Azərbaycan Ordusu düşmənə güclü zərbə vurmaqdadır

90

Ermənilərin silah-sursat anbarları, onlarla texnikası məhv edilib, 550-dən artıq canlı qüvvə itkisi var

“Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatın ilk günündən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.

Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.

Düşmənin daha iki tankı məhv edildi

Müdafiə Nazirliyindən dünən verilən məlumata görə, Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si olduğu kimi, dünən də Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Ermənilərin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var

“Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir”.

Bunu isə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

“Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir. Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq”, – o bildirib.

Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib

Vaqif Dərgahlı onu da deyib ki, aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə edilib: “Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir”.

Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub”, – deyən Vaqif Dərgahlının sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır: “Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”.

Hazırladı: KƏNAN