Azərbaycan hər yanda xristianlara məxsus tikililəri bərpa edir

303
The Washington Times, ABŞ
09.12.2020

Müəllif: Hikmət Hacıyev (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri)

Azərbaycan 6 həftə davam etmiş hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin təxminən 30 ildir işğal altında saxladığı ərazilərini beynəlxalq nəzarət altında özünə qaytarılıb. Bundan sonra barışıq, yaraların sağalması, bərpa dövrü başlamalıdır.

Əvəzində, beynəlxalq media Azərbaycana qarşı ittihamlar irəli sürür: guya Bakı xristian abidələrinə, xristian irsinə qarşı “mədəni soyqırım” planlaşdırır. Onların “sübutlar”ı isə Sovet dönəminə gedib çıxır. Halbuki, o dövrdə Azərbaycan SSRİ-nin digər respublikalardan daha azad və ya müstəqil deyildi. Unutmayaq ki, Sovet dönəmində Moskvada Stalinin əmrilə provoslav kilsəsi partladılmış, Azərbaycanın paytaxtı Bakıda Aleksandr Nevski kafedralı məhv edilmişdi. Ümumiyyətlə, 1917-1970-ci illərdə bütün Sovet dünyasında 25 min məscid dağıdılmışdı. Çünki SSRİ-də dini abidələrin məhv edilməsi dövlət siyasəti idi.

Müasir Azərbaycanda vəziyyət tam fərqlidir. O, tam əks siyasət yürüdür. 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan çoxkonfessiyalı irsinə bağlı olduğunu bütün dünyaya göstərib. Bakıda 1990-cı illərin xaosu zamanı zərər görmüş erməni kilsəsi belə, tamamilə bərpa edilib. Bu gün onun kitabxanasında təxminən 5 min ədəd qiymətli erməni əl yazması saxlanılır. Bakıdakı erməni kilsəsində erməni Apostol kilsəsinin başçısı da xoş qarşılanardı.

Bakıda Azərbaycanın hökumətinin maliyyə dəstəyilə tikilmiş yeni katolik kilsəsinin açılışını isə məhz Roma Papası edib. Bununla yanaşı, Azərbaycanda köhnə sinaqoqlar bərpa edlib və yenidən fəaliyyətə başlayıb. Azərbaycan yeni yəhudi məktəbləri də inşa olunub.

Maraqlıdır ki, Azərbaycan ölkə hüdudlarından kənarda da dini abidələrin bərpasına maliyyə yardımı ayırır, bu işə ciddi töhfə verir: Vatikandakı katakombaların, Fransada Roman memarlığı üslubunda ərsəyə gətirilmiş kilsələrin, Strasburq Kafedral kilsəsinin vitrajlarının bərpası Azərbaycanın maliyyə dəstəyilə həyata keçirilib. Odur ki, bütün dünya Azərbaycan rəhbərliyinə inana bilər və inanmalıdır: bizim əməllərimiz sözlərimizin təsdiqidir.

Mənim də təmsil olunduğum administrasiya açıq bəyan edib ki, ölkəmiz Ermənistan tərəfindən dağıdılmış regionda müsəlmanlara və xristianlara məxsus mədəni irsi bərpa edəcək. UNESCO da bu layihədə iştirak edəcəyini bilirir. Biz bunu çox xoş qarşılayırıq. Bakının bu işlərdə beynəlxalq təşkilatlarla əməkdaşlığı göstərir ki, ölkəmiz həqiqətən də istər mədəni irsin bərpasına, istərsə də bir zamanlar regionda mövcud olmuş müxtəlifliyə malik dinc cəmiyyətin formalaşdırılması istiqamətində çətin yola çıxıb. O, bu çətin yolda bütün öhdəliklərinə sadiqdir.

Təəssüf ki, işğaldan ötən aylarda azad etdiyimiz rayonlarımızda salamat qalmış mədəni irs nümunələrinin sayı çox azdır. Amma biz, o cümlədən doğma torpaqlarından 1990-cı illərin əvvəlində dirdərgin salınmış 700 min azərbaycanlı bu ərazilərin dağıdıldığını əvvəldən də bilirdik. Onlar “Google” xəritəsi vasitəsilə işğal altındakı rayonlardakı evlərini, iş yerlərini, dini məkanları axtarsalar da, tapa bilmirdilər. İndisə bu torpaqlarda demək olar ki, hər şeyin darmadağın olunduğunu görürük. Başqa sözlə, bu gün biz təxminən 30 il davam etmiş işğal nəticəsində meydana gəlmiş dağıntıları öz gözlərimizlə görürük. Məsələn, işğaldan azad edilmiş rayonlardan birində yerləşən məscid təhqirlərə məruz qalıb. Orada mal-qara saxlanırmış.

Ümumiyyətlə, işğaldan azad edilmiş rayonlarda 700 tarixi-mədəni abidə, 927 kitabxana, 800 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, ümumilikdə 100 min artefaktın saxlanıldığı 22 muzey, 4 rəsm qalereyası, 4 kinoteatr, 2 konsert zalı ya məhv edilib, ya da zədələnib. Vəhşiliyin miqyası insanı şoka salır. Amma proses hələ də davam edir. Məsələn, BBC-nin ötən ay hazırladığı reportajda sazişə əsasən rayonları tərk etməli olan ermənilərin evləri yandırdığı görünürdü. Onlar bu addımı oradakı tikililərin geri qayıdacaq azərbaycanlılara qalmaması üçün atırdılar.

Bəziləri düşünə bilər ki, Azərbaycana qarşı edilmiş bu vəhşilik, mədəni zorakılıq bizim daha sərt cavab addımları atmamıza yol açır. Amma bu, belə deyil. İşğaldan azad etdiyimiz rayonlar onsuz da darmadağındır. Biz irəli getməliyik.

Hesab edirik ki, Azərbaycanın müstəqillik qazandıqdan sonra müxtəlif dinlərə, mədəniyyətlərə münasibətdə göstərdiyi həssaslıq digər ölkələr üçün nümunədir. Bu gün biz ölkəmizdə minlərlə yəhudi, xristianlığın müxtəlif məzhəblərinin nümayəndələrilə birgə yaşayırıq. Onlar müsəlman qonşuları ilə yanaşı yaşayır, mədəniyyətlərini qoruyub saxlayır, rahat şəkildə ibadətlərini edir.

Roma Papası Fransisk Azərbaycan paytaxtı Bakıya 2016-cı ildə etdiyi səfər zamanı xristian, yəhudi və müsəlman liderlərlə görüşmüşdü. Papa görüşdə bildirmişdi ki, “dinlərin birgə yarada biləcəyi harmoniya şəxsi əlaqələrə və xoş iradəyə əsaslanmalıdır”.

Azərbaycandakı İbrahimi dinlərin nümayəndələri əlbəttə ki, bu xoş iradəni bölüşür. Buna ölkəmizdəki müsəlmanların lideri olan şeyxülislamın, baş ravvinin və provoslavların arxiyepiskopunun birgə məqaləsindən daha böyük sübut göstərmək olmaz. Onlar məqalədə dünyaya müraciət edərək, Azərbaycanın çoxkonfessiyalı dövlət kimi, yüksək qiymətləndirilməli olduğunu bildiriblər.

Bütün bunlara baxmayaraq, Azərbaycan guya xristian irsinə təhdid yaratmaqda günahlandırılır. Əlbəttə ki, biz belə ittihamların qarşısını ala bilmərik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan son 30 ildə müxtəlif dinlərin inkişafına töhfə verib, dini tikililəri bərpa edərək onların keçmiş şöhrətini geri qaytarıb. Bu, 30 il işğal altında qalmış, işğaldan bu yaxınlarda azad edilmiş ərazilərə nədən şamil olunmamalıdır?

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: The Washington Times