“Azərbaycan rusdilli təhsildən imtina etsə, kifayət qədər problemlər yarana bilər” – TƏHSİL EKSPERTİ

63

Sentyabrın 1-dən Ukraynada bütün rusdilli məktəblərdə təhsil ukrayna dilində tədris olunacaq.  Bundan öncə isə Ukraynada rusdilli məktəblərin fəaliyyəti qadağan edilib. İndiyə qədər ölkə ərzisində 125 rusdilli məktəb fəaliyyət göstərib. Görəsən, Azərbaycanda da rusdilli məkətblərin fəaliyyəti dayandırıla bilərmi? Mövzuyla bağlı təhsil eksperti Kamran Əsədovla danışdıq. O Hurriyyet.org-a açıqlamasında, Azərbaycanda rusdilli təhsildən imtinanın, kifayət qədər problemlər yarada biləcəyini deyib:

“Keçmiş MDB ölkələrinin bir çoxu rusdilli tədrisdən imtina edib. Belə bir təcrübə çoxdan var. Ukraynada 2017-ci ildə ibtidai siniflərdə, hazırda isə tamamilə rusdilli tədrisdən imtina etdilər. Gürcüstan da belə bir addımı atıb. Ümumiyyətlə, hər bir qərar siyasi məqsəd daşıyır.  Amma, bunun ölkə vətəndaşlarının təhsilalma hüquqlarının məhdudlaşdırılması kimi də başa düşmək lazımdır. Digər tərəfdən, Ukraynda təhsil alan ölkə vətəndaşlarının 40 faizi rusdilliydi. Azərbaycanda rusdilli təhsil alanlar, ümumi təhsil alanların beş faizini təşkil etmir. Bu il orta ümumtəhsil məktəblərinin birinci sinifinə 165000 uşaq gedir, 15000-i rus bölməsində təhsil alacaq. Təbii ki, bu bizim üçün hər hansısa təhlükə və yaxud problem yarada bilməz. Azərbaycan Respublikasının Konstutsiyasına görə, hər kəs təhsilalma hüququna malikdir və bununla bağlı dövlətin öhdəliyi var. Azərbaycanda da kifayət qədər rusdilli vətəndaşlarımız var. Onlar, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olurlarsa, deməli oxuya da bilər. Bu təhsilalma hüququnun məhdudlaşdırılması ola bilməz. Azərbaycanda belə bir addımın atılması gözlənilmir və gözlənilsə də bu xoş bir mənzərə ola bilməz. Müəyyən qədər təklif etmişik ki, ibtidai siniflərdə olan uşaqlar yalnız Azərbaycan dilində təhsil alsın, ondan sonrakı pillərdə isə  rus bölməsində oxusunlar. Yəni, baza Azərbaycan dilində olmalıdır. Birmənalı olaraq, tamamilə rus bölməsindən imtina, bizə kifayət qədər problemlər yarada bilər. Çünki, bizim ədəbiyyat çatışmazlığımız var. Bu addımın atılmasını məqbul hesab etmirəm”.

YƏHYA