Azərbaycan diasporu Qarabağda mütləq qələbəyə inanır

195

27 sentyabr tarixində Ermənistana məxsus silahlı quldur dəstələri Azərbqaycanın işğal altında olan ərazilərindən müxtəlif çaplı silahlardan intensiv yayılım atəşlər açmağa başladllar. Yaranmış gərgin şəraitə qarşı Azərbaycan Milli Ordusu tələb olunan qaydada düşmən tərəfi susdurmağa başladı. Çox qısa bir zamanda cəbhə bölgəsində vəziyyət tamamilə dəyişməyə başladı. Belə ki, 13 günlük davam edən hərbi əməliyyatlar nəticəsində 30 ildir davam edən və Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılması ilə vağlı sülh danışıqlarının irəli sürdüyü tələblər aradan qaldırılmağa başladı. Kəlbəcər rayonu və xüsusilə də Murod dağının düşmən qüvvələrindən azad ediıməsi işğal olunmuş ərazilərimizin azadlığı üçün başlıca amil oldu. İndi Azərbaycan tərəfi söz sahibinə çevrilməklə həm də danışıqlar masasında öz iradəsini daha sərbəst şəkildə qoymaq imkanı qazanıb. Azərbaycanda bütün bunlar xalq tərəfindən böyük coşqularla qarşılanması ilə yanaşı xaricdə yaşayan soydaşlarımız da ictimai və mənəvi baxımdan öz dəstəyini verir.

“Mən Azərbaycanın gözü ilə Avropaya baxıram”

25 ildir Fransanın Sent Etyen şəhərində yaşayan Faiq Məmmədoğlu bildirdi ki, ailəsi ilə birlikdə bu ölkədə məmnunluq duyur. Ancaq, heç bir zaman Avropanın deyil, Azərbaycanın gözü ilə dünyaya baxmağa çalışır. Ona görə ki, harada yaşamaq deyil, kim olmaq bizim üçün başlıca şərtdir. Bu gün Fransa bir dövlət olaraq Dağlıq Qarabağ məsələsində maraqlı tərəf kimi çıxış etmir. Əgər ermənilərin xeyri üçün hər hansı bir isti kəlmə işlərdirsə, deməli Fransada bələdiyyə və ya parlament seçkiləri keçirilir. Fransanın Ermənistanla bağlı digər hədəfi erməniləri tamamilə “frankoman” ideologiyasına cəlb etməkdir. Çünki, Fransa dövlətinin ideoloji, mədəni, ictimai və  sosial anlayış baxımından təsir dairəsi əsasən “frankofoniya” modlei ilə tənzimlənir. Buna Fransa və fransızların təsiri altında olan xalqlar deyilir. Seneqal, Nigeriya, Çad, Tunis, Qvineya-Bisau, Livan, Mali və digər dövlətlər və xalqlar faktiki olaraq fransız düşüncə sisteminin bir parçasıdırlar. Fransada təqribən 500 min nəfərə yaxın erməni yaşayır. Onlar həm də ictimai baxımdan çox fəladırlar. Ona görə də Fransa çalışır ki, erməniləri və Erməniləri “frankoman” ideologiyasına sürükləsin. Azərbaycanın 30 ildir ki, işğal altında olan ərazilərinin son iki həftədə tamamilə təmizlənməsi istiqamətində aparılan antiterror əməliyyat tədbirlərini bizlər çox böyük ruh yüksəkliyi ilə qarşıladıq.
Lyon, Tuluza, Nitsa, Nant, Strasburq, Monpelye, Bordo, Lill, Ren, Reyms, Qrenobl, Havr, Tulon, Anje və digər şəhərlərdə yaşayan soydaşlarımızla gündəlik olaraq, bu qələbləri paylaşırıq. Biz çox yaxşı bilirik ki, Fransada Azərbaycan və Türkiyə diaspor təşkilatları nə qədər aktiv olsalar da, dövlət siyasəti ermənilərin yanındadır. Ancaq, bu o demək deyil ki, bütünlükdə fransız xalqı ermənilərin yanındadır. Bizim fəaliyyət dairəmiz də elə o sadə fransızlarla məhdudlaşır. Mənim qonşularım, iş yoldaşlarım və ailəmizin dostu olan fransızların hamısı heç də dövlətin ermənlərə olan maraqları çərçivəsində düşünmürlər. Biz onlara görkəmli fransız alimi Jorj de Malevilin erməni yalanları haqqında yazdığı fundamental elmi məqalələrini təqdim edirik. İstənilən fransız vətəndaşı onları oxuduqca, ermənilərin nə qədər mənfur xislətli olduqlarının şahidinə çevrilirlər.

Ukrayna Azərbaycanın hər zaman yanındadır

Bu qardaş ölkənin Lvov şəhərində yaşayan soydaşımız Rəcəb Quliyev isə bildirdi ki, diaspor məsələsində fəal olmasa da, onun əsas işi sadə ukraynalılarla çalışmaqdır. Demək olar ki, Qərbi Ukrayna adlanan bölgələrdə erməniləri və Ermənistanı kimsə dəstəkləmir. Ona görə də, bu bölgələrdə ermənilər yox kimidirlər. Bunun səbəbini isə ukraynalılar izah edirlər ki, Çarlıq və Sovet Rusiyası müstəqil Ukraynanın müstəqil dövlət olmasına qarşı hərbi müdaxilələr edən zaman ermənilər silahlanaraq, daima Moskvanın yanında yer alıblar. 2014-cü ildə Krımın işğal edilməsi bu faktı bir daha sübut etdi ki, orada yaşayan ermənilər tamamilə Rusiyanın mənafeyini müdafiə etdilər. İndi erməni məsələsi Ukraynanın Kiyev, Odessa, Volın, Rovnensk, Jitomir,
Xmelnitski, İvano-Frankosvski, Zakarpat, Çernovits, Çerniqov, Sum, Poltava və digər vilayətlərində qəbuledilməz hal kimi qarşılanır. Ona görə də, onlar bu vilayətlərdən köçüb gedirlər. Ukraynada Azərbaycan diasporu demək olar ki, dövlət səviyyəsində dəstəyə malikdir. Çünki, soydaşlarımız hər zaman Ukrayna dövlətinin milli maraqları çərçivəsində fəaliyyət göstəriblər. 27 sentyabr tarixindən bu günə kimi Qarabağda işğal olunmuş ərazilərimizin düşməndən tamamilə təmizlənməsi istiqamətində atılan addımları Ukraynada hər kəs çox ciddi şəkildə təqib edir. Azərbaycan separatizmə qarşı antiterror əməliyyatlarını necə və hansı texnologiya ilə aparması istiqamətində bu problemdən əziyyət çəkən bütün dövlətlər üçün bir örnəkdir. Hər gün gözümüz Azərbaycandan gələn xəbərlərə dikilib. Bizim uğurlarımız həm də soydaşlarımıza olan bəzi yalnış və steorotip baxışların köklü şəkildə dəyişməsinə səbəb olub. Budur milli qürur mənbəyi. Bizlər indi qürurla yola çıxa bilirik.

Sakit Həmzəyev: “Qazaxstan Qarabağ məsələsində Azərbaycanın yanındadır”

Alma-Atı şəhərində yaşayan və rəssam kimi tanınmış Sakit Mirzəyev bizimlə söhbəti zamanı bunları bildirdi: “27 sentyabr tarixindən Qarabağın və işğal olunmuş ərazilər məsələsində atılan addımlar, xüsusilə də antiterror əməliyyatları tək burada yaşayan azərbaycanlıların deyil, həm də qazax, uyğur, tatar, özbək, türkmən, başkort, çuvaş, noqay, kumık, qaraçay və digər türk xalqlarının nümayəndələri tərəfindən diqqətlə izlənilir. Qazaxstanın bu gün Qarabağ məsələsində sakit durmasına baxmayın. Ona görə ki, bu qardaş ölkənin coğrafi, ictimai və siyasi mənada bir sıra proseslərə görə zahiri baxımdan sakit görünə bilər. Ancaq, ruhən onların hamısı bizimlədirlər. İşğal olunmuş ərazilərimizin Azərbaycan Milli Ordusunun şanlı qələbəsindən hər gün yeni müjdələr gözləyirik. Bizlər məğlub xalqın deyil, qələbə çalmaq qüdrəti olan dövlətin insanları olaraq yola çıxa bilirik. Qazaxstan MDB və KTŞ-nin üzvü olmasının xeyirli tərəfi odur ki, Rusiya və Ermənistan bir sıra niyyətlərini reallaşdıra bilmirlər. Elə son hadisələr də onu göstərir ki, Ermənistan çox çalışdı ki, Azərbaycanı hərbi baxımdan provakasiyalara cəlb etməklə KTŞ üzvü olan dövlətlər onu himayə etsin. Qazaxstan və onun müdrik rəhbərliyinin səyləri nəticəsində ermənilərin bu iyrənc hədəfləri baş tutmadı. Mən bir rəssam olaraq, Qazaxstanın əksər bölgələrində sərgilərdə iştirak edirəm. Qazax siyalılar arasında çox sayda dostlarım var. Onlar bizlərə daim onu xatırladırlar ki, Qazaxstan və qazax xalqı heç bir zaman Azərbaycanın əleyhində addım atmayacaq.

Milli birlik istənilən dövlətin qələbələrinin təməlidir

Belorusun Qomelsk şəhərində yaşayan və diaspor sahəsində fəallığı ilə seçilən Sədi Fərhadoğlunun fikrincə Azərbaycanın 13 günlük antiterror əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimizin silahlı erməni quldur dəstələrindən təmizlənməsi həm də diasporumuzu ruhlandırıbdır. Fərhadoğlu onu da bildirdi ki, Azərbaycanda 50 siyasi partiyanın Vətən məsələsində dövlətin yanında yer alması MDB məkanında misli görünməmiş ən böyük uğurlardan biridir. Ölkə daxilində sabitlik və milli birlik düsturu əldə etmək həm də işğal olunmuş ərazilərimizin azadlığı deməkdir. Bizlər artıq yerli insanlara bunları anlatmaqda qürur duyuruq. Azərbaycan diplomatiyasının uğurlarını isə, ümumiyyətlə alqışlamaq gərəkdir. Artıq ATƏT və digər beynəlxalq təşkilatların nə qədər dişsiz siyasət yürütdüklərini hər kəs daha dərindən dərk etməyə başlayıb. ATƏT üzvü olan ölkələr, Avropa Birliyi və Avropa Şurası 30 ildir Ermənistanın işğalçı siyasətinə niyə dur demirdilər? Bu gün Azərbaycan qələbələr əldə edən kimi dərhal sərt sifətlərini göstərməyə başlayıblar. Azərbaycan dövləti artıq “güzəşt limitinin” tükəndiyini açıq şəkildə elan etmişdir. Ona görə də qəti addımlar atmaqda çətinlik çəkmir. Belorusda Qarabağ konfliktinə insanlar bir qədər donuq şəkildə baxılarlar. Elə ki, bizlər onlara bu problemin nə demək olduğunu izah etdikdə, bizlərin müdafiə olunmağımızı alqışlayırlar. Belorusda Ermənistanın haqsız olduğunu çoxları dərk etməyə başlayıbdır. Bizlər diaspor fəalı olaraq çalışırıq ki, daha ətraflı maarifçilik işlərini görək.

Səriyyə Ərdəbili: “Qarabağ azad olduqca, bizlərin qürurumuz daha da güclənir”

Əslən Güney Azərbaycandan olan Səriyyə Ərdəbili İsveçdə yaşayır. Səriyyə xanım bildirir ki, həyat yoldaşı və digər ailə üzvləri ilə birlikdə 20 ildən çoxdur ki, Qarabağ məsələsini İsveçdə qabartmaqla məşğuldurlar. Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş və indiki rəhbərliyi də çox yaxşı bilir. “Xocalıya ədalət” və
aksiyalar İsveçdə məhz onların tərəfindən qabardılıbdır. Avropada Azərbaycanın milli maraqlarını müdafiə etmək nə qədər çətin olsa da, bizlər heç bir zaman öz işimizdən usanmadıq. İsveçdə digər xalqların ictimai təşkilatları ilə xalq diplomatiyası siyasətini yürütməklə Azərbaycan həqiqətlərini onlara izah edirik. O da bəllidir ki, İsveçdə hər hansı bir dövlətin ərazilərinin işğalına xoş baxmırlar. Azərbaycan Milli Ordusunun son uğurları bizləri qürurlandırıbdır. Avropada güneyli və quzeyli bütün soydaşlarımız Qarabağın və digər işğal altında olan ərazilərimizin azad edilməsini alqışlayırıq. Hər gün Azərbaycan televizyası kanallarından informasiyaları alıb içveç dilində onları yayırıq. Çalışırıq ki, Azərbaycan həqiqətləri daha dolğun və ölkəmizin informasiyasını hər kəs oxuya bilsin. Qarabağ qarış-qarış azad olduqca, bizlərin qürurumuz daha da gücənir. Biz inanırıq ki, o gün çox uzaqda deyil. Bu problemin həlli məzlum xalqların özgürlük davasının simvoluna çevriləcək. Ərazisi işğal olunmuş bir xalq o zaman öz qüruruna sahib olur ki, bu işğala son qoyur. Azərbaycan dövləti bu gün həmin qüruru doğma xalqına ərməğan etməkdədir.

“Hürriyyət”

*

Diaspor