Azərbaycan diasporu və Şərqi Avropa

69

Şərqi Avropa dövlətləri demək olar ki, 1990-cı illərin sonlarında “Sovet İttifaqı” adlı bir imperiyanın caynağından “Soyuq Savaş”ın çökməsi ucbatından real müstəqilliklərini əldə edə bildilər. 1939-1991-ci illər ərzində Şərqi Avropa coğrafiyasına daxil olan bir çox dövlətlərin xalqları heç zaman sovet işğalını həzm etmədilər. Müxtəlif təsir vasitələri ilə özgür dövlət ideyasına sahib çıxmaq üçün mücadilə apardılar. Bu gerçəkliyi nə tarix, nə də kimsə unutmamışdır. Əsas səbəbi bunun siyasi və ictimai, sosial və etnomədəni, digər inanclara bağlı idi. Ukryana, Estoniya, Litonya, Latviya, Polşa, Çexiya, Slovak, Macarstan, Romanya, Bolqarıstan, Albaniya, indi 8 ölkəyə bölünmüş keçmiş Yuqoslaviya Federasiyası (Makedoniya, Serbiya, Bosniya-Hersoqovina, Qaradağ (Çernoqariya), Xorvatiya, Montenerqo, Kosova və Sloveniya) və Moldova artıq hansısa imperiyanın təsiri altında yaşamaq istəmirlər. Bu dövlətlərin hər birində dövlət şüuru və ictimai düşüncə “occupation”, hər növ işğalçılığa qarşı olmaqdan ibarətdir. İndi həmin dövlətlərin çoxunda yeni nəsil Azərbaycan diaspor təşkilatları vardır. Min dəfələrlə təəssüflər olsun ki, həmin təşkilatlar nə yerli xalqlarla, nə onların dövləti və nə də vətəndaş cəmiyyəti ilə uzlaşan fəaliyyət sistemlərini qurmayıblar.

İşğalçılıq siyasətinə Şərqi Avropanın nifrətinin səbəbləri

Bu mövzuda tarxin ən dərin qatlarından indiki dönəmə qədər istənilən sayda kitablar yazmaq olar. Şərqi Avropa dövlətləri xalqları nə ruslaşmaq, almanlaşmaq, nə də başqa bir nəhəng dövlətin təsiri altında özümlüyündən uzaq durmağı belə ağıllarına gətirmirlər. Bu, ifrat və ya radikal dini-milli baxışlardan doğan səbəblərə bağlı deyildir.
Bu sadəcə XX yüzilin sonlarında baş qaldıran və XXI yüzildə isə, inkişaf etdirilməsinə çalışılan “etnokulturoloji” sistemlərin ədalətli şəkildə öz düzəni və standartlarına bağlı olmaq fəlsəfəsinin reallaşdırılması üçün atılan addımlardır. Özümlü olmaq, dövlətinin qorunması, neoimperiya siyasətlərinin əlaltısına çevrilməmək, bərabərhüquqlu anlam içində dünyada hürr yaşamaq prinsipi bu dövlətlərin ana hədəfləridir. Qədim tarixə diqqətlə baxılsa, xristianlığın yayılması pərdəsi altında bu xalqların yunanlaşdırılması və ya italyanlaşdırlması hədəfləri yaşanılmaışdır. Orta əsrlər dövründə germanlaşma və son tarixi mərhələdə isə, ruslaşdırma kimi dərin yaraların izlərini bu xalqlar hələ də unutmayıblar. Biz buraya ingilisləşdirmə, fransızlaşdırma, isveçləşdirmə və digər problemləri əlavə etmirik. Şərqi Avropa xalqları yüzillərdir dini, milli, siyasi və digər baxımdan “occupation”, yəni işğalçılıq siyasətinə qarşı mücadilə aparıblar. Bu yolda yüzminlərlə, bəlkə də milyonlarla insanlar canlarından keçiblər. Elə buna  görə də düşüncə baxımından özgür dövlət olmanın dəyərini yüksək səviyyədə bilir və onu qorumağa çalışırlar.

Baltik üçlüyünün hədəfləri

Baltikyanı Litonya, Estoniya və Latviya dövlətləri etnogenezis baxımından allaman və fin-uqor mədəni sisteminin bir parçası olduqlarına və coğrafi strateji məkana görə, tarixən “svenskar”, yəni hettlərin, daha sonra “svey”lərin, yəni almanların, daha sonra isə, panslavyanizm siyasətinin tərkib hissəsi olan ruslaşdırmanın dini və milli əsarəti altında yaşamaq zorunda qalıblar. Ancaq, tarixin sınaqlarından keçərək özümlü bir toplum və dövlət olmaq siyasətinə sahib çıxmağı da bacarıblar.

Qərbi slavyan kökənlilərin özgürlük hədəfləri

Şərqi Avropada bu gün Polşa, Ukrayna, Makedoniya, Serbiya, Bosniya-Hersoqovina, Qaradağ (Çernoqariya), Kosova və Sloveniya və Bolqarıstan kimi dövlətlər vardır. Bu dövlətlərin heç biri “panslavyanizm” adı altında vahid dövlət olmaq, ortaq milli dövlət siyasətində yer almaq, dini baxımdan bütün olmaq kimi hədəfləri sərgiləmirlər. Ona görə ki, ortada Rusiya və onun Moskva Patriarxlığı ideyası mövcuddur. Rusiya isə bu dövlətləri və toplumları “panslavyanizm” adı ilə slavyan toplumlarını ruslaşdırmaq və bu özünün ərazilərinə qatmaq kimi iddiaları 1556-cı ildən daşımaqdadır.
Şərqi Avropa slavyan xalqları onu da yaxşı dərk edirlər ki, Rusiya slavyan aləmində ən nəhəng coğrafi əraziyə sahib olsa da, bəşəri mənada inkişafları hədəflərinə görə istənilən anda məhv etmək siyasətindən əl çəkmir. Özəlliklə XIX yüzillikdə Avropada başlanılan sənayeləşmə, yeni mədəni sistemlər, iqtisadiyyatın idarə olunması, bəşəri mənada siyasətlərin tamamilə fərqli məcrada inkişafı Qərbi Slavyan xalqlarının daha çox marağına səbəb oldu. Digər yandan daim müharibələr yolu ilə sərvət qazanan və hegemonluq siyasətindən bir addım da olsun geri çəkilmək fikrində olmayan Çarlıq və ya Sovet Rusiyasına buna görə də isti münasibət bəsləmədilər. II Dünya Savaşı dönəmində Şərqi Avropanın işğalı və amansızcasına yürüdülən siyasətin daha böyük təsiri oldu. Polşa və keçmiş Çexoslovakiyada 1950-1900-cı illərdə yaşanılan proseslər bunları təsdiq edir.  Bolqarıstanı zor gücünə slavyanlaşdırmaq və rus-ortodoks kilsəsinə bağlamaq da bu hədəflərdən biri idi. Halbuki, Sovet İttifaqı sözdə “sosializmi” və “xalqların özgürlüyü” kimi ideyaları dünyaya yaydığını iddia edirdi.

Macarstan və Romanyanın özgürlük savaşı

Macarlar etnoloji düzən baxımından Türk Dünyası dil ailəsinin “Fin-Uqor” qoluna bağlıdırlar. Avropa mərkəzçi dövlət sistemi orta əsrlərdə bu xalqı din pərdəsi altında tamamilə fərqli bir anlayış içində assimliasiyaya məruz qoymaq siyasətini yürüdüb. Ona görə də macarlar demək olar ki, Macarstan dışında Şərqi Avropanın əraziləri boyunca yayılıblar. Polşa, Çex, Slovakiya, Almaniya, Romanya, Fransa, Hollandiya və başqa Avropa ölkələrində macar icmaların sayı heç də az deyildir. “Soyuq Savaş” bitdikdən sonra, Macarstanda üç siyasi-fəlsəfi ideya ortaya çıxsa da (liberal, dini idarəetmə və milli) sonda milli dövlət olmanın düzəninə dəstək daha da böyüdü. Artıq Macarstan özünü dövlət olaraq Türk Dünyası ailəsinin bir parçası olaraq görür. Bu məqsədlə Türk Dövlətləri Şurasına üzv olmaq üçün rəsmi müraciət də edibdir.
Romanya (bizlər yalnış olaraq Rumıniya deyirik) Moskva tərəfindən ikiyə bölündüyü üçün, heç bir zaman Rusiyanı əfv etmək fikrində deyil. Moldova bir bölgə olaraq bu dövlətin tarixi ərazisidir. Hər iki dövlətin xalqlarının ana dili də romen və ya roman adlanır. Stalnizmin mirası olan bu ədalətsizlik həm Romanyada, həm də Mldovada indinin özündə belə, lənətlənməkdədir. Ona görə də Rusiya Moldovanı təhdid altında saxlamaq üçün onun ərazisində “rusdilli” əhalinin qorunması adı altında “Dnestryanı” anklavını yaradıbdır. İndi bu iki dövlət birləşmək və tarixi baxımından bütün olmaq  hədəflərinin yollarını arayırlar.

Balkan paktının astar üzü

Ötən yüzilin ortalarında İtaliyada Benito Mussolini, Almaniyada Adolf Hitler, Sovetlər Birliyində İosif Stalin kimi diktatorlar Balkan yarımadasını ələ keçirməklə Ağ dənizə sahib olmaq hədəflərini açıq şəkildə elan etməkdən çəkinmirdilər. Savaş dönəmində Sovetlər Birliyinin revanş götürməsi sayəsində Balkanlarda Yuqoslaviya Federativ Dövləti adı altında Moskva istədiyinə nail ola bildi. Panslavyanizmi qəbul etməyən bölgə insanlarına inad, Stalin mənşəcə xorvat olan Broz Tito kimi diktatoru iqtidara  gətirdi və 1943-cü ildən 1980-ci ilə kimi bu qeyri adi insan ən sərt qayda-qanunlarla “federasiya”nı qorumağa çalışdı. İndi fərqli dini təriqətlərə və baxışlarla yanaşı, Broz Tito rejiminin buraxdığı çatlar bu dövlətin səkkiz yerə parçalanmasına səbəb olubdur. Son zamanlar yerli analitiklər Moskvanı belə bir yalnış siyasətinin acı sonluğuna görə sərt şəkildə tənqid edirlər.

Ukryana modeli ən düzgün yanaşımdır

Azərbaycan diasporunun Şərqi Avropa ölkələrində ən çox məskunlaşdığı ölkə təbii olaraq Ukraynadır. Ukrayna tarixən slavyan-türk işbirliyini ən fəal şəkildə müdafiə edən ölkədir. Bu dövlətin ərazisindəki qədim kurqan mədəniyyətinin əski türk tarixinə bağlı olduğunu da inkar etmirlər. Elə buna görə də həmin ənənələri davam etdirmək məsələsində problemlər yaranmır. Bizim fikrimizcə, Şərqi Avropa dövlətlərində milli diaspor siyasətimizin düzgün aparılması üçün, Ermənistanın işğalçılıq siyasətini də daim gündəmə gətirməkdə problemlər olmayacaq. Çünki, bu dövlətlər “occupation” siyasətini əsla qəbul etmirlər. Bu 20 dövlətlə uzlaşmaq deməkdir. Onların da dərdləri eynilə bizim taleyimiz kimidir. Həmin dövlətlərin çoxunda indi Azərbaycan diasporu təşkilatları mövcuddur və səfirliklərimiz vardır. Şərqi Avropa dövlətlərinin vətəndaş cəmiyyəti, siyasi partiyaları, elmi mərkəzləri, parlamentləri və digər infrastrukturları ilə ortaq fəaliyyətlər nəticəsində Azərbaycan Avropanın 20 dövləti ilə vahid konsepsiya irəli sürə bilər. Bu, “OCCUPATİON” əleyhində xalqların və dövlətlərin sürə biləcəyi beynəlxalq birgə mübarizəsinə çevrilə bilər. Ermənistanın bu dövlətlərdə təsir dairəsi də yox kimidir. İşğalçılıq siyasətinə qarşı beynəlxalq həmrəyliyin hərəkata çevrilməsi prosesləri güclənərsə, o zaman dünyanın hər yerində Ermənistanı baykot etməyin yolu da asanlaşar. Beynəlxalq təzyiq bu gün ən güclü silahlardan biridir. Azərbaycan diasporu bu məsələdə aktiv olmalıdır ki, istənilən nəticələr də səmərəli olsun. İndiyə kimi bu barədə çox nadir hallarda fikirlər səsləndirilibdir. Fikrimizcə artıq zamanın özü yetişib.

“Hürriyyət”

***

Diaspora mövzusu