AZƏRBAYCAN FRANSA İLƏ “BARIŞDI”… – Makron geri çəkildi, Əliyev mövzunu bağladı

147

Sentyabrın 27-də Azərbaycan Ordusunun cəbhədə əks-hücum əməliyyatlarının başlamasından sonra Fransa prezidenti Emmanuel Makron bəzi təsdiqlənməmiş iddialarla çıxış etmişdi.

Makron bildirmişdi ki, Suriyadakı silahlı qruplar Türkiyə tərəfindən Azərbaycanın tərəfində döyüşmək üçün Qarabağa göndərilir. Fransa prezidentinin açıqlamaları Azərbaycanın etirazına səbəb olmuş və prezident İlham Əliyev bu barədə ya sübutlar təqdim etməyi, ya da üzr istəməyi tələb etmişdi.

İki ölkə münasibətlərində soyuqluq yaradan bu problem artıq yoluna qoyulub. Prezident İlham Əliyev bunu “France 24” telekanalına müsahibəsində deyib.

Jurnalistin “ATƏT-in Minsk Qrupu – hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə, Fransanın bu danışıqlarda həmsədrliyi qalmalıdır?” sualına İ.Əliyev belə cavab verib:

“Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik.

Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa Minsk Qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”.

Bəs, E.Makron niyə ölkəsinin tərəfsizliyinə kölgə salan bu cür məsuliyyətsiz bəyanatla çıxış etmişdi?

Bunun səbəbini ilk növbədə daxili siyasət amili ilə izah etmək olar. Fransada böyük – təxminən 600 min nəfərlik erməni icması yaşayır, onlar ölkənin siyasi, ictimai, mədəni həyatına sıx inteqrasiya olunublar.

Bu icmanın Fransanın siyasətinə müəyyən təsirləri qaçılmazdır, çünki demokratik bir ölkədə heç bir siyasi lider və hökumət özünün 600 min vətəndaşının iradəsini, istəklərini gözardı edə bilməz.

Fransada növbəti prezident seçkilərinə 2 ildən az müddət qalır (seçki 2022-ci ilin aprelində keçiriləcək), E.Makron yenidən prezidentliyə iddialıdır. Təbii ki, onun ermənilərin səsinə də ehtiyacı var. Bu səbəblə, o, özünü Qarabağ məsələsi ilə bağlı Fransa ermənilərinin könlünü oxşayacaq hansısa açıqlama vermək məcburiyyətində hiss edir.

Amma digər yandan, erməni icmasının Parisin siyasətinə təsirlərini şişirtməyə və Fransanı açıq ermənipərəst ölkə kimi damğalamağa da ehtiyac yoxdur. Fransa ilk növbədə öz dövlət maraqları əsasında siyasət yeridir.

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan vaxtilə demişdi ki, ABŞ-dakı erməni icmasının lobbiçilik fəaliyyətinin əhəmiyyətini əlbəttə ki, azaltmaq lazım deyil, amma bu təsir ABŞ-ın milli maraqları ilə toqquşduğu yerdə qurtarır. İndi bunu Fransaya da aid etmək olar.

Fransa ermənilərinin də təsir gücü bu dövlətin milli maraqları ilə toqquşduğu yerdə qurtarır. Fransanın maraqları isə Azərbaycanla əməkdaşlığın inkişafını tələb edir. Xüsusən iqtisadi sahədə Fransa-Azərbaycan əlaqələri Fransa-Ermənistan əlaqələrindən daha geniş və daha dərindir.

Fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edirlər. “Total”, “Thales”, “Suez” kimi şirkətlər ölkəmizdə dövlət sifarişi ilə həyata keçirilən layihələrin tərəfdaşlarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Ümumilikdə Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 50-yə yaxın Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər.

Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Məsələn, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb və 624,7 milyon dollar təşkil edib2019-cu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi bir il əvvəlin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb.

Siyasi səviyyədə Azərbaycan-Fransa əlaqələri müstəqillik dövründə kifayət qədər yüksək səviyyədə inkişaf edib. Fransa 1997-ci ildə, Heydər Əliyevin prezidentliyi dövründə, Azərbaycanın razılığı ilə ATƏT-in Minsk Qrupunun həmsədrliyinə qəbul olunub. 2003-cü ildə prezident seçilən İlham Əliyev ilk xarici və rəsmi səfərini məhz Fransaya etmişdi.

Şahin Cəfərli, politoloq

azpolitika.info