Əkrəm Əylisli: ‘Təklif olundu ki, ailəmlə birlikdə xaricə gedim…’

    3

    – Ay qızım, ölkədən getmək istəsəydim, bunu çoxdan edərdim. Mən ki, hər gün o təhqirlərə dözürəm. Səviyyəsi olmayan, mənim heç dırnağıma da dəyməyən, əlimə su tökməyə layiq olmayan adamlar mənə ağzına gələni deyiblər, mən isə buna dözmüşəm. Nəyə görə? Gedərdim də, niyə getmədim? Bir dəfə də ölkədən çıxmışam, Türkiyəyə getmişəm, ordan dünyanın hər yerinə yol var. Mən çoxdan gedə bilərdim. Heç vaxt getmək niyyətim olmayıb. Mən ölkəmi, vətənimi heç kimə, heç nəyə dəyişmərəm. Sadəcə dövrün tərs damarı tutub, qızım. Siz elə bilməyin ki, bu ab-hava belə qalacaq. Tam arxayınam ki, yaxın 5-6 aya, ən uzağı 1 ilə bu məsələ həll olunacaq, hər şey ötüb keçəcək, münasibətlər qaydasına düşəcək, qonşuluq əlaqələri qurulacaq. Çünki bu müharibə heç bir xalqın rahat, demokratik şəraitdə bir insan kimi yaşamağına imkan vermir. Bu düşmənçilik götürüləcək və insanlar yenə bir yerdə yaşayacaqlar. Buna inanmadan yaşamaq olmaz. Bu gedişatın axırı yoxdur axı. Mən başa düşə bilmirəm, bir insanın ölümü niyə ağrıtmır bunları? Mən 1992-ci ildə bir dəfə şəhidin yas yerində olmuşam. İndi də şəhid anasının səsi qulağından getmir, saçlarını necə yolub ağladığı gözümün önündən getmir. Bu mənzərəni niyə biz yenidən yaşamalıyıq. Yaşamasaq yaxşıdı.