“Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir”

261

Məhəmməd Əsədullazadə: “Rusiyanın Ermənistanı silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibənin başlamasına rəvac verir”

“Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşması, regionda Rusiyanın yeni ssenarisidir. Azərbaycana qarşı çox ciddi təhdidlər var. Prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bir neçə məsələyə diqqət çəkdi və Rusiyanın bu oyunda olduğunu mesajını vurğuladı”. “Hürriyyət”in məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, ölkə başçısı Azərbaycan ətrafında hansı oyunların getdiyini bildirməklə, Rusiyanin Ermənistana hərbi yardımlarını və müharibəyə hazırladığını mesajını verdi: “İkinci, Ermənistana silahların Xəzər sahili ölkələr üzərindən daşınmasını deməklə, Rusiya müdafiə naziri Sergey Şoyqunun: “Tikinti materialları aparırıq” sözlərini yalanladı. Üçüncü, Rusiyanın Ermənistana açıq silah göndərməsini bildirdi. Dördüncü, artıq beynəlxalq hüququ tanımayacağını vurğuladı. Və faktiki şəkildə müharibənin qapıda olduğunu və bu hücumun Ermənistan tərəfindən gözlənildiyini açıqladı.

Göründüyü kimi, Rusiyanın Ermənistanı silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibənin başlamasına rəvac verir. Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərə yeni silahlar və qoşun birləşmələri yığır. Rusiyadan göndərilən silahlar Qarabağda cəmləşdirilir. Ermənistan yeni təxribatlara başlayarsa, əsasən hücum Goranboy istiqamətində ola bilər. Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir. Müdafiə taktikasına keçdikdə, məğlubiyyət qaçılmaz ola bilər”. Politoloq onu da bildirib ki, Ermənistan rəhbərliyinin kəskin ritorikası və yeni ərazilər əldə etmək planı, yeni şərtlər irəli sürməsi, Azərbaycanı qəti hərəkət etməyə sövq edir: “Demək olar ki, Minsk formatı fiaskoya uğrayıb. Çünki Ermənistan və Rusiya tandemi münaqişənin həllində maraqlı deyil. Ermənistan yeni ərazilər hesabına “Azərbaycanı faktla barışmalı” olduğu tezisiylə hərəkət edir. Artıq Türkiyə administrasiyası Azərbaycana qarşı hücumda yanında olacağını bəyan etdi. Bu, Azərbaycana qarşı Ermənistan və onu bu vəkalət müharibəsində alət edən Rusiyaya bir mesaj idi. Türkiyənin bu bəyanatı, vəziyyətin mürəkkəb olduğunu göstərir. Və yeni müharibə başlasa, Türkiyə prosesdə yer alacaq. Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı kəskin dəyişib. Görünür, Türkiyənin regiona daxil olması Kremli Azərbaycana qarşı bu siyasətə əl atmağa sövq edib. Nəticədə, Türkiyə-Azərbaycan faktoru bu vəziyyətdən uğurla çıxacaq. Yeni müharibədə Azərbaycanın torpaq itirməsinə səbəb olmayacaq”.

Vazeh BƏHRAMOĞLU