“Ayıbdır, hökumət 21-ci əsrdə məmləkəti belə cılız gündəmlə məşğul etməməlidir” – NATİQ CƏFƏRLİ

72

“Hakimiyyət siyasi rəqibləri ilə ancaq siyasi müstəvidə mübarizə aparmalıdır”

“Ölkədə normal və ədalətli məhkəmə yoxdur. Belə olan halda müxalif siyasi partiya nümayəndələrinin həbsi, onlara qarşı ittihamlar heç vaxt inandırıcı olmayacaq”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Həbs edilən AXCP nümayəndəsi haqqında nə desələr də, inandırıcı ola bilməyəcəklər”

Cəfərlinin sözlərinə görə, siyasi kimlik hüquqi məsuliyyətdən yayınmaq üçün əsas yaratmır: “Amma hakimiyyət institutunun ən vacib qolu olan məhkəmə hakimiyyəti müstəqil və ədalətli deyilsə və bunun yüzlərlə örnəyi varsa, istənilən halda həbs edilən AXCP nümayəndəsi haqqında nə desələr də, inandırıcı ola bilməyəcəklər”.

“Ölkənin qarşısında çox ciddi problemlər var, hamılıqla onlara fokuslanıb həll yollarını tapmalıyıq”

N. Cəfərli vurğulayıb ki, ölkə siyasi məhbus ayıbından birdəfəlik qurtulmalı, hakimiyyət siyasi rəqibləri ilə ancaq siyasi müstəvidə mübarizə aparmalıdır: “Siyasi məhbuslar azad edilməli, bu məsələ birdəfəlik bağlanmalıdır. Ayıbdır, hökumət 21 əsrdə məmləkəti belə cılız gündəmlə məşğul etməməlidir. Ölkənin qarşısında çox ciddi problemlər, çağırışlar var, hamılıqla onlara fokuslanıb həll yollarını tapmalıyıq”.

Şamo EMİN, Hurriyyet.org