“Azərbaycan Qarabağı azad etmirsə, demək, azad etmək istəmir” Sərdar Cəlaloğlu: “Mən İlham Əliyevi xalqla müttəfiq olmağa və Dağlıq Qarabağı azad etməyə çağırıram”

177

 

“Qarabağın azad edilməsi məsələsində İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəyimizi bildirirəm”

“Adamlar gedib Ramiz Mehdiyevin evinin qarşısında etiraz etməli, mitinqlər keçirməlidirlər…”

“Paşinyana verilən suallar Qərbin ona öz yerini göstərməsi deməkdir”

“Tovuza erməni-rus birləşmələrinin hücumu faktiki olaraq ABŞ, Avropa, Türkiyə, İsrail və Azərbaycana birlikdə hücum deməkdir”

“Paşinyan deyir ki, Azərbaycan Ermənistan qarşısında kapitulyasiya aktına qol çəkməlidir və Ermənistanın bütün şərtlərini qəbul etməlidir. Görün hətta nə qədər qudurub ki, deyir, biz Azərbaycan ərazisindən keçən transmilli layihələri Azərbaycandan daha yaxşı qoruya bilərik. Yəni Tovuzu işğal edək, kəmərlərin keçdiyi ərazini biz qoruyaq…”

Dağlıq Qarabağ münaqişəsinə xarici dövlətlərin baxışları uzun müddət ərzində ikili standartlar bucağından sərgilənib. Avqustun 14-də BBC-nin efirində yayımlanan “Hard talk” verilişində səslənən fikirlər isə tamam fərqli rakursdan idi və verilişdə qonaq qismində erməni baş nazir Paşinyan çıxış etsə də, Ermənistanın mövqeyinin ifşasında Azərbaycanın da başına gətirilənlər, ölkəmizin məruz qaldıqları, illərdir həlli uzanan Qarabağ münaqişəsi də işıqlandırıldı və bu, şok effekti yaratdı. Müsahibə və onun aydınlatdığı məqamlar barədə ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

– Məlum olduğu kimi, 2-3 gün əvvəl BBC-nin efirində “Hard talk” verilişində Stiven Sakurun aparıcılığı ilə Paşinyanın rəzaləti yaşandı. İlk olaraq bu barədə fikirlərinizi bilmək istərdik…

– Əvvəla onu deyim ki, ermənilərin Tovuza hücumu bundan əvvəlki işğalçı mahiyyətindən çox fərqlənir. Əvvəl bəhanə edirdilər ki, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqları pozulur, həmin zonada Ermənistana təhlükə var, Tovuza hücum artıq bu cür arqumentlərlə əsaslandırıla bilmədi. Bilirsiniz ki, Tovuz transnasional layihələrin keçdiyi ərazidir. Yəni faktiki olaraq Tovuza hücum Trampın “Türk axını”nın bağlanması ilə bağlı müraciətindən sonra həyata keçirlidiyinə görə, artıq birmənalı şəkildə aydın olur ki, ermənilərin bu hücumu Rusiyanın təhriki ilə baş verib. Bu, Azərbaycandan Avropaya gedən qaz və neft axınının qarşısını almaq üçün ən azı “Türk axını” üçün bir ödənc kimi nəzərdə tutulmuş bir əməliyyatdır. Bu da ilk növbədə Azərbaycandan daha çox, ölkəmizin qaz və neftindən güzəştsiz istifadə edən Avropa ölkələrinin maraqlarına ciddi zərbə vurur.

Digər tərəfdən, Azərbaycanda neft və qazın çıxarılma işləri BP tərəfindən aparılır. BP isə Böyük Britaniyanın şirkətidir. Onun Azərbaycanda milyardlarla kapitalı var. NATO-nun da əsasnaməsinə görə, bu investisiyalara təhlükə olacağı təqdirdə NATO işə qarışa bilər. Əslinə baxsan, Tovuza erməni-rus birləşmələrinin hücumu faktiki olaraq ABŞ, Avropa, Türkiyə, İsrail və Azərbaycana birlikdə hücum deməkdir. Əgər bu yalnız Azərbaycanın maraqları ilə bağlı olsaydı, xristian təəssübkeşliyi baxımından xristian dünyasının bu məsələyə etirazı olmayacaqdı. Bunu etiraf etmək lazımdır. Nə ABŞ, nə Avropa bu cür kəskin mövqe ortaya qoymayacaq və bu cür kəskin reaksiya verməyəcəkdi. Hücumdan dərhal sonra ABŞ-ın Ermənistanı işğalçı dövlət kimi tanıması məsələsi müzakirəyə çıxarıldı. Avropa ölkələri Ermənistanı qınadı və s. Eləcə də BBC-də Paşinyana verilən suallar və həmn sualların motivizasiyası da göstərir ki, əslində, BBC Ermənistanın Avropanın maraqlarına vurduğu zərbənin əvəzini çıxmaq istəyir və onu ifşa etmək istəyir ki, bu ölkə doğrudan da Rusiyanın əlində bir oyuncaqdır.

– Yəni biz BBC-nin ifşa mövqeyini Böyük Britaniyanın rəsmi mövqeyi saya bilərik?

– Təbii ki, BBC-nin mövqeyi tamamilə Britaniyanın mövqeyi kimi qeyd edilə bilməz. Amma Avropada belə bir şey var, Kütləvi İnformasiya Vasitələri, parlamentarlar, hökumətlər bir-biri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bizdəki kimi hakimiyyət mətbuatı ilə müxalifət mətbuatının düşmənçiliyi yoxdur. Hətta bizdə mətbuatla qanunverici orqanlar və icra strukturları arasında əlaqə yoxdur. Xaricdə demokratik institutlar və hakimiyyət orqanları iç-içədir. Vətəndaş cəmiyyətinin əsas prinsipi də budur ki, rəsmi dairələr ilə qeyri-rəsmi siyasi dairələr əməkdaşlıq etməlidir, dövlət və xalq maraqlarını qorumalıdır. Ona görə də BBC-nin bu müsahibəni alması və jurnalistin də o cür kəskin suallar verərək Paşinyanı pis vəziyyətə qoyması həm də İngiltərə hökumətinin maraqlarına uyğundur. Dediyim kimi, İngiltərə transmilli layihələrdə bizim ən böyük tərəfdaşlarımızdan biridir. Eləcə də Azərbaycanın qaz və neftindən İngiltərə və onun dostları istifadə edir. Xüsusilə nəzərə alsaq ki, bizim transmilli layihələrdə çıxarılan karbohidrogenin 42%-ni İsrail istifadə edir, İsrail isə Avropa və ABŞ üçün ən yaxın müttəfiqlərdən biridir, beləliklə, dövrə qapanmış olur.
Tovuza hücum ABŞ, Avropa və İsrailin maraqlarına çox böyük təhdid olduğu üçün, xüsusilə ABŞ və Avropanın Rusiyanı blokadaya aldığı bir şəraitdə Ermənistanın Rusiyanın əlində oyuncağa çevrilməsi və Rusiyanın Ermənistanı blokadadan qurtarması üçün addımlar atması Qərbin Ermənistana münasibətini dəyişdirdi. Dəyişdirməli idi də. Bunu da gözləmək lazımdır. Sadəcə olaraq Azərbaycanın xarici siyasəti olduqca bərbad bir vəziyyətdə olduğuna görə, biz bu yaranmış situasiyadan maksimim və Azərbaycanın xeyrinə istifadə edə bilmədik. Və çox güman ki, bundan sonra da yararlana bilməyəcəyik. Qərb isə öz maraqların hər şəkildə qoruyacağını bəyan edir və Paşinyana verilən suallar Qərbin ona öz yerini göstərməsi deməkdir.

– Müsahibənin gedişində Paşinyan bildirir ki, əsl sülh Azərbaycanın Ermənistanın sülh səylərinə qarşılıqlı cavab verdiyi halda ola bilər. Bu qarşılıqlı cavab nəyi nəzərdə tutur?

– Əvvəla Ermənistanın heç bir sülh səyi yoxdur. Ermənistan Azərbaycan ərazilərini rusların əli ilə işğal edib. Azərbaycana qarşı genosid siyasəti həyata keçirib. Azərbaycan mədəniyyətinə qarşı vandalizm hərəkətləri törədib. 1 milyondan artıq insanı öz dədə-baba torpaqlarından, eləcə də Ermənistanda yaşayan azərbaycanlıları yaşadıqları ərazilərdən çıxarıb. Etnik təmizləmə siyasəti aparıb. Yəni əgər biz Ermənistanın dırnaqarası “sülhsevər” fəaliyyətini beynəlxalq hüquqla qiymətləndirsək, əksinə ermənilər silsilə beynəlxalq cinayət edib… Çünki həm deportasiya, həm genosid, həm mədəniyyətə qarşı vandalizm hərəkətləri hamısı beynəlxalq cinayətdir. Ermənistan da seriya şəkilində bunların hamısını edib. Elə jurnalist də sual verdi ki, “Azərbaycanı qoyaq bir tərəfə, axı Tovuza hücumu siz etmişiniz. Bu sizin sülhsevər səyinizdən xəbər verir?”.

Paşinyan Azərbaycan ərazisində gəlib iclas keçirir, oğlu gəlib Qarabağda hərbi xidmət keçir. Bütün bunlar göstərir ki, Paşinyan siyasi demoqoqiya ilə məşğuldur. Təkcə Paşinyan yox, ermənilər siyasi demaqoqiya ilə məşğuldur. Özlərini xristian Qərbin şıltaq uşağı kimi aparır. Çox böyük ümidləri var ki, xristian olduqlarına görə cinayətləri ört-basdır olunacaq. Xristian olduqlarına görə dəstək alacaqlar. Amma bunlar qanmırlar ki, Qərbin maraqlarını tapdalayacaqları təqdirdə Ermənistan yox, istəyir 100 xristian dövləti olsun, onlar məhv ediləcəklər. Məsələn, Rusiya xristian dövlətidir, amma Qərbin ümumi maraqlarına zərbə vurduğuna görə ona qarşı hər cür addımlar atılır. Eləcə də digər xristian dövlətlər var ki, onlar Qərbin ümumi maraqlarına, ABŞ-ın maraqlarına qarşı hər hansı bir addım atırsa, ona qarşı hətta hərbi müdaxiləyə qədər kəskin tədbirlər görülür. Ermənilər bunu nəzərə almırlar, başa düşmürlər ki, bütün dünya bunların Rusiyanın əlində bir maşa olduğunu bilir. Müstəqil siyasət aparmırlar. Əslinə baxsan, Ermənistan siyasəti bölgədə Rusiya siyasətidir. Ermənistan adında bir dövlət yoxdur ki. Cəmi 200 ildir onlara burada dövlət yaradılıb. Ruslar da açıqca deyir ki, biz Azərbaycanı işğal edib, bu torpaqları Azərbaycandan alaraq, sizə vermişik. Bu baxımdan ermənilər öz mövcudluğu üçün Rusiyanın əmrlərini yerinə yetirməyə məcburdurlar. BBC-də verilən müsahibədən isə məlum oldu ki, Paşinyan heç gedən proseslərdən o qədər də xəbərdar deyil. Yəni mahiyyətini başa düşmür. Onun demaqoqluqla deməsi ki, guya Ermənistan sülhsevər siyasət aparır, bu da gülünc bir şeydir. Sakur da bu məqamda güldü və dedi ki, bu müharibələri siz aparırsınız, Azərbaycan yox.

O ki qaldı Ermənistanın digər tərəfdən “sülhsevər” siyasətinə, axırıncı bəyanatı göz önündədir. Paşinyan deyir ki, “əgər Azərbaycan qeyri-məhdud güzəştlərə hazır olarsa, biz danışıqlara hazırıq”. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Ermənistan nə istəsə Azərbaycan verməlidir. Yalnız bu halda danışıqlar hələ baş tuta bilər.

– Danışıqlar, yəni kapitulyasiyanın təsdiqi?..

– Bəli, kapitulyasiya. Biz o maddəni diplomatik dilə çevirsək, Paşinyan deyir ki, Azərbaycan Ermənistan qarşısında kapitulyasiya aktına qol çəkməlidir və Ermənistanın bütün şərtlərini qəbul etməlidir. Görün hətta nə qədər qudurub ki, deyir, biz Azərbaycan ərazisindən keçən transmilli layihələri Azərbaycandan daha yaxşı qoruya bilərik. Yəni Tovuzu işğal edək, kəmərlərin keçdiyi ərazini biz qoruyaq. Niyə? Çünki Azərbaycan bu layihələri kimdən qoruya bilmir? Rus-erməni birləşmələrindən. Bunlar da deyir ki, siz verin bizə, biz qoruyaq. Qərb də uşaq deyil, başa düşür ki, Rusiya məhz “Türk axını”nı işlətmək üçün Xəzərdən gedən yolları bağlamaq istəyir. Ən azı ona nəzarət etmək istəyir ki, “Türk axını”na icazə verilsin. Bütün dünya bilir ki, oyunun mahiyyəti bundan ibarətdir. Bunları siyasətçi olmayan adi uşaq da başa düşür ki, Paşinyanın dediklərinin arxasında hansı niyyətlər durur.

– Müsahibədə Sakura onu da deyir ki, Ermənistandan Qarabağa magistral çəkilməsi işğalın təsdiqidir…

– Bu, ilhaq adlanır. Bir adam ərazisini tutarsa, sonra onu özününkiləşdirərsə, bu, ilhaq adlanır. Ermənistan atəşkəs rejimindən istifadə edərək uzun illərdir ki, işğal etdiyi ərazilərdə ilhaq siyasəti aparır. Məsələn, orada kəndlər, şəhərlər salır, başqa yerlərdən insanlar köçürür, həm İrandan, həm Ermənistandan yol çəkib. Halbuki, Bişkek protokoluna görə atəşkəs rejimi şəraitində işğal olunmuş ərazilərdə hər hansı bir şəkildə mövqelərin möhkəmləndirilməsi yolverilməzdir. Minsk qrupu isə ona görə mövcuddur ki, Ermənistanın işğal etdiyi əraziləri ilhaq etməsinə Azərbaycan mane olmasın.

– Bütün bunlardaln sonra Azərbaycan nəyə görə Minsk Qrupundan imtina etmir?

– Əslinə baxsan, əvvəlki siyasi konyunkturada Azərbaycanın Minsk Qrupundan imtina etməsi çətin məsələ idi. Rusiya indikindən güclü idi və Rusiyanın da Minsk Qrupunda digər həmsədrlərlə münasibəti yaxşı idi. İndi isə ABŞ ilə düşmən kimidir. Ola bilməz ki, bir qrupda iki üzvün mövqeyi üst-üstə düşsün.

– Bu arada, danışıqları necə ilsə uzatmaq üçün Türkiyəni də Minsk qrupuna çəkmək planı var…

– Əvvəl Türkiyə proseslərə belə nüfuz etmək qabiliyyətinə malik deyildi. Yadınızdadırsa, Əbülfəz Elçibəy deyirdi ki, mən Kəlbəcəri işğaldan qurtarmaq üçün Türkiyədən bir vertolyot istədim, onu mənə vermədilər. Bu gün isə Türkiyə özünün bütün hərbi arsenalını və canlı qüvvəsini Azərbaycanın ixtiyarına verib. Eləcə də, bu azmış kimi, Pakistan özünün hərbi qüvvələrini Azərbaycanın öhdəsinə verməyə hazır olduğunu bəyan edib ki, Qarabağın azad edilməsində iştirak etsin. Bir vertolyotla Azərbaycanın işğalının qarşısını almaq istəyən Əbülfəz Elçibəylə müqayisədə dünyanın ən böyük güclərindən də güclü olan Türkiyənin hərbi arsenalından istifadə etmək imkanı olan hazırkı Azərbaycanın bunu etməməsi çox böyük şübhə doğurur. Mənə elə gəlir ki, Azərbaycan iqtidarının Qarabağı azad etməməsinin heç bir əsası yoxdur. Bildiyimiz kimi, Rusiyada vəziyyət olduqca ağırlaşıb. Rusiyanın daxilində Xabarovskla başlayan narazılıq artıq İrkutska, Başqıdrıstana da yayılıb. Dumanın ikinci ən böyük fraksiyası Jirinovskinin partiyası olan LDPR-in nümayəndəsi Furqalın həbs olunması ilə bağlı Jirinovski dünən Rusiya iqtidarının əleyhinə kəskin çıxışlar etid. “Yedinaya Rossiya”nı xəyanətdə və Rusiyanı dağıtmaqda ittiham etdi. Eləcə də Rusiyanın KİV-nə baxsanız görərsiniz ki, Putinin ölməsi, böyük cinayətlər törətməsi ilə bağlı xəbərlər yayımlanlr. Rusların böyük əksəriyyəti Putinin əleyhinədir. Heç bir internet televiziyasında Putini müdafiə edən mövqe yoxdur. Digər tərəfdən Belorusiyada vəziyyət qarışıb. Rusiya da o prosesə qoşula bilər. Ukrayna ilə müharibə vəziyyətindədir. Yəni Rusiya son 30 ildə bu günki qədər zəif vəziyyətə düşməyib.

– Yəni Qarabağın azad olunması üçün ən münbit şərait yaranıb…

– Beynəlxalq hüquqa görə, Azərbaycanın istənilən vaxt öz ərazilərini azad etməsi üçün münbit şəraiti var. BMT-nin qətnaməsi, beynəlxalq hüquq var. Azərbaycan üçün bəhanə lazım deyil. Azərbaycan Qarabağı azad etmirsə, demək, azad etmək istəmir. Bunun başqa cür izahı yoxdur. 

– Bunu hakimiyyətin içinə sızmış ruspərəst qüvvələr istəmir, yoxsa…

– Onlar yavaş-yavaş təmizlənir. Mane olanların təmizlənməsini sürətləndirmək lazımdır. Xalqı da, müxalifəti də bu işə qoşmaq lazımdır.

– Xalqı bu işə necə qoşmaq olar?

– Lazım gələrsə, məsələn, hökumətin gücü çatmadığı Rusiyanın burdakı mafioz, agent qüvvələrinə qarşı xalq ayağa qaldırmalıdı. Adamlar gedib Ramiz Mehdiyevin evinin qarşısında etiraz etməli, mitinqlər keçirməlidirlər. Bütün dünyada qəbul edilmiş qaydalar var. Ərdoğan “15 temmuz” hadisələrində xalqı köməyə çağırdı. Vaxtilə, Heydər Əliyev Surət Hüseynovla bağlı məsələlərdə də bunu etmişdi. Əgər iqtidarın, İlham Əliyevin öz gücü çatmırsa, xalqı küçələrə çağırsın, desin ki, Rusiyanın mafioz qüvvələri Qarabağı azad etməyə mənə imkan vermir. Bu, İlham Əliyevi xalqın gözündə qaldırar. Yəni xalq da birmənalı şəkildə İlham Əliyevi dəstəkləyər. Xalqa açılmaq lazımdır, “mənim ordum, DTX, polisim var” deyib hər şeyi həll etmək olmur, xalqa müraciət etmək lazımdır. Bəzən xalqın iradəsi bu orqanların fəaliyyətindən güclü olur. Bəzi hallarda xalqın iradəsi hadisələrin taleyini həll edir. Bu baxımdan İlham Əliyevin Qarabağın azad edilməsi üçün daxildəki satqınlar, xainlər ordusuna gücü çatmırsa, Azərbaycan xalqına müraciət etməlidir. Şəxsən biz müxalifət olaraq İlham Əliyevə hərtərəfli dəstək verməyə hazırıq və mənim digər müxalif dostlarım da var ki, onlarla bu məsələni müzakirə etmişik, Qarabağın azad edilməsi məsələsində əvvəlki ittihamları, əvvəlki münasibətləri bir tərəfə qoyub İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəyimizi bildirirəm. Müxalifət qüvvələri də bunu edəcəklər. Ona görə İlham Əliyev qorxmadan, çəkinmədən tam daxildə arxayın olaraq, buna lazımdırsa müxalifət də hansısa bir formada qoşulsun, biz Dağlıq Qarabağı azad edək. Dağlıq Qarabağ azad edilməsə nə Azərbaycanın suverenliyindən, nə müstəqilliyindən, nə inkişafından söz belə gedə bilməz. Azərbaycanın inkişafı haqda deyilənlər hamısı gülünc şeylərdir. İnkişafın nə olduğunu anlayan adamlar bilir ki, Azərbaycanda inkişaf yoxdur. Məsələn, ÜDM-nin səviyyəsinə görə Ermənistan, Gürcüstan bizdən qabaqdadır. Baxmayaraq ki, qazı, nefti yoxdur, blokadadır, coğrafi mövqeyi dağlıqdır, əlverişsizdir yüzlərlə parametrə görə Ermənistan bizdən qabaqdadır. Çünki iqtisadi cəhətdən inkişaf edir. Azərbaycan isə, əksinə, Rusiyanın buradakı agentləri ölkənin sənayesinin, zavodlarını özəlləşdirmə adı altında dağıtdılar, çökdürdülər. İş adamlarının iqtisadi inkişafımıza töhfələr verməsinə imkan vermədilər, İqtisadi repressiya siyasəti apardılar, bacarıqlı adamlar ölkəni tərk etdi. Pul ölkədən xaricə axdı. Nəticədə Azərbaycan bu biabırçı vəziyyətə düşdü. İndi, əgər İlham Əliyev belə bir vəziyyətdə istəyirsə ki, Qarabağ azad edilsin, daxildə də hansısa qüvvələr buna mane olursa yeganə yol xalqla müttəfiq olmaqdır. Mən İlham Əliyevi xalqla müttəfiq olmağa və Dağlıq Qarabağı azad etməyə çağırıram.

– Bəs, ümumilikdə Azərbaycan müxalifəti bu məsələdə birgə rəsmi çağırış etməlidir?

– Mən buradan çağırış edirəm. İlham Əliyev, Azərbaycan xalqını müttəfiq götürün, Türkiyə və Pakistanla hərbi müqavilələr bağlayın, Qarabağın dərhal azad olunmasına başlayın. Biz 30 ildir ki, ermənilərin hücumuna cavab veririk. Halbuki bizim ərazilər işğal olunub. Bir dəfə aprel döyüşlərində bizim qüvvələr hücuma başladı və qələbə ilə nəticələndi. Bu fakt göstərir ki, Azərbaycan 10 həftə ərzində bütün ərazilərini işğaldan azad edə bilər.

– Bəs niyə azad etmir, bir halda ki, Sizin də dediyiniz kimi, ortada Türkiyə, Pakistan faktoru var, indi nə mane olur?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA