Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi

39

Düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Hurriyyet.org xəbər verir ki,  bunu dünən Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

Qeyd edək ki, noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Düşmən hücum etməyə cəhd göstərdi, amma…

Noyabrın 1-də gün ərzində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi bildirir ki, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.

Ermənistanın “əfsanəvi dəstəsinin” 5 üzvü məhv edildi

Onu da qeyd edək ki, Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin 5 hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

Bu haqda məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, dəstənin məhv edilən üzvlərinə – Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.

Hazırladı: KƏNAN