“Azərbaycan hökumətinin dialoq nəyinə lazımdır?” – FƏRHAD MEHDİYEV

192

“Hökumət əvvəlcə qanunları düzgün icra etsin, korrupsiyanı yığışdırsın”

 “Siyasi institutların normal fəaliyyət göstərdiyi bir demokratiyada “dialoq” varsa da, əsasən parlamentdə qanunların müzakirəsi sırasında olur. Ölkə üçün taleyüklü məsələrdə ola bilər. Yoxsa seçki ilə seçilmiş (varsa koalisya) hökümətin, seçki proqrammasını icra etmək üçün dialoqa ehtiyacı yoxdur. Parlament çoxluğu əlində olur, Konstitusiyanı pozmadan seçki vədlərini reallaşdıracaq, yaranan problemləri həll edəcək”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevə məxsusdur.

“Dövlət qulluqçularının gəlir və əmlak bəyannaməsinin formasının hazırlanması üçün Əli Kərimli razılıq verməlidir?”

Mehdiyev sual edir ki, Azərbaycan hökümətinin dialoq nəyinə lazımdır: “O, əvvəlcə qanunları düzgün icra etsin, korrupsiyanı yığışdırsın, vətəndaş hüquqlarını təmin etsin. Bunun üçün onun dialoqamı ehtiyacı var? Bəlkə parlament binasında tələb olunan çoxluğa sahib deyil? Dövlət qulluqçularının gəlir və əmlak bəyannaməsinin formasının hazırlanması üçün Əli Kərimli razılıq verməlidir? Yoxsa dövlət satınalmalarının internet portalı üzərindən keçirməyə Arif Hacılı icazə vermir? Dialoq hansı məqsəd daşıyır? Dialoqsuz nəyə nail olmaq mümkün deyil? Qanunları düzgün icra etmək üçün parlamentdə bir dənə də yerə sahib omayan Müsavat və AXCP-na nə gərək var?”

F. Mehdiyevin fikrincə, dialoqun məqsədi yumşaq keçid ola bilər: “Bu, o deməkdir ki, növbəti seçki təyin olunur, müxalifət partiyaları parlamentə azı 20% daxil olur. “Seçki” də təzəlikçə oldu, nəticələri məlumdur”.

“Dialoq əvəzinə, hüququn dediyini yerinə yetirsəniz, dialoqa belə, ehtiyac qalmayacaq”

“İnzibati prosesdə də ayrıca bir hüquqi institut var (yuxarıda danışılan kimi siyasi alət deyil), dialoqa oxşayır, amma dialoq deyil. Belə ki, icra sturkturları normativ tənzimləmə aparamazdan əvvəl, ictimaiyyəti məlumalandırır və maraqlı şəxslərə öz istək və iradlarını bildirmələri üçün müddət tanıyır. Amma bu, başqa bir şeydir. Odur ki, dialoq əvəzinə, hüququn dediyini yerinə yetirsəniz, dialoqa belə ehtiyac qalmayacaq. Yoxsa, vallah, uşaq başı aldatmağa oxşayır”,-deyə ekspert əlavə edib.

Şamo EMİN, Hurriyyet.org