“Azərbaycan ermənilərin bütün təxribatlarına kəskin cavab verməlidir” – EHTİYATDA OLAN POLKOVNİK

174

“Tovuz istiqamətində baş verən gərginlik , birbaşa Ermənistan dövlət rəhbərliyinin təxribatıdır”

Bununla bağlı fikirlərini Hurriyyet.org-la bölüşən hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant  İbrahim Rüstəmli bildirib. O, bu hadisələrdə Ermənistan siyasi elitasının özünə növbəti dəfə xal toplamaq məqsədi daşıdığını qeyd edib:

“Tovuzda baş verən son hadisələr, indiyənə kimi cəbhədə baş verən hadisələrin davamıdır. Yəni bu cür təxribat xarakterli hallar, lokal döyüşlər demək olar ki, cəbhənin bütün istiqamətlərində zaman-zaman baş verib. Bu gün də baş verməkdədir. Bir müddət əvvəl Qazax istiqamətində baş verən və Tovuzda baş verən hadisələr istər siyasi, istərsə də hərbi baxımdan bir-birinə sıx bağlıdır. Birmənalı olaraq, Ermənistan dövlət rəhbərliyinin təxribatıdır. Yəni Ermənistan ordusunun deyil, Ermənsitan siyasi elitasının təxribatıdır. Əlbəttə, bu təxribat hadisələri, əsasən Ermənistanda baş verən ictimai-siyasi hadisələrlə bağlıdır. Bu hadisələrdə Ermənistan siyasi elitası özünə növbəti dəfə xal toplamaq, özünün siyasi imicini gücləndirmək məqsədi daşıyır. Hadisələrin hansı yöndə davam edəcəyini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Yəni, istər Azərbaycan tərəfindən, istər Ermənistan tərəfindən, istərsə də yaxın və uzaq qonşularımız tərəfindən qəbul olunan siyasi qərarlarla bağlı olacaq. Görünən odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə təcavüz edib və torpaqlarımız işğal edib. Bu siyasi tirubunalarda da təsdiqini tapıb. Ona görə də, Azərbaycan Ermənilərin bütün təxribatlarına kəskin cavab verməlidir. Belə etməklə, istər Ermənistandakı dinc əhalidə Qarabağla bağlı düşüncələrində, istərsə də Azərbaycanın mövqeyini gücləndirməkdə əhəmiyyətli rol oynayır”.

Qeyd edək ki, dünən- iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Hurriyyet.org