“Azərbaycan artıq Qarabağa muxtariyyətin verilməsində maraqlı deyil” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

222

“Uzun illərdir ki, məhz Ermənistanın təcavüzkar siyasətindən dolayı NATO Cənubi Qafqazda möhkəmlənə bilmirdi”

“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması, sülhə hazır olmaması və Qəbələ, Siyəzənə raketler atılması Qarabağ məsələsində hər hansı bir danışıqlarda Azərbaycanın güzəştə getməsini istisna edir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Azərbaycan bir məsələdə danışıqlara qatıla bilər ki, o da heç bir muxtariyyət verilmədən dinc ermənilər gəlib adi vətəndaşlar kimi yaşasın: “NATO və digər Avropa ölkələri Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında neytraldır və beynəlxalq hüquqa istinad edirlər. Məhz Ermənistan prezidenti Armen Sarkisyanın NATO-nun baş katibi ilə görüşündə əliboş qayıtması, alyansın bu məsələdə obyektiv mövqeyinə söykənir. Həmçinin, uzun illərdir ki, məhz Ermənistanın təcavüzkar siyasətindən dolayı NATO Cənubi Qafqazda möhkəmlənə bilmirdi. Belə olan təqdirdə Sarkisyanın bu səfəri nəticəsiz olmalı idi”.

Politoloqun sözlərinə görə, NATO rəsmisinin bu gün Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlama da göstərir ki, Azərbaycan artıq muxtariyyətin verilməsində maraqlı deyil: “Qeyd edim ki, bundan sonra Yenilənmiş Madrid prinsipləri, Baza prinsipləri və muxtariyyət məsələləri arxivdə qaldı. Bu həll variantları yalnız danışıqlar mərhələsində qüvvədə idi. Müharibədən sonra hansı danışıqlar ola bilər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan artıq müharibə ilə rayonları alır və Ermənistanın tam məğlubiyyətindən sonra 5+2 və yaxud digər həll variantlarına qayıtmaq mümkün deyil. Prezident İlham Əliyev də ermənilərə muxtariyyət verməmək məsələsində prinsipial mövqeyə malikdir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org