“Azərbaycan prezidentinin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər”

183

Elxan Şahinoğlu: “Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və elə etmək lazımdır təmas xətti daralsın”

Fəzail Ağamalı: “Erməni təxribatına xidmət edən anti-milli qüvvələrin hərəkət və davranışlarına qarşı qətiyyətli mövqeyimizi nümayiş etdirməliyik”

Jalə Əliyeva: “Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu ötən 30 ildə demək olar ki, heç bir addım atmayıb”

Naqif Həmzəyev: “Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, məsələnin donmuş vəziyyətdə qalmasını istəyir”

Ramil Məmmədli: “Azərbaycana qanuni ərazilərini işğaldan azad etməkdən başqa şans verilmir”

Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu şəhid olub, biri isə yaralanıb. Görünən odur ki, işğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.  Digər tərəfdən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir. Maraqlıdır, görəsən gedişat genişmiqyaslı müharibənin başladığından xəbər verirmi?

Bu barədə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan hardan mümkündürsə, muzdlular və Rusiyadan silah, hərbi texnika toplayır: “Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər.

Birincisi, prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına son qoymayacaq. İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur. Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır. Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan hardan mümkündürsə muzdluları, Rusiyadan silah və hərbi texnika toplayır, Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifələrinin orduya çağırışı başlayıb. Hərbi toqquşma ehtimalı artıqca əsas sual budur: Rusiyanın reaksiyasi necə olacaq? Son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib. Hər dəfəsində Moskva prosesə müdaxilə edərək, tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki, bütün bu qanunsuzlqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır”.

Politoloq əlavə edib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlər diqqəti çəkir: “Köçəryan vaxtilə kitabında yazdığı bir fikri yenə təkrarlayıb: “Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uset şəhərciyində münaqişənin həlliylə bağlı sazişi imzalamağa yaxın olublar”. Köçəryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın “müstəqllliyinə” yol açacaq sazişə imza atmaz. Buna baxmayaraq, Robert Köçəryanın hazırkı baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Məsələn, Köçəryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Köçəryanın sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu risqi anlamır. Köçəryanın fikrincə, Türkiyəni Cənubi Qafqazda saxalaya biləcək yeganə güc Rusiyadır

. Ona görə də Köçəryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir. Köçəryanın bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər və vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir. Robert Köçəryan Paşinyanın “Qarabağ Ermənistandır. “Nöqtə” açıqlamasının yanlış olduğunu da bir daha səsləndirib. Köçəryan sual edir ki, “Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?”. Paşinyanın bu məntisizliyi biz də vurğulayırıq. Robert Köçəryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri də diqqəti cəlb edir: “Əgər Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana aytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq, bu halda mürəkkəb dağlıq relyefi də nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə arırmaq məcburiyyətində qalacağıq. Ona görə də, güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik, indiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək”.

Əslində Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir, Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır təmas xətti daralsın və qarşı tərəfin hərbiçlərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun, bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil”. Elxan Şahinoğlu hesab edir ki, hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır: “Azərbaycan prezidentinin sözlərinə də istinad edərək, əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya menaəsini də aşmalıyıq”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Ermənistanın geniş miqyaslı müharibəyə hazırlaşdığını, qadınların belə, səfərbərliyə alındığını deyib: “Hadisənin gedişi müharibəni qaçılmaz edir. Ölkə prezidentinin bir neçə gün öncə televiziya kanallarına verdiyi müsahibədə, Ermənistanın təcavüzkar siyasəti xalqımızın bir daha diqqətinə çatdırıldı. Eyni zamanda, onların geniş miqyasda böyük müharibəyə hazırlaşdıqları önə çəkildi. Digər tərəfdən, Paşinyanın özündən əvvəlki sələflərinin siyasətini ardıcıl və daha hiyləgər şəkildə davam etdirməsiylə bağlı müxtəlif addımları atmaqdadır. Ermənistan danışıqların gedişini ümumiyyətlə pozub. İndiyə qədər danışıqlarda əldə olunan “Madrid prinsipləri” və onun yenilənmiş prinsipləri üzərindən xətt çəkilib.

Hətta, Ermənistanda qadınlar belə, səfərbərliyə alınıb. Könüllülər və xaricdən muzdlular orduya gətirilir. Demək olar ki, Ermənistan geniş miqyaslı müharibəyə hazırlaşır. Ölkə prezidenti də bununla bağlı çıxışında vurğuladı. Buna görə də müharibə qaçılmazdır. Bu gün də təəssüf ki, Ermənistanın təxribatı nəticəsində  şəhidimiz var. Ermənilər ordumuz tərəfindən layiqli cavabını almaqdadır”. Deputat bildirib ki, biz bütün potensialımızla və gücümüzlə millət olaraq, ordumuzun yanında olmalıyıq: “İnformasiya müharibəsində çox diqqətli, ardıcıl və kəskin mövqe tutmalıyıq. Erməni təxribatına xidmət edən anti-milli qüvvələrin hərəkət və davranışlarına qarşı qətiyyətli mövqeyimizi nümayiş etdirməliyik. Xalq olaraq, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuzla və Ali Baş Komandanımızla bərabər, işğala son qoymalıyıq”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva isə ötən 30 ildə Dağlıq Qarabağ probleminin həllində heç bir addım atmadığını deyib: “Bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan münaqişənin başladığı gündən bu günə qədər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub. Problemin danışıqlar masası ətrafında davam etməsinə və həllinə nail olmağa çalışıb. Ali Baş Komandanın da açıqlamaları hər zaman bu istiqamətdə olub. Ölkə başçısının da dediyi kimi, Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə həll etməyə qadirdir və biz bunu bir neçə dəfə də sübut etmişik. İstər Aprel döyüşləri, istərsə də İyul döyüşləri buna bariz nümunədir. Bütün dünya şahid oldu ki, Azərbaycan düşməni geri oturtmağı bacarır.

Bu günlərdə ölkə prezidentinin məhz bu məsələylə bağlı açıqlamaları da bütün dünyaya mesaj idi. Lazım gələrsə, bir günün içində İrəvanda otura bilərik. Əlbəttə ki, bunlar çox əhəmiyyətli mesajlardır. Bu mesajların arxasında boş söz dayanmır, əksinə güclü dövlət və ordu dayanır. Ona görə də ölkədə bu günlərdə səfərbəliyin elan olunması və ehtiyyatda olan zabitlərin təlimlərə cəlb edilməsi, əslində müharibə şəraitində yaşayan ölkə üçün normal qarşılanmaldır. Ehtiyyatda olan zabitlərimiz də davamlı olaraq, təkmilləşməlidir. Bunu sadəcə, müharibəyə hazırlıq kimi qəbul edə bilərik. Bütün dünyaya ordumuzun 100 illiyi ilə bağlı olan hərbi paradda bir daha hərbi texnikamızı və gücmüzü göstərdik. Ölkə başçısının da dediyi kimi, danışıqlar masasında son çarə tükənənə qədər danışıqları davam etdirəcəyik. Çox təəssüflər olsun ki, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu ötən 30 ildə demək olar ki, heç bir addım belə atmayıb”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Naqif Həmzəyev isə əgər danışıqlar prosesi dayanıbsa və yaxın müddətdə Ermənsitan yenidən danışıq masasına qayıtmazsa, Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad edəcəyini vurğulayıb: “Bildiyiniz kimi, müharibə bitməyib. Hər an müharibə başalya bilər. Prezident İlham Əliyev sonuncu çıxışında qeyd etdi ki, çox təəssüf ki danışıqlar dayanıb.

Burda birbaşa məsuliyyət Ermənistan tərəfinin üzərindədir. Çünki, onlar daim danışıqları pozur və təxribatlara əl atır. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Ümumiyyətlə, onlar məsələnin donmuş vəziyyətdə qalmasını istəyir. Bununla da Dağlıq Qarabağ problemini unutdurmağa çalışırlar. Bu baxımdan hər an müharibənin başlaması realdır. Əgər danışıqlar prosesi dayanıbsa və yaxın müddətdə onlar yenidən danışıq masasına qayıtmazsa Azərbaycan ordusu işğal altında olan torpaqlarını azad edəcək. Bu Azərbaycan tərəfinin birbaşa hüququdur. Bütün beynəlxalq konvensiyalara söykənərək, bu hüququmuzdan istifadə edə bilərik. Azərbaycan ordusunun ehtiyyatda olan hərbiçiləri var. Bununla belə, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızın ətrafında sıx birləşib”.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli isə qeyd edib ki, son üç ayda baş verən proseslər və Azərbaycan-Ermənistan arasında yaranmış mövcud vəziyyət müharibənin bir addımlıqda olmasını deməyə əsas verir: “Bu, birmənalıdır. Çünki Ermənistanın siyasi hakimiyyəti və hərbi rəhbərliyi davamlı olaraq, Azərbaycan ordusunun təmas xəttində gərginlik yaratmaqla məşğuldur. Bundan başqa, iki ildir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları dayanıb.

Ölkə başçısı da çıxışında bu haqda bildirib. Ermənistanın siyasi rəhbərliyi və hərbi komandanlığı davamlı olaraq Azərbaycanı təhdid edən fikirlər səsləndir və hədə-qorxu gəlir. Əsassız olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşkil olunur. Digər tərəfdən, həmin ərazilərdə təlimlər, xaricdə yaşayan ermənilərin köçürülmə prosesi həyata keçirilir. Köçürülmə prosesiylə şəxsi heyətin sayını artırmaq istəyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, artıq genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi zərurəti yaranıb. Azərbaycana qanuni ərazilərini işğaldan azad etməkdən başqa şans verilmir”.

YƏHYA