“Azərbaycan əsgəri Şuşanı dincəlmək üçün fəth etməyib ki?”

198

“Ölkə prezidenti İlham Əliyev Azərbaycanın qəti mövqeyini bir daha ifadə etdi: “Dağlıq Qarabağa heç bir status verilməyəcək. Ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bu torpaqlarada yaşayacaqlar”. Burada kiməsə aydın olmayan bir məqam qaldımı? Siyasi və antimilli münafiqlərin baş-başa verib rus sülhməramlılarının gəlişi üzərindən bu qədər möhtəşəm və mümkün uğura kölgə salmağa  başladığı məqamda bu qəti hökmlü ifadə tam onluğa dəymiş oldu”.

 

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

“Bu siyasi və antimilli münafiqlərin öndə gələnlərinin sözünə bir baxın: “Bari bu sülhməramlıların içində neytrallığı ilə bilinən Skandinav ölkələrinin hərbi kontingenti olsaydı, nəyəsə inanmaq mümkün idi”. Ay-hay, həmin Skandinav ölkələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək verən hansısa sənədi ilə indiyədək tanış olan varmı görəsən? Rusiya hərbçilərinin mandatı sırf sülhməramlı fəaliyyətlə məhdudlaşır. Digər tərəfdən Azərbaycanla normal münasibətlər zəminində bölgəyə gəldiklərini 44 gün müddətində sərgilədiyi davranışla ortaya qoymuşlar. Təhlükəli ola bilərmi? Əlbəttə, bölgədə tam təhlükəsizlik üçün arzuladığımız zəmin tam olaraq və obyektiv reallıqlar üzündən yaranmadığına görə təhlükə risqi hər tərəfdən mövcuddur. Guya ABŞ-dan, Fransadan, NATO-dan eyni təhlükə yoxdurmu? Bu arada böyük və qüdrətli Türk Əsgəri buraya papağını günə yandırmağa gəlmir ki? Azərbaycan Əsgəri Şuşanı dincəlmək üçün fəth etməyib ki? Səmimiyyət ayrı şeydir, müxalif olun, fərqli düşünün, ancaq cəmiyyətin qorxusundan özünüzü əvvəlcə qələbə küləyinə verib, sonra da yavaş-yavaş guya prezidentdən daha çox ölkənin taleyini düşünürmüş kimi körpüdə deşik axtarmayın. Bu körpünü axıra qədər Azərbaycanı sevənlər birlikdə keçməlidir, həm də öndə gedən Ali Baş Komandana, Azərbaycan əsgərinə, Türk əsgərinə və bir-birimizə güvənərək, inanaraq keçməliyik. Rusiya ilə daha yaxın münasibətlər qurmağa çalışmalıyıq, vaxtilə Ənvər Paşanın Türk əsgəri ilə olduğu kimi indi də Rəcəb Tayyib Paşanın Türk əsgərləri ilə də çiyin-çiyinə bölgəni sülh zolağına çevirməyə davam etməliyik” – F.Mustafa qeyd edib. \\Pravda