“Azərbaycan artıq “Madrid prinsipləri”ndən imtina etməlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

123

Sergey Lavrovun verdiyi təkliflər bütövlükdə Ermənistan və Rusiyanın maraqlarına xidmət edir”

“Azərbaycan və Ermənistan arasında danışıqların yenidən başlaması istiqamətində intensiv müzakirələr gedir. Rusiya yenidən “Madrid prinsipləri” üzrə danışıqların başlanmasına çalışır”.”Hürriyyət” xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla kordinasiyalı çalışır: “Verdiyi təkliflər bütövlükdə Ermənistan və Rusiyanın maraqlarına xidmət edir. İndiyə qədər müzakirə olunan mərhələli və paket həll variantları bütövlükdə bir neçə rayonun azadlığı müqabilində Qarabağın müstəqilliyini özündə ehtiva edir. Bu həll variantları “Madrid prinsipləri” üzrədir. Bu illər ərzində aparılan danışıqlar bu istiqamətə olub, heç bir müsbət irəliləyişlər əldə edilməyib. Bunun səbəbi Ermənistanın Qarabağa müstəqillik tələbidir. Minsk Qrupunun həmsədrləri də bu illər ərzində Azərbaycanı bu plana razı salmağa çalışıblar”.

Politoloq hesab edir ki, məhz bu səbəbdən də Azərbaycan artıq “Madrid prinsipləri”ndən imtina etməlidir: “Danışıqların yalnız BMT qətnamələri əsasında aparılmasını tələb etməlidir. Əgər bu kimi danışıqlar olmasa hərbi variantlara üstünlük verməlidir. Hazırda tarixi şans və şərait var. Ermənistan danışıqlar masasında BMT qətnamələrini qəbul etmir, Azərbaycana qarşı növbəti torpaq işğalını planlayır. Ona görə də Azərbaycan Ermənistanın danışıqlar mesajına beynəlxalq hüquqa əsaslanan təkliflərini verməlidir. Təbii ki, Ermənistan bu təkliflərlə razılaşmayacaq. Qarabağ məsələsi Ankara-Moskva gündəliyinə çıxacaq. Bu, labüddür. Müharibənin başlanması bu prosesi sürətləndirə bilər. Müharibə Azərbaycanın maraqlarına cavab verir”.

Vazeh BƏHRAMOĞLU