Azərbaycan dövlətinə qarşı soyuq savaş “Kripto etnos” ideologiyasının detalları…

270

XVIII yüzillikdə Yaxın Şərqin iki güclü türk dövlətini, yəni Osmanlı və Qacarlar xanədənlıqlarını çökdürmək üçün Fransa, Çarlıq Rusiyası, İngiltərə və bəzi Qərb dövlətləri fərqli toplumları bir-birinə qarşı qoymaq üçün “kripto etnos” siyasətini meydana gətirməyə çalışırdılar. Etnoqrafik ekspedisiyalar təşkil bəzi toplumlarla bağlı etnoloji baxımdan sənədlər üzərində işləyirdilər. Hətta “kameral təsvirlər” hazırlayırdılar. Başlıca məqsəd min illərdir mövcud olan siyasi, coğrafi, mədəni və sosial həyat tərzinə nüfuz edərək Şərqin bu iki nəhəng dövlətini tamamilə diz çökdürmək, sömürgəçi siyasətlərini dərinləşdirmək idi. Bu yöndə xüsusilə erməni icmalarına istinad edilirdi. Sovetlər Birliyi yarandığı dönəmdə şərqşünaslıq elmi adı altında bu ənənələr davam etdirildi. Ona görə də, İran, Suriya, İraq, Livan və digər Yaxın Şərq ölkələrində xalqlararası nifaq toxumlarını səpmək, müxtəlif müharibələri təşkil etmək SSRİ Elmlər Akademiyası üçün asan başa gəlirdi. Əfqanıstan, Türkiyə, Suriya, İraq, Liviya, Oman, Sudan, Livan və digər ölkələrdə uzun illər vətəndaş müharibələri yaşanıldı. SSRİ dağıldıqdan sonra, bu hədəflər Qafqaz, Ukrayna, Moldova və Orta Asiyada cərəyan etməyə başladı. Gürcüstanda “Abxaziya” və “Cənubi Osetiya”, Azərbaycanda “Dağlıq Qarabağ”, Moldovada “Dnestryanı” adlı qondarma regionlar problemlərinin etnoloji baxımdan məhz bu ideyalardan qaynaqlanır.

Azərbaycanda etnoqrafik mənzərənin fövqündə duran gizli oyunlar

Ölkəmizin tarixi ərazisi olan Qarabağ ətrafında Ermənistanın ekspansiya siyasətinin tərkib hissəsi olan işğalçılıq hədəflərini dərinləşdirmək, Qərb ölkələrində bir vaxtlar dəbdə olan “antitürk” baxışları körükləyərək daha geniş ərazilərə sahib çıxmaq kimi strateji yanaşamaların uzantılarına status qazandırmaq üçün ermənilər çox çabalar göstərdilər. Bununla yanaşı, Azərbaycan Respublikasında süni şəkildə etnik tablo müstəvisində ən azından “federativ dövlət” modelini dünyanın bütün elmi mərkəzləri ilə paylaşmağa çalışdılar. 1991-1995-ci illərdə elan edilən “Ləzgistan”, “Avarstan”, Talışstan” hərəkatlarını 1997-ci ildə “Anti Turan Hərəkatı” adı altında bütünləşdirmək üçün erməni fondları külli miqdarda pullar xərclədilər. Halbuki, Azərbaycanda bütün milli azlıqlarların mədəni, sosial və ictimai hüquqları ilə bağlı dövlət qanunun varlığını belə beynəlxalq səviyyədə inkar etmək üçün dəridən-qabıqdan çıxdılar. Nəticədə “Avarstan” və “Ləzgistan” ideyalarına qarşı ilk sırada elə ləzgi və avar xalqlarının özü çıxmağa və erməni siyasətinin əlində alət olmayacaqlarını elan etdilər. Elə talış xalqı da ermənilərin bu mənfur ideyalarının ardınca getmədi. Rusiyada fəaliyyət göstərən və erməni fondlarına dəstək verən “Anelik”, “Kaskad”, “Konvers” tipli banklar güclü maliyyə vəsaitləri ayıraraq, Qafqazdakı qədim prototürk və protoxristian mədəniyyəti,  tarixini, eləcə də maddi-mədəniyyət abidələrini “erməniləşdirmək”, bu ideya mümkün olmadıqda digər milli azlıqların “əzəmətli mirası” kimi təlqin etmək strateji hədəflərini gizlətmirdilər. Hətta “Qafqaz Albaniyası” mövzusunda Moskvada 3 dəfə beynəlxalq elmi konfrans keçirdilər. İrəvan Dövlət Universiteti şərqşünaslıq kafedrasının “iranşünaslıq” şöbəsinin nəzdində yaradılan “Talışşünaslıq” və “Talış Araşdırmaları” mərkəzlərinin fəallaşmasını Azərbaycan dövlətinə qarşı “soyuq müharibə”nin davamı kimi də qiymətləndirmək olar. Təəssüflər olsun ki, İrəvanın bu təşəbbüsünə dəstək kimi, adını İran İslam Respublikası qoymuş ölkənin bir neçə universitetini əhatə edən 56 nəfər alim ermənilərin bu proyektlərində neçə illərdir iştirak edirlər. Hətta qonşu ölkənin Gilan vilayətində “Talış” adlı aylıq dərgi dərc etməklə erməni alimlərinin uydurma yazılarına geniş yer verilir.

Sosiallaşma siyasətində önə çıxmaq hədəfləriAzərbaycan Respublikasının işğal altında olan  Şuşa şəhərində Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə 2013-cü ildə yaradılmış “Tolişstoni sədo” radiosunda (AM-9677 diapozunda yayılır) Zahirəddin İbrahimi (ov), Əlikram Hümbətov, İsmayıl Şabanov, İşxan Sarqsyan, Zabil Məhərrəmov, İlham Babazadə, Rasim Mirzəyev, Ruslan Almaszadə, Seyidəmir Məmmədzadə, Harnik Asatryan, Vardan Voskanyan, Səbərz Hüseynzadə, Yasin Kərənzadə, Kavə Fərrox, İqbal Əbilov, Şəhram Azmudə, Ara Papyan, Xaçik Gevorkyan kimi separatizm siyasətinin yanında yer alanlar bu kanalın vasitəsilə Azərbaycan dövlətinin ərazi bütövlüyünə  qarşı genişmiqyaslı təbliğatlar aparırlar. Bununla yanaşı, indi özünü saxtakarcasına “siyasi məhbus” adlandıran Fəxrəddin Abbasov (Əboszadə) vaxtilə “Talış Akademiyası”nı yaratmaqla və “Talış Xalq Hərəkatı”nı elan etməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı uzun müddət etnik separatizm siyasətini yürüdübdür.

Ermənistan xüsusi xidmət orqanlarına bağlı olan “Modus Vivendi”  və “ARMACAD” kimi qurumlar talış xalqının adından siyasi alver edən bir sıra şəxləri ələ alaraq, onların vasitəsilə Cənub regionu əhalisinin süni şəkildə “dietnizasiya”ya məruz qalması təbliğatlarını aparır. Belə ki, 105 minlik Biləsuvar, 192 minlik  Cəlilabad və 58 min nəfər əhaliyə malik Yardımlı rayonlarında bir nəfər də olsun etnik mənşə baxımından talış əsilli vətəndaşlar yaşamırlar. 225 min 780 nəfər əhalisi olan Masallı rayonunun irili-xırdalı 110 kəndindən 35-də talışlar yaşayırlar. 82 min nəfər əhalisi olan Astara rayonunun irili-xırdalı 93 kəndindən 60-da talışlar yaşayırlar. O da bəllidir ki, şəhər əhalisi mənşəcə sünnü təriqətinə məxsus azərbaycanlılardan ibarətdir. Cənub bölgəsinin ən iri mərkəzi şəhəri Lənkərandır. Şəhərin “Böyük Qala” və “Kiçik Qala” adlı iki mühüm hissəsində məskunlaşma üzrə əhalinin faktiki olaraq 90 faizi azərbaycanlılardan ibarətdir. 200 minlik əhalisi olan bölgənin irili-xırdalı 85 kəndi vardır. 30 min nəfər əhalisi olan Nərimanabad qəsəbəsindən savayı bütün kəndlərin əhalisi talışlardan ibarətdir.

Ermənistan xüsusi xidmət orqanları bu faktları bir kənara qoyaraq, süni şəkildə elan edir ki, guya Cənub bölgəsi əhalisinin etnik tərkibi 100 faiz talış xalqından ibarətdir. Halbuki, dəqiq statistik rəqəmlər, yerli etnoliji mənzərə tamamilə bunların əksini deyir. Beləliklə bəlli olur ki, Cənub bölgəsi əhalisinin 25 faizinə yaxın etnik tərkibi talış xalqından ibarətdir. Biz istənilən xalqa münasibətdə tarixən tolerantlıq nümayiş etdirmişik. Azərbaycanın son min illik tarixi mərhələsinə diqqət yetirsək, görərik ki, dominantlıq təşkil edən azərbaycanlılar heç bir xalqa qarşı zorakılıqla və ya süni şəkildə assimliasiya siyasətini yürütməyib. Bütün xalqlar vahid orqanizm kimi indiyədək mövcudluğunu qoruyub saxlayıbdır. Bütöv bir bölgənin etnik mənzərəsini Ermənistanın mənfəətləri əsasında siyasi dolanbaclara cəlb etmək üçün “kripto etnologiya” hədəfləri məhz bu yöndə sərgilənir.

Erməni etnoqrafları belə bir təcrübəni Güney Azərbaycan, Türkiyə, İraq və Suriyada neçə illərdir tətbiq edirlər. Həmin dövlətlərdə bəzi xalqları bilgisizlik ucbatından süni şəkildə öz maraqları çərçivəsində başqa toplumların tərkib hissəsi olması ideyasını ortaya atırlar. O zaman sual yaranır ki, Ermənistanın bir neçə nəfər sapqını ələ alaraq, onların vasitəsilə bu ideyaları niyə ortaya atır? Qeyd etməliyik ki, məqsəd birdir. Ən azından Azərbaycanın “Dağlıq Qarabağ” ərazisini ələ keçirmək və burada keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış “muxtariyyat” statusunu saxlamaqla ölkəmizin ərazi bütövlüyü üçün təhdid mənbəyi olaraq qalmaqdır. Ona görə də digər azsaylı xalqların bəzi nümayəndələrini bu prosesə cəlb etməklə strateji hədəflərini qorumaq istəyir.

Çoxsaylı media şəbəkəsində yer alan provakasiyalar

Son bir neçə ildə üzdəniraq erməni “talışşünas” alimlərinin hazırladıqları ideyalardan biri də İran, Rusiya, Ukrayna, Estoniya, Hollandiya, Almaniya, ABŞ, Fransa və digər ölkələr üzərindən çoxsaylı media və sosial şəbəkələrin yaradılmasıdır. Bu mənada indi Azərbaycan dövlətinə qarşı etnik separatizm ideyalarını təbliğ edən “Talış Media İnformasiya Agentliyi”, “tolishpress.org”, “tolishinfo.wordpress.com”, “tolish.narod.ru”, “talishvestnik.narod.ru”, “taldesing.narod.ru”, “talgam.narod.ru”, “talfoot.narod.ru”, “talish.org”, “caspi1.org”, “Tolış” dərgisi (İran) və digər informasiya resurslarını işə salmaqla Ermənistanın strateji hədəflərini ortaya qoyurlar. Bu istiqamətdə demək olar ki, İrəvandan idarə olunan “yerkramas.org”, “nashaarmenia.info”, “defacto.am”,

“miacum.ru”, “balali.livejournal.com”, “javakhk.livejournal.com”, “kadamov.com”,
“panorama.am”, “aysor.am”, “golosarmenii.am”, “lragir.am”, “bvahan.com” və digər onlarca sayda informasiya portalları gecə-gündüz bu istiqamətdə təbliğat aparırlar.

Hal-hazırda Hollandiya, Norveç, İsveç, Almaniya, Fransa və digər Qərb ölkələrində “mühacir” status ilə yaşayan bəzi etnik separatizm ideyasının tərəfdarları “Avropa Erməni Təşkilatları Konfederasiyası”nın dəstəyi ilə Qərbə məxsus bəzi fondların sayəsində “milli azlıqların hüquqları” adlı layihələr əsasında maliyyə dəstəyi alaraq ölkəmizə qarşı sosial şəbəkələrdə informasiya müharibəsini aparırlar. Hətta cinayət əməlində təqsirli bilinənləri belə, “siyasi məhbus” kimi qələmə verərək hədəflərini gizlətmirlər. Avropada ölkəmizə qarşı etnik separatizm ideyalarını təbliğ edənlər həm də özlərini “ana müxalifət” adlandıran “Milli Şura”nı müdafiə etdiklərini gizlətmirlər. “Milli Şura”nın Almaniya, Belçika, Hollandiya və digər Avropa ölkələrində Azərbaycan dövləti əleyhində keçirdikləri aksiyalarda “etnik separatizm” tərəfdaları daha çox aktiv şəkildə fəallıq göstərirlər.

Qondarma “TMMH”-nin (Talış-Muğan Mühacir Hökuməti) Belçika, Hollandiya, Almaniya, Fransa, İngiltərə, İsveç, Avstriya, Norveç və digər Avropa dövlətlərindəki Ermənistanın səfirlikləri ilə ciddi əlaqələrə malik olduğunu  artıq hər kəs bilir. “TMMH”-nin son dövrlərdə BMT-də təmsil olunmayan xalqlar üzrə komissarlığı ilə isti münasibətlər qurmaq cəhdləri hələ ki, istənilən nəticəni verməsə də, onlar bütün səyləri ilə bu ali qurumun vasitəsilə özlərinin Azərbaycan dövlətinə qarşı təsir imkanlarını qazanmağa cəhdlər edəcəklərini heç də gizlətmirlər.

Rusiya Federasiyasında isə, ilin yarısını İrəvanda keçirən İsmayıl Şabanov adlı birisi soydaşlarımız arasında etnik separatizm təbliğatlarını aparaq, imkansız şəxsləri birbaşa ermənilərin “agentura şəbəkəsi”nə çalışmaları üçün cəlb edir. Kasıblardan ibarət olan bu insanlara ermənilərə məxsus banklardan ucuz kreditlər təşkil etməklə onlar üçün iş yerlərinin açılması ideyası da İsmayıl Şabanovun əməllərindən biridir.

Faktiki olaraq, bu ölkənin Tümen, Orenburq, Samara, Kemerovo, Volqaqrad, Tver,
Çelyabinsk, Kalininqrad, Sankt-Peterburq və digər bölgələrində bu yöndə şəbəklər yaradıbdır.

Müşahidələrimzə əsasən onu da qeyd etməliyik ki, “talış etnik separatizmi” ideyasını irəli sürənlərin əksəriyyəti üçün bu məsələ həm də dolayı yolla yaşam tərzi və əlavə qazanc mənbəyidir. Bu barədə növbəti yazımızda.

 

Ənvər BÖRÜSOY