Azərbaycan-Rusiya iqtisadi əlaqələri genişlənir – detallar

54

Qarşılıqlı ticarət, turizm sahəsində sürətli gəlişmə var

Azərbaycanda Rusiya kapitallı növbəti müəssisə – Pirallahı Sənaye Parkında yerləşən əczaçılıq zavodu fəaliyyətə başlayıb.

“R-Pharm” şirkətinin dərmanların qablaşdırılması və istehsalı zavodunun tikinti işlərinə 2019-cu ilin iyul ayında start verilib. Tikinti şirkəti olaraq Azərbaycanın “North West Construction” şirkəti seçilib. Zavodun ümumi sahəsi 5.7 min kvadratmetrdir. Ümumilikdə müəssisə 4.6 hektar ərazini tutur.

Rəsmi məlumata görə, zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edir. Zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Bu, onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemləri təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar olacaq.

North West Construction — Vikipediya

Zavodun tikintisinə hazırlıq işləri 2016-cı ildən başlanıb. Həmin il “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiyanın “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılan “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” 10 fauz, “Vita-A” və “AR-Pharm” isə hər biri 45 faiz iştirak payına malikdir. “Hayat Pharm” şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.

Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin isehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisə laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-dək daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında artıq bir müəssisə – “Diamed Co” MMC fəaliyyət göstərir.

Onu da bildirək ki, Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkədə xarici kapitalı olan bütün şirkətlərin 10 faizini təşkil edir.

Azərbaycanla Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələr sürətlə inkişaf edir. Bu gün Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45 faizi Azərbaycanın payına düşür

İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub.

İki ölkə arasında əlaqələr nəqliyyat və digər tranzit infrastrukturunun şaxələnməsinə də təkan verir.

Qərbi Avropanı Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya və Azərbaycanın əməkdaşlığı şəraitində mümkün olub. Bu dəhliz istər şimaldan cənuba daşınan, istərsə də şimaldan Avropaya gedən yüklərin çatdırılmasına xidmət edir. Bu layihənin uğurla realizə olunması sayəsində yükdaşımaların həcmi səkkiz dəfə artıb.

İndiyədək iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş imzalanıb. 2018-ci ildə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu sənəd proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir.  Planda əksini tapan 5 “yol xəritəsi” ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.

Hacıqabul Sənaye Məhəlləsində Rusiya şirkətinin İzolyasiya Materiallarının İstehsalı  Zavodunun təməli qoyulub VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Eyni zamanda iki ölkənin birgə yaratdığı müəssisələrin sayı artır. “R-Farm” dərman istehsalı zavodu, “Penopleks” izolyasiya materialı istehsalı zavodu, “Mi” helikopterlərinin təmiri və texniki xidməti üçün xidmət mərkəzi bu müəssisələrdən bir neçəsidir.

2019-cu il dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında imzalanan sənədlər də iki ölkə arasında iqtisadi sahədə əlaqələrin dərinləşdiyini göstərir. Belə ki, 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları strateji xarakter daşıyır. Bu sahələrin inkişafının təşviqi hər iki ölkənin strateji prioritetləri sırasındadır.

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət əlaqələrinin həcmi sürətlə artır. Belə ki, 2018-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2 milyard 550 milyon 906 min dollar təşkil edib. Bunun 665 mioyon 741.42  min dolları Rusiyaya ixracın, 1 milyard 885 milyn 164.65 min dolları oradan idxalımızın payına düşüb. 2019-cu ildə qarşılıqlı ticarət dövriyyəmizin həcmi 3 milyard 22 milyon 46 min dollara çatıb. Bunun 731 milyon 826.20  min dolları ixracımızın, 2 milyard 290 milyon 219.80  min dolları isə Rusiyadan idxalımızın payıdır.

Maraqlıdır ki, koronavirus pandemiyasına görə tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində cüzi azalma müşahidə olunur. Belə ki, bu ilin 9 ayında qarşılıqlı ticarətimiz 1 milyard 939 milyon 170,1 min dollar (ötən ilin eyni dövründə 2 milyard 104 milyon 562,18 min dollar) təşkil edib. Müsbət haldır ki, bu il Rusiyaya ixracımızda cüzi də olsa artım qeydə alınıb: ötən ilin 9 ayındakı 499 milyon 151,17 min dollara qarşı bu ilin eyni dövründə 499 milyon 779,13 min dollar olub. Bu il qarşılıqlı ticarətdə əsas azalma Rusiyadan idxalımızın hesabına baş verib.

Yeri gəlmişkən, Rusiyaya Azərbaycandan əsasən qeyri-neft, daha dəqiqi, kənd təsərrüfatı məhsulları ixrac olunur. Rusiya bazarı Azərbaycanın aqrar məhsullarının əsas satış məkanıdır – ümumilikdə ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının 90 faizdən yuxarısı bu bazarda satılır. Bu isə Rusiya ilə iqtisadi əlaqələrin inkişafının Azərbaycanın aqrar sektoru üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Rusiyadan idxalımıza gəlincə, burada hərbi xarakterli, həmçinin ərzaq məhsulları üstünlük təşkil edir. Belə ki, son 5 ildə Azərbaycan buğda idxalının 95 faizdən yuxarısını bu ölkədən reallaşdırır.

Qarşılıqlı əlaqələrdə turizmin rolu da getdikcə artır. Belə ki, son illərdə Rusiyadan Azərbaycana turist axınının sürətlə artması müşahidə olunur. Rəsmi məlumata əsasən, 2018-ci ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı 878 min nəfər, 2017-ci ildə 853 min nəfər, 2016-cı ildə 742 min nəfər, 2015-ci ildə isə 685 min nəfər təşkil edib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4 faizini  – 932 min nəfərdən çoxunu Rusiyadan gələnlər təşkil edib.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”