“Azərbaycan öz ərazisindəki bütün silahlı qüvvələri zərərsizləşdirməlidir”

123

Sərdar Cəlaloğlu: “Azərbaycan təcili Xankəndini tutmalıdır, bayrağını oraya taxmalıdır

“ABŞ və Rusiya başda olmaqla, heç bir ölkə bu əməliyyatı dayandırmağa çağırış edə bilməz. Bunun özü beynəlxalq hüquqa ziddir”

“Putinin açıqlaması o anlama gəlir ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişə deyil…”

“Beynəlxalq komissiya yaradılmalıdır, araşdırılmalıdır ki, Qarabağ ermənilərinə o silahları kim verib?”

“Kim istəmir ki, dünya müharibəsi olsun, mütləq münaqişənin Azərbaycan tərəfində durub, Azərbaycana dəstək verməlidir”

Azərbaycanın siyasi gündəmi opertaiv xəbərlərlə çox zəngindir. İlk öncə nəzərinizə çatdıraq ki, Müdafiə Nazirliyinin son verdiyi məlumatlara əsasən şanlı ordumuzun ard-arda uğurları davam edir. Bildirilir ki, düşmənin 2300-dən çox canlı qüvvəsi sıradan çıxarılıb, 130-dan çox tank və başqa zirehli texnika məhv edilib, 50-dən çox havadan müdafiə zenit kompleksinin zərərsizləşdirilib. Bununla yanaşı, ard-arda azad olunan yaşayış məntəqələrimiz barədə uğurlu xəbərlər də bizi sevindirir və davamlı olmasını gözləyirik.

Gündəmin əsas mövzularından biri də srağagün axşam “Rossiya-1” kanalına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi və Ermənistanın baş naziri Paşinyanın həmişəki kimi sərsəm çıxışları oldu. Odur ki, bütün bu məsələləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə müzakirə etdik.

(Əvvəli ötən sayımızda)

– Sərdar bəy, İlham Əliyevlə müsahibəsində rus jurnalistin Kazan və Bişkek prinsiplərini misal çəkməsi ilə bağlı da Sizin fikrinizi bilmək istərdik…

-Əslinədə, Paşinyanın hakimiyyətə gəlməsində “Soros”un heç bir rolu yoxdur. Əvvəla onu deyim ki, Dağlıq Qarabağ problemi sovet hökumətinin nəzdində yaranıb. Onda da “Soros” yox idi ki… Hər bir erməni lideri hakimiyyətə gələndə Dağlıq Qarabağda ermənilər aqressiv mövqe tuturlar. Çünki Dağlıq Qarabağ hakimiyyətə gəlmək üçün vasitə olur. Hər bir adam özündən əvvəlki liderdən daha kəskin çıxış etməlidir ki, hakimiyyətə gəlsin. Ona görə də Paşinyan özündən əvvəlki Koçaryandan da, Sarkisyandan da, Petrosyandan da qat-qat radikal mövqe ortaya qoymalı idi ki, hakimiyyətə gəlsin. Bu da təbii idi. Burada “Soros”luq bir şey yoxdur.

O ki qaldı “Soros” məsələsinə, bu, Ermənistanın daxili işidir. Bizə nə var “Soros” dövlət çevrilişi edib. İlham Əliyevin gözəl bir sözü var: “Biz öz sərhədlərimiz daxilində müharibə aparırırq”. Biz daxildəki hadisələrə cavabdehik. “Soros” orada nə edib, Rusiya dövlət çevrilişi edib, bizi maraqlandırmamalıdır. KQB-nin, ABŞ-ın, Fransanın orada nə oyunları var, bu məsələlər bizi qətiyyən maraqlandırmamalıdır. Onda belə çıxır ki, Paşinyan hakimiyyətdən getsə, biz Qarabağda müharibəni dayandıracağıq, təzədən danışıqlara başlayacağıq? Onda nəyə lazımdır bu müharibə?

Açığını deyim ki, mən də o məsələyə diqqət etdim, iki gündür məni bu məsələ narahat edir. Dağlıq Qarabağ münaqişəsinin son vaxtlar aktivləşməsini Paşinyanla əlaqələndirmək yanlışdır. Bu, Ermənistanın dövlət siyasətidir. Özümüz deyirik ki, 30 ildir bu işğal davam edir, getdikcə də genişlənir. Bu 1988-ci ildə yaranıb. Azərbaycan xalqı bir şeyi bilməlidir, biri deyir “gedək Paşinyanın arvadını tutaq”, o biri deyir… Bu, Rusiyanın Ermənistan dövləti vasitəsilə həyata keçirdiyi bir avantüradır. Azərbaycanı zəiflətmək və türk dünyasının birləşməsinin qarşısını almaq məqsədi güdür. Eləcə də bu gün məlum olur ki, Rusiyanın bu həmləsi transmilli layihələrə təhdid yaradır. Yəni bu o qədər dərinə gedən bir münaqişədir. Bunu Ermənistanda gedən hakimiyyət oyunları ilə əlaqələndirmək yanlışdır. Bizim üçün maraqlı deyil Sarkisyan, Koçaryan, Paşinyan var orada, Rusiyanın, ya “Soros”un dəstəyi ilə gəlib. Azərbaycan öz sərhədləri daxilində antiterror əməliyyatı aparır. Beynəlxalq hüquq normaları bizə bunun üçün əsas verir. ABŞ və Rusiya başda olmaqla, heç bir ölkə bu əməliyyatı dayandırmağa çağırış edə bilməz. Bunun özü beynəlxalq hüquqa ziddir.

Prezident İlham Əliyev bildirdi ki, “mən BMT kürsüsündən Ermənistanın müharibəyə hazırlaşdığını bəyan etmişəm, demişəm, qarşısını alın”. Bir halda ki, prezidentin də çağırışlarına cavab olmadı, bu günkü atəşkəs tələbləri xristian təəssübkeşliyindən irəli gəlmirmi?

-Təbii. Biz nə etməliydik? Gözləməliydik ki, erməni gəlib Bakını alsın? Axırıncı dəfə nə deyirdilər: gəlib Gəncəni tutacağıq, Mingəçeviri vuracağıq. Beynəlxalq ictimaiyyət ən azı siyasi etika xətrinə buna reaksiya verdi? Bir nəfər dedi ki, Ermənistanın bu bəyanatı nə deməkdir? Azərbaycan xalqı gözləməlidir ki, erməni Bakıya raket zərbəsi endirsin? Bu nə sözdür? Elə ki, Azərbaycan bir addım atır, çalışırlar qabağını alsınlar. Amma erməni həyasızlığının qabağında duran bir dövlət, bir təşkilat yoxdur. Nə Avropa Birliyi, nə BMT. Axırıncı dəfə BMT sessiyasında Paşinyanın çıxışına qulaq asdınız. Gərək o çıxışdan sonra bütün dünya Ermənistanı blokadaya alardı, Ermənistana sanksisya tətbiq edərdi. Amma Ermənistan Qarabağı özünüki hesab edir, deyir ki, Azərbaycan cəzalandırılmalıdır. Bu qədər həyasızlığın qarşısında durub qulaq asırlar. BMT-nin iflasa uğraması bu cür faktlarla sübut olunur. Dünya düzəni dəyişməlidir. Artıq BMT-nin tərkibi dəyişdirilməlidir. Ərdoğan deyir ki, BMT bəzi supergüclərin əlində oyuncağa çevrilib. Sənin sessiyanda Paşinyan həyasızlıqla çıxış edir, amma ona bir nəfər irad tutan yoxdur. Amma indi biz ərazilərimizi işğaldan azad edirik deyə cinayətkarın yanında dururlar. ABŞ, Avropa, Rusiya bu cinayətkarın yanında durmaqla nə demək istəyir? Dağlıq Qarabağ məsələsində biz qətiyyətli olmalıyıq, beynəlxalq hüquq, haqq-ədalət, Quran bizim tərəfimizdədir. Quran deyir ki, sizi yurdunuzdan çıxaranı siz də vurub çıxarın. Bu günki 1 milyard yarımlıq islam aləmi bilməlidir ki, biz beynəlxalq hüquq bir tərəfə qalsın, Quranın əmri ilə torpaqlarımızı azad etmək istəyirik. Allahın əmrlərini icra etdiyini deyən hər bir müsəlman bizim yanımızda olmalıdır. Daha dırnağarası “müsəlman” ölkələri kimi ermənilərə silah göndərməməlidir.

Bundan əvvəl də İlham Əliyev demişdi ki, bu müharibədə ermənilər yekəbaşlıq etsələr, müqavimət göstərsələr, biz nəinki Qarabağı azad edəcəyik, bundan əvvəlki işğal olunmuş torpaqlarımızı da – Zəngəzuru, Zəngibasarı, Göyçəni, İrəvanı da azad etməliyik.

– Əslində, Paşinyan kimi sərsəm bir adamın bu dövləti idarə etməsi də təəccüblüdür…

– Onların hansı sərsəm deyil ki?! Hamısı küçə uşaqlarıdır. Sarkisyan deyirdi ki, “mən Xocalıda adam öldürmüşəm”. Sabah Paşinyan çıxsa, yerinə gələn elə olmayacaq? Onlar bizi maraqlandırmamalıdır. Bir şeyi bilmək lazımdır ki, burada Paşinyanın adını çəkmək yox, bizi Ermənistan maraqlandırmalıdır. İlham Əliyev gözəl deyib ki, biz sərhədlərimiz daxilində əməliyyat aparırıq. Putin də demişdi ki, bu, Azərbaycanın daxili işidir. Putinin bunu deməsi o anlama gəlir ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişə deyil, Azərbaycanın öz ərazilərini terrorçulardan təmizləmək üçün apardığı hərbi əməliyyatdır. Beynəlxalq hüquqa görə, heç bir dövlət başqa bir dövlətin daxili işinə qarışa bilməz.

– Görünən budur ki, Ermənistan bu gün öz təbliğat maşınını işə salıb, müharibəyə üçüncü qüvvələrin cəlb olunmasını istəyir. Deyirlər ki, Azərbaycana şəriət qanunları ilə idarə olunan qoşun gətirilir…

– Lap yaxşı. Bu gün müharibəyə gecən uşaqları anası Quranın altından keçirir. O uşaqlar namaz qılandır. Paşinyanın sözü ilə dinimizdən imtina etməliyik? Zabitlərimiz namaz qılır, oruc tutur. Bir siyasətçi kimi, mən də ibadət edirəm. Mən dinimdən imtina etməliyəm? Bu nə sözdür? Bura müsəlman ölkəsidir. Azərbaycan prezidenti and içəndə Konstitusiya ilə yanaşı, Qurana da and içir. Prezident inauqurasiyasında Qurana and içirsə, mənim əsgərim şəriətin əmrləri əsasında vuruşursa və ya şəriətə əməl edirsə, bunun Paşinyana nə dəxli var? Onlar bəyəm vuruşanda xaçlarını çıxarıb atırlar?

– Onlar İraq məsələsini qabardırlar…

– Onlar bu demoqoqluqla elə bilirlər ki, biz deyəcəyik yox, bizdə şəriət yoxdur, Quran yoxdur. Bu mənim dinimdir. Şəriətin qoyduğu qaydalardır və şəriət əmr edir ki, işğal olunmuş torpaqları işğaldan azad et. Mənim əsgərim həm Konstitusiya, həm beynəlxalq hüquq, həm Quran uğrunda bu müharibədə iştirak edir. İslam tələb edir ki, düşmənin qarşısında səf-səf duranları Allah sevər. Sən hardan bilirsən ki, mənim əsgərim şəriət əsasında vuruşur? İran Paşinyanla əməkdaşlıq edir. Baxsın görsün ki, Paşinyanın islama mövqeyi necədir? Bəlkə Azərbaycan islam ölkəsi olacaq, sənə nə? Azərbaycanın daxili işlərinə niyə qarışırsan? Paşinyandan icazə almalıyıq?

– Çox maraqlı bir məqam da odur ki, rusiyalı jurnalistlərin məntiqinə görə, Türk qoşunları Azərbaycan hərbçilərinə təlim keçdi və məhz bundan sonra ermənilərə hücum edildi…

– Əcəb edirlər. Bizim Rusiyada da təlim keçən zabitlərimiz var. Bu yaxınlarda 150 nəfər zabit göndərmişik. Onda Rusiyanı da ittiham edəcəklər?

-Burada maraqlı bir məqam var ki, onlara sual vermirlər bura Türklər bura niyə təlimə gəldilər? Hansı ki, Ermənistan Tovuza hücum etdikdən sonra Türklər bura gəldilər.

– Biz  niyə onlara hesab verməliyik ki? Əcəb edirik. Bu, bizim daxili işimizdir. Mən Türkü də gətirəcəm, pakistanlını da gətirəcəm. Sən işğalçı deyilsənsə, qorxmursansa, sənə nə dəxli var, mən gedib dünyanın bütün qoşunlarını gətirəcəm, Azərbaycanda təlim keçirəcəm. Bu, mənim daxili işim deyil? Sənə nə dəxli var? Bizim rəhbərlərin də mövqeyində belə bir məqam var ki, onlar hücum edirlər, biz müdafiə olunuruq. Türkiyə NATO qoşunudur. Mən istəyirəm ordumu NATO standatlarına uyğunlaşdıram. Türkiyə də mənim qardaşımdır, demişəm ki, gəl mənim əsgərlərimə təlim keç. Sənə nə? Mən aparıb Səudiyyə Ərəbistanında əsgərlərimə təlim keçəcəm, sənə nə? Əsgər mənim, dövlət mənim. Bunu əsaslandırmamalıyıq. Sənə deyirəm ki, ərazində niyə rus bazası saxlayırsan? Sən kimsən? Mən sənə deyirəm ki, İrəvanda niyə filan yolu çəkirsən? Türkiyə gəlib mənim ərazimdə təlim keçir, sən narahat olursan, amma sən Türkiyə üçün təhdid olan rus bazasını ərazində saxlayırsan? Sənə olar, bizə olmaz?

– Türkiyənin burada bazasının olması onları narahat edir.

– Cəhənnəmə eləsin. Deməli, düz yoldayıq.

– Bu gün faktiki olaraq Rusiya və İran Ermənistana hərbi dəstək verməkdədir. Amma kimsə onlara bu sualı vermir ki, niyə erməniləri silahlandırırsınız…

– Beynəlxalq aləm bu sualı verməyəcək. Onlar hamısı ermənipərəstdir. Bizim mövqeyimiz belə olmalıdır. Azərbaycan dövlətinin Konstitusiya və suverenliyi çərçivəsində etdiyimiz hərəkətlərlə bağlı nə ABŞ-a, nə Rusiyaya, heç kimə hesabat verməməliyik. Belə hallarda İlham Əliyevin bir cavabı olmalıdır. Azərbaycan suveren dövlətdir, öz sərhədləri daxilində etdiyi bütün hərəkətlər Azərbaycan xalqının iradəsinə uyğundur, bunun sizə aidiyyatı yoxdur. Yoxsa gündə bir şər atacaq ki, Pakistandan qoşun gətirir, Türkiyədən qoşun gətirir. Biz onun şərlərinin sübutu ilə məşğul olmamalıyıq ki. İspaniya Kataloniyaya qoşun yeridəndə dünyada kimsə dedi ki, oraya niyə qoşun yeridirsən? Demədi. Onlar dinc yolla respublika elan etmişdilər. Ermənistanın ki, əlində tank, top var. Yunanıstan kimi dövlətlərin arsenalında olan silahlardan da güclü silahlar var. Heç demirlər ki, sən muxtariyyat istəyirsənsə, bu top-tüfəng nəyə lazımdır?! Niyə kataloniyalılar silah əldə etmədilər? Onların niyə topu-tüfəngi, S-300-ü yox idi? Demək, sənin məqsədin işğalçılıqdır. Dağlıq Qarabağ erməniləri bir müstəqil dövlətin əldə etdiyi dövlətdən daha çox silaha malikdir. Beynəlxalq komissiya yaradılmalıdır, araşdırılmalıdır ki, Qarabağ ermənilərinə o silahları kim verib? Hanıs pulla alıb, hansı məqsədlə yerləşdirilib? Beynəlxalq hüququn hansı müddəasına görə bu əməliyyatları həyata keçirib? Bilirsiniz ki, silah qaçaqçılığı var, silahlara nəzarət üzrə beynəlxalq konvensiyası var. Bunlar qalıb kənarda, deyirlər ki, atəşi kəsin. Mən müharibə aparıram, əks tərəfin silahları qanunidir, ya yox? Dağlıq Qarabağın bizimlə müharibə aparmaq hüququ var, ya yox? Əgər biz müharibədən danışırıqsa, gərək hərb haqda beynəlxalq hüquqa müraciət edək. Axı, Dağlıq Qarabağın mənimlə müharibə aparmaq hüququ yoxdur. Əgər qeyri-rəsmi qurum əlində silah müharibə aparırsa, deməli, terrorçudur. Terrorçuluğun beynəlxalq hüquqda tərifi belədir: qeyri-rəsmi qurum müharibə aparırsa, o terrorçudur. Əlində bu qədər tank-top mübarizə aparır. Sən buna terrorçu kimi baxmaq əvəzinə, az qala Azərbaycana tərəf kimi, beynəlxalq hüququn subyekti kimi  baxırsan. Axı, Dağlıq Qarabağ beynəlxalq hüququn subyekti deyil, Azərbaycanin milli hüququnun bir subyektidir. Azərbaycanın bir ərazisidir. Necə ola bilər ki, beynəlxalq hüquqdan çıxış edib, müstəqil dövlətlərə aid olan normanı Dağlıq Qarabağa tətbiq edirsən? Deməli, sən qərəzlisən, sən də elə o işğaıçılarla bir yerdəsən. Xeyir ola, mən sənin sözünə əməl etməliyəm?

BMT öz qəbul etdiyi qətnaməyə əməl etmir. BMT qətnaməsinə görə, hər hansı bir ilkin şərt olmadan Ermənistan Dağlıq Qarabağ ərazisini işğaldan azad etməlidir. Azad edib? Yox. Onda hansı hüquqdan danışırsan? Sən öz qətnamələrini yerinə yetirməlisən.

– Faktiki olaraq öz qətnamələrini inkar edir.

-Əlbəttə. Bu, beynəlxalq hüququn ciddi böhranıdır. Onlar ikili standartlar ilə yanaşma ortaya qoyurlar. Neçə ki, beynəlxalq hüquq dəyişməyib, onu atmaq lazımdır kənara. Nə qədər ki, bu normalar Azərbaycan üçün dəyişməyib, Azərbaycan təcili Xankəndini tutmalıdır, bayrağını taxmalıdır oraya. Ərazisindəki bütün silahlı qüvvələri də zərərsizləşdirməlidir. Təslim olan olsun, olmayanı da məhv etməlidir. Ağdərəyə deyildi ki, təslim olun. Təslim olmadılar, məhv olundular. Bütün ermənilərə vaxt verilməlidir. Təslim olurlar olsunlar, olmurlarsa məhv ediləcəklər. Bu münaqişə həll olunmasa dünya müharibəsinə gətirəcək, bunun üçün zəmin hazırlayır. Kim istəmir ki, dünya müharibəsi olsun, mütləq münaqişənin Azərbaycan tərəfində durub, Azərbaycana dəstək verməlidir. Azərbaycan dünya geosiyasi maraqlarının, vektorlarının keçdiyi bir ərazidir. Azərbaycan Gürcüstan deyil, başqa ölkə deyil. Dünya maraqlarının kəsişdiyi yerdə münaqişənin olması bütün dünyanı təhdid edir. Başqa bir mövqe tutmaq dünya müharibəsini başlatmaq deməkdir.

Avropa Birliyinin də, BMT-nin də verdiyi mövqe utancdır, demoqoqluqdur. Əgər istəmirlərsə ki, yeni bir dünya müharibəsi olsun, Ermənistanı blokadaya almalı, qınamalıdırlar. Başqa bir mövqe tutmaq dünya müharibəsinin tətikləməkdir. BMT özü qətnaməsində yazmayıb ki, işğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır? İndi biz istəyirik ki, o qətnamələr yerinə yetirilsin, torpaqlar işğaldan azad edilsin, BMT deyir azad etmə. Onda bu qətnamələr nə üçün verilmişdi? Həm də qeyd-şərtsiz. Onda belə çıxır ki, o qətnamələri də elə barmaqarası vermişdin. Bizi aldatmaq üçün?

– İllərdir Ermənistanın separatçılıq əməllərindən əziyyət çəkən qonşu Gürcüstanın son günlər Qarabağ savaşı ilə bağlı sərgilədiyi mövqe Sizi qane edir?

– Əvvəla, Gürcüstanın bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə olan əlaqələrdən keçir. Gürcüstan iqtisadiyyatı Azərbaycan və Türkiyə sayəsində ayaq üstədir. Türkiyə və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan Gürcüstan bizim yanımızda olmalıdır. Ermənilər də Gürcüstanın həmin ərazilərini qopartmaq istəyirlər. Gürcüstan vətəndaşı olan ermənilərə başa salmaq lazımdır ki, bu münaqişəyə müdaxilə etsələr çox şeylər itirəcəklər. Axalkalakidəki ermənilər də başa düşməlidirlər ki, onların yeməyi-içməyi Azərbaycan və Türkiyənin yaratdığı şərtlərə bağlıdır, bizim qazımızdan istifadə edirlər. Gürcüstan bizim sayəmizdə dövlət kimi mövcudluğunu saxlayır.

Kamran GÜLLƏR,

Ülviyyə ŞÜKÜROVA