Ay işığını sevən Xəzər

621

 

Göylərin ağ şamı olan ay işığı hara gedirsə getsin, axırda gəlib Xəzərin üzərində cilvələnir. Göylərdən süzülən, may balı kimi ağappaq bir süd işığı Xəzəri daha da rövqləndirir. Dalğalar da sanki elə bil bu sevgini hiss edirmiş kimi öz milvari şıltaqlığını səngidirlər. Fırlana-fırlana dolanan ay işığı gömgöy Xəzərin üzərində güzgülənir, sonra da yenə öz ilahi məkanına qayıdır. Bu mənzərə bir ay ərzində dönə-dönə təkrar olunur. Mən bunu Xəzərin sahilində dəfələrlə görmüşəm və bu ilahi sevgidən qürur duymuşam.

Yenə qərib bir mürgülü yay axşamı, yenə bu gözəl poetik mənzərə qarşısındayam. Elə bil ki, ay işığı Xəzəri sevməklə yer üzündə yaşayan, xüsusilə, Bəhri-Xəzər Səbail ellərində yaşayan insanlara mesaj göndərir ki, bax ey insanlar sevgisiz yaşamaq zindan əzabıdı, nə qədər ömür var yaşamağa, gərək əsl sevginin qədrini biləsən, sevgisiz yaşamaq ömür-gün deyil. İnsanlarda sevgi hissi azaldıqca dünyanın əzəlki rəngi də dəyişməyə başlayır. İnsanın insana, Vətənə, torpağa, ata-anaya, təbiətə sevgisi azalanda onda təlatümlər, müharibələr, pandemiya, virus yayılmağa başlayır. İndi ilahi bir sevgi hissləri təkcə təbiətdə qalır.

Göylərdən süzülən ay işığı yerlərə, dənizlərə, okeanlara əks olunan Tanrı çırağıdır. Əbədi sönməyən Tanrı çırağı!.. Xəzərin sahilində gəzişən ey insanlar, siz təkcə gəzməklə kifayətlənməyin, başınızı qaldırın, göyləri seyr edin, axşamlar ay işığının Xəzərlə əbədi sevgi nağılına qulaq asın, görün neçə min dəfə ay işığı Xəzərin gümüşü boynuna sarılır, ta səhər açılana kimi… Əgər səhər gec açılarsa bəlkə də ay işığı XəzərDən heç ayrılmaz, Xəzərin qırçın, gömgöy saçlarında gizlənər. Xəzərlə ay işığının sevgisi əbədi bir sevgidir. Bu sevgini ayırmağa heç kimin gücü çatmaz, Tanrıdan başqa. Uzaq, lap uzaq, kimsəsiz, tənha çöllərin mürgüsünü də ay işığı öz Tanrı pıçıltılaərı ilə oyadır bu tənha çöllərə əbədi bir yuxusuzluq gətirir. İnsanlar, göylərdən yer üzünə – Xəzərə süzülən ay işığına salavat çevirməyi unutmayın, hər salavat Tanrı dərgahında əks olunur. Əbəs yerə Ulu Cavidimiz demir ki, “Mənim Tanrım gözəllikdir, sevgidir”… və yaxud Vaqif Bayatılı Odər haqlı yerə yazır ki, “bir söyüd budağı kəsin qoyun dan yerinin altına…”

İndi hər axşam ağ mirvari kimi mavi Xəzərin boynuna sarılan ay işığını gördükcə Ulu Tanrının biz insanları hələ də yaddan çıxarmaması və özünün yaratdığı əbədi sevgi nağıllarına min bir naxış vurduğuna bir insan kimi necə sevinməyəsən. Ay işığı ilə Xəzərin möhtəşəm sevgisini hər gün gördükcə, istər-istəməz qəlbində Tanrı pıçıltıları baş qaldırır: “Sevgilər azalmır, sevgilər ölmür”.
Vəli SƏMƏDLİ