana simmetrik silah tədarükünü bərpa etmək Rusiya üçün çox çətin olacaq. Hərbi müşahidəçi Aleksandr Qolts isə bildirib ki, Azərbaycan Rusiya hərbi təchizatı üçün çox gəlirli bir müştəri idi. Eyni zamanda, Bakı, İrəvandan fərqli olaraq, silahları Rusiya kreditləri ilə deyil, real pulla alırdı. Qolts Rusiya silahlarının Azərbaycana ən yüksək tədarükünü 1 milyard dollar olaraq qiymətləndirir. İndi belə imkanlar, tezliklə ortaya çıxmayacaq. Sovet İttifaqı dövründə hazırlanmış Rusiya silah ixracatı üçün başqa bir məhdudiyyət pilotsuz təyyarələrin yüksək səmərəliliyindən irəli gəlir. Hava hücumundan müdafiə sistemləri modelləri dronların olmadığı zaman yaradılıb: “Xarici alıcılar pilotsuz təyyarələrə müqavimət göstərməyi bacaran yenilənmiş və ya ən yeni hava hücumundan müdafiə sistemləri ilə maraqlanacaqlar. Bundan əlavə, potensial alıcıların qısa və orta mənzilli hava hücumundan müdafiə vasitələri almaları lazım olacaq”.

“Bu müharibə göstərdi ki, artıq müasir döyüşün qaydaları dəyişib, odur ki, tank və zirehli transpartyorlardan istifadə o qədər də əhəmiyyətli, effektli deyil”

Mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Ali Baş Komandanın çıxışında hərbi arsenalımızda olan bəzi silahlarla əlaqədar qeyd etdiyi fikirləri istənilən formada təhlil etmək olar: “Məsələ burasındadır ki, müasir döyüşlərdə istifadə olunan silah və texnika ilə bağlı tələbatlar, əvvəlcədən yox, məhz proses başlayanda bəlli olur. Çünki qarşı tərəfin istifadə etdiyi texnika və ona adekvat istifadə olunacaq texnikanı öncədən bilmək olmur. Ümumilikdə götürsək, bu müharibə də göstərdi ki, artıq müasir döyüşün qaydaları dəyişib. Yəni bəlli oldu ki, tank və zirehli transpartyorlardan istifadə o qədər də əhəmiyyətli, effektli deyil. Əksinə, MRAP tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri daha rentabellidir. Çünki hücumda olan qoşun üçün minalanmış əraziləri keçmək çox vacib mərhələdir. Odur ki, bu mərhələdə MRAP tipli maşınlar daha effektli nəticə göstərir. Yəqin ki, Ali Baş Komandanın çıxışında qeyd etdiyi fikirlərdə əsas istiqamət effektiv olmayan texnika və texnologiyadan istifadə olunmamasıyla bağlıdır. Odur ki, sırf lazım olan, hücumda istifadə oluna biləcək texnikalara üstünlük verilməlidir”.

“Rusiyanın hərbi texnologiyasında xüsusi elə bir texnika yoxdur ki, onu biz hardansa başqa yerdən ala bilməyək”

Hərbi-siyasi icmalçının qənaətincə, müharibədən sonra ordunun artıq hansı texnikaları satın aldığını, hansılardan isə imtina etdiyini gördükdə bu barədə daha geniş şərh vermək mümkün olacaq: “Onu da qeyd etdim ki, Rusiyanın Ermənistanı silahlandırması, hətta Gümrüdəki hərbi bazasından Ermənistana silah-sursat, texnikaların verilməsi, təbii ki, Azərbaycan rəhbərliyi, ölkənin hərbi komandanlığı tərəfindən mənfi qarşılanır. Yəqin ki, bu müharibədən sonra artıq Rusiya ilə hərbi sənaye, hərbi-texniki sahəsində əməkdaşlığa yenidən baxılacaq və bu məsələ ilə bağlı alternativ variantlara üstünlük veriləcək. Bir məqamı da qeyd edim ki, Rusiyanın hərbi texnologiyasında xüsusi elə bir texnika yoxdur ki, onu biz hardansa başqa yerdən ala bilməyək. Yəni bunu həm Qərbi Avropa, həm Asiya ölkələrindən, həm də Türkiyədən almaq mümkündür. Digər tərəfdən, fikrimcə, artıq Rusiya istehsalı olan tanklara və zirehli transpartyorlara o qədər də ehtiyac yoxdur. Çünki bu müharibə onu göstərdi ki, mobil, sürətli və minadan qorumalı təkərli nəqliyyat vasitələri manevri az olan T-90 və T-72 tanklarından daha effektivdir”.

Vazeh BƏHRAMOĞLU