Azərbaycan erməni S-300-nü necə vurub? – Rusiyanın milyonlarla dollarlıq hərbi imici 200 dollara yox edildi

105

Azərbaycan ordusunun Dağlıq Qarabağda Rusiyanın hərbi sənaye kompleksinin rəmzi sayılan S-300 havadan müdafiə sistemini vurması şimal qonşumuzda ciddi müzakirələrə yol açıb. Bu zamanadək dünyanın ən etibarlı hava hücumlarından müdafiə sistemi kimi təqdim olunan S-300 kompleksinin ovçuykən ova çevrilməsi müxtəlif əsaslandırmalar uydurmaq zərurəti yaradıb və Rusiyanın müxtəlif hərbi portalları bəzi versiyalarını xəbər kimi təqdim edirlər.

Ovqat.com xəbər verir ki, Avia.pro portalının bu barədə irəli sürdüyü iddia daha çox maraq doğurur.

İddiaya görə, S-300-ləri vuran bu sistemləri Azərbaycana İsrail verib. Özü də havayı. Havayı verməsinin əsas səbəbi isə “Harpies” komplekslərini sınaqdan çıxarmaq olub.


Ovqat.com-un şərhi

Azərbaycanın həqiqətən də ermənilərə məxsus S-300 sistemini vurduğunu artıq Rusiya da gizlətmir. Belə çıxır ki, məlumat həqiqətən doğrudursa, “Harpies” kompleksi sınaqdan uğurla çıxıb.

Qeyd edək ki,  “Harpies” kompleksi əslində yeni kəşf olunmuş raket deyil. Bu silahın 1950-ci illərin sonlarında Amerikanın “Audiosoniks” Korporasiyasının təşəbbüsü ilə portativ zenit raket kompleksi əsasında hazırlandığı iddia olunur. “Convair” şirkətinin perspektivli “Reday” kompleksi ilə eyni vaxtda ABŞ Silahlı Qüvvələrinin Quru komponentləri üçün təklif olunub. Raket 1958-1959-cu illərdə ABŞ ordusu tərəfindən perspektivli layihə kimi incələnsə də, elmi-tədqiqat və təcrübi-konstruktor hüdudlarından kənara çıxmayıb. Belə ki, raket kompleksi təqdimatdan az sonra ABŞ ordusunun Baş Qərargah rəisi general Maksvell Teylor tərəfindən ixtisar edilmiş raketlərin siyahısına salınıb. 1960-cı ilin fevralında general Maksvell Teylor çıxardığı qərarla bəyan etmişdi ki, büdcənin elmi-texniki fənlər üzrə maddələrinin ixtisarı ilə əlaqədar (Birləşmiş Ştatların Konqresi Qərargah Rəisləri Komitəsinin etirazına baxmayaraq, 1959-1960 büdcə ili üçün 3,6 milyard dollar məbləğində ordunun maliyyələşdirilməsini azaldıb), “torpaq—hava” sinfinin perspektiv idarəolunan silahlanma proqramları və layihələri, o cümlədən taktiki hava hücumuna qarşı müdafiə vasitələri, dayandırılır və ya ləğv edilir. Teylorun bu qərarı Amerikanın müasir hərb tarixində “raketlərin iflası” kimi qiymətləndirilir.

“Harpies” raketi 4800 metrə qədər məsafədə uçan hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Raketlər isə qətiyyən baha deyil. Raketin qiyməti Pentaqona təqdim edildiyi zaman şirkət tərəfindən 200 dollardan aşağı təklif olunurdu. Müqayisə üçün deyək ki, ABŞ istehsalı olan tank əleyhinə “Kobra” sisteminin mərmisi ondan beş dəfə baha idi.

Nəzərə alsaq ki, S-300 raket sistemlərinin qiyməti milyon dollarlarla ölçülür, onu 200 dollarlıq raketlə vurmağın hərbi-iqtisadi önəmi də istisna deyil. Yəqin ki, ordumuzun bu nailiyyətlərindən sonra S-300-lərə tamah salan tapılmaz.