Azərbaycan qazı Yunanıstan istehlakçılarına çatdırıldı

699

Xəzər dənizin Azərbaycan sektorundan hasil edilən və Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazı artıq Yunanıstan istehlakçılarına çatdırılıb.

“Report”un Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, artıq ilk Azərbaycan qazının Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DEPA ilə Yunanıstan istehlakçılarına ötürülməsi uğurla həyata keçirilib.

Bildirilir ki, TAP layihəsinin reallaşdırılması və DEPA ilə müqavilənin bağlanması sayəsində Yunanıstan özünün Cənubi Qaz Dəhlizinə qoşulması və Avropanın təbii qaz mənbələri və marşrutlarının şaxələndirilməsinin gücləndirilməsi üçün Avropa İttifaqının strateji layihəsindəki iştirakını möhkəmləndirib.

DEPA qaz nəqli şirkətinin baş direktoru Konstantinos Ksifaras bildirib ki, kommersiya tədarükünün başlanılması ilə Yunanıstan rəqabətli bir qiymətə təbii qaz əldə edərək tədarükünü daha da artırır və bundan əsas faydalananlar da istehlakçılardır. Onun sözlərinə görə, TAP boru kəmərindən tədarükün başlanması DEPA-nın özü üçün bir mərhələdir: “Bu, şirkətin Yunanıstandakı Xəzər qazına çatmaq üçün yeddi ildən çox müddətdə göstərdiyi səylərin zirvəsidir. Çünki, bu boru kəməri xüsusilə rəqabətli qiymətlərlə yeni böyük bir tədarük mənbəyi təklif edir”.

O qeyd edib ki, Xəzər qazının daxili bazarda rəqabəti artıracaq və qiymətlərin daha da dəyişməsinə səbəb olacağı təxmin edilir: “Əsas faydalananlar son istehlakçılar, yəni ölkənin sənayesi, ev təsərrüfatları və müəssisələri olmaqla bütövlükdə Yunanıstan iqtisadiyyatıdır”.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi – TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.