Azərbaycan Beynəlxalq inşaat sərgisinin perspektivləri – LAYİHƏ

18

Hərbi sərgi yeni müştəri axtarışında səmərəli vasitədir. Azərbaycanda son illərdə istehsal olunan yerli malların dünya bazarına çıxırılması üçün bir sıra addımlar atılır. Belə ki, bu əsasən yerli və beynəlxalq sərgilərdə iştirakdan ibarətdir. Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya, Beynəlxalq Təhsil Education, Tibbi Avadanlıqlar, Azərbaycan Beynəlxalq Karyera “Career”, Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE”,  Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan”,  Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “AquaTherm Baku”,  Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “CIPS Caspian” və “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar”, Beynəlxalq Ətraf Mühit “СТЕ” sərgilərinin keçirilməsi həm də ölkəmizə olan marağı daha da artırır. Bütün bunlarla yanaşı, digər sahələrdə də bir sıra sərgilər açılmış və yerli milli sənayemizin inkişafı üçün böyük təkan olmuşdur. Ən əsası sərgilərdə istehlakçılar və ya potensial sifarişçilərlə canlı ünsiyyət kimi ən dəyərli hadisə gözləyir. Belə ki, yalnız sərgilərdə şəxsi əlaqələr qurmaq, eləcə də şirkət, məhsul, avadanlıq və xidmətlərə şəxsi münasibət formalaşdırmaq mümkündür ki, bu da müasir dünyada qızıldan qiymətlidir. Dünya statistikasına əsasən, şirkətlərin əksəriyyətində satış əməliyyatlarının 40%-i məhz sərgilər hesabına baş tutur və sərgilər bir şirkətin özünü ciddi işgüzar tərəfdaş kimi təqdim etməsi, öz məhsullarının rəqabətədavamlılığını qiymətləndirməsi və onu maraqlandıran sahədə perspektivli layihələrlə tanış olması üçün əla imkan yaradır. Çağdaş dövrümüzdə sərgilər məhsul və yeni texnologiyaları təşviq etmək, o cümlədən müxtəlif səviyyəli əlaqələr qurmaq üçün ən sivil və perspektivli üsullardan biridir.

Milli sənayemizin inkişafı üçün təkan verilən basilica faktor

Bakı Sərgi Mərkəzində Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri – “BakuBuild”  Azərbaycan Beynəlxalq inşaat sərgisi və Xəzər inşaat həftəsi açılmışdır.

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian LLC” şirkəti isə “BakuBuild” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Sərginin açılışında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirmişdir ki, ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə qazandığı uğurlar sırasında tikinti sektorunun inkişafı xüsusi diqqətəlayiqdir. On səkkiz yaşını qeyd edən inşaat sərgisi nəinki Azərbaycanda, bu regionda ən böyük sərgidir. Bu isə sərgidə iştirak edən şirkətlərə ölkəmizin tikinti sahəsi və bazarı ilə daha yaxından əlaqələr qurmağa gözəl imkanlar açır. Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev isə ölkə iqtisadiyyatının dinamik inkişafında sahibkarlığın xüsusi roluna toxunaraq vurğulamışdır ki, əldə olunan uğurların təməlində dövlət tərəfindən biznes mühitinin yaxşılaşdırılması üçün görülən ardıcıl tədbirlər və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməsi durur. Respublikamızda istehsal olunan ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorun payına düşdüyünü deyən M.Əfəndiyev bu sahədə uğurlu nəticələrin daha da çox olacağına əminliyini bildirmişdir. Ölkəmizdə tikinti sektorunun inkişafını vurğulayan natiq bu işdə “BakuBuild” sərgisinin əhəmiyyətini diqqətə çatdırmışdır.

“İTE Group” şirkətinin direktoru Edvard Stroun bildirmişdir ki, “BakuBuild-2012” ilə paralel keçirilən 4-cü Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji (“Aqua-Therm Baku”) və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (“CIPS-2012”) sərgiləri Bakı Sərgi Mərkəzinin üç zalını, həmçinin dəhliz və həyətdəki meydançanı bütünlüklə əhatə edir. Bu da sərgi sahəsinin 20 faiz artdığını göstərir. Builki sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. Sərgi iştirakçılarının 60 faizi daimi eksponentlərdir və artıq bir neçə ildir ki, onlar öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün sərgidən səmərəli platforma kimi istifadə edirlər. Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi. Sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, “BakuBuild-2012”-də 7 kollektiv ekspozisiya iştirak edir. Onlar arasında sərginin daimi iştirakçıları – Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliyanın milli qrupları da vardır. Bu il yunan milli qrupu sərgidə ilk dəfə olaraq çıxış edir. Bundan başqa, türk istehsalçıları da əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərirlər. Çin şirkətləri tərəfindən də tutulan meydançaların sayı artmışdır. Bu il iştirakçıların 35 faizini isə məhz yerli şirkətlər təşkil edir. Həmçinin, hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir. Belə ki, bu il sərgi eksponentlərinin 30 faizi debütant iştirakçılardan ibarətdir.

“BakuBuild” sərgisinin özəl xüsusiyyətlərindən biri onun universal olmasıdır. Burada sadə alətlərdən tutmuş landşaft layihələndirilməsinə qədər inşaat məhsulları və xidmətlərinin bütöv spektri, habelə dizayn yenilikləri və innovasiyalı texnologiyalar ilə tanış olmaq mümkündür. “BakuBuild” sərgisində inşaat avadanlığı, naxış və üzlük materialları, santexnika, pəncərə və qapılar, eləcə də bir çox digər məhsulların zəngin çeşidi nümayiş etdirilir.

İnşaat sektoruna kompleks münasibət

Azərbaycanda otel tikintisinin fəal inkişafı ilə əlaqədar olaraq, bu il ilk dəfə işıqlandırma sistemi üçün xüsusi işıq cihazları və qurğuları, habelə mehmanxana, saray və yaşayış kompleksləri üçün xüsusi çilçıraqlar təqdim olunur. İstehsalçılar və distribütorlar mehmanxana və ofislər üçün eksklüziv mebel, yeni dam və döşəmə örtükləri, yuyula bilən divar kağızlarını təqdim edirlər. Sərgidə daha bir yenilik mansar üçün xüsusi pəncərələrin ekspozisiyasıdır. Sərgi artıq ötən ildən başlayaraq uşaqlar, həmçinin fiziki imkanı məhdud olan insanlar üçün şəhər infrastrukturunun yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri də özünə cəlb edir. Bu il sərgidə avadanlıqla təchiz edilmiş uşaq oyun meydançaları, fiziki imkanı məhdud olan şəxslərə şəhərdə rahat şərait yaratmaq üçün müxtəlif qurğuların real maketlərini görmək mümkündür.

Kompleksin qarşısındakı həyətdə isə “AzTexnika” (Azərbaycan), “HIDROKON” (Türkiyə), “Hyundai” (Koreya), “Intertechnics” (Azərbaycan), “LTS MMC” (Azərbaycan), “MANN” (Almaniya), “Manitou” (Azərbaycan), “Prolink Caspian” (Azərbaycan), “VOLVO” (İsveç), “Wirtgen” (Almaniya), “Faymonville” (Belçika) və “JCB” (Böyük Britaniya) kimi lider brendlərin və digər şirkətlərin texnikaları nümayiş etdirilir.
“BakuBuild” sərgisi ilə paralel keçirilən 4-cü Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji (“Aqua-Therm Baku”) sərgisi və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (“CIPS-2012”) sərgisi də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Belə ki, bu il “Aqua-Therm Baku” sərgisində Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiya və başqa istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edirlər. “CIPS-2012” sərgisinə isə Azərbaycan, İtaliya, Rusiya, Ukrayna və Türkiyədən olan şirkətlər yüksək texnoloji məhsullarını, o cümlədən praktiki olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş surətdə tətbiq olunan avadanlıqların ən yeni nümunələrini və müasir texnologiyaları nümayiş etdirirlər.

Beləliklə, tikinti materialları və xidmətlərinin yerli, habelə xarici istehsalçıları və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verən “BakuBuild” sərgisi yeni işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin qurulması, habelə inşaat sektorunda fəaliyyət göstərən ekspertlər arasında təcrübənin və ən yeni məlumatların mübadiləsi üçün regional mərkəz kimi öz statusunu bir daha təsdiq edir.

KOB-ların məhsul və xidmətləri “Baku Build 2019” Sərgisində

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə inşaat sektorunda fəaliyyət göstərən KOB-lar Bakı Ekspo Mərkəzi Azərbaycan Beynəlxalq İnşaat (“Baku Build” 2019) Sərgisinin basilica təşkilatçılarına çevriliblər. Sərgidə KOB-lar üçün ayrılmış stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunur. KOBİA həmçinin, “Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində qeyd olunub ki, 1995-ci ildən keçirilən sərgidə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sərgiyə dəstək göstərir. Eyni zamanda sərgidə də KOBİA öz stendi ilə iştirak edir və burada inşaat sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri nümayiş olunur.

“Baku Build 2019” Sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo 2019”), 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (“Securex Caspian 2019”) və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilib.
Qeyd edək ki, yerli istehsal məhsulların sərgilərinin təşkili nə qədər ürəkaçan olsa da, eyni zamanda milli istehsalımızın dünya bazarına çıxarılması istiqamətində başqa ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə iştirakımız çox vacibdir. Beləliklə də enerji resurslarının ehtiyatlarından istifadə etməklə xammal ixrac edən ölkədən yüksək səviyyədə istehsal vasitəsinə çevrilmiş bir bölgə kimi dünya bazarınada söz sahibi olmağımız dövlətimizə olan etibar və inamın güclənməsi deməkdir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.