Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərinin icrasına başladı

39

Azərbaycan bu gündən etibarən “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.

Energetika Nazirliyindən verilən məlumata görə, may-iyun aylarında “OPEC +” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln. barrel, Azərbaycan üçün isə 164 min. barrel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri iyul – dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barrel müəyyənləşib.

Məlumata əsasən, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barrel, “Azneft” İB üzrə 125 min barrel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barrel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar – 2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barrel, 2021 – 2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.