“AXCP və Müsavatın ambisiyalı davranışı Tofiq Yaqublunun zərərinədir” – Əli Orucov

63

“Belə bir vəziyyətdə siyasi münasibətlərin daha da sərtləşdirilməsinin ziyanı var”

Bir neçə partiya və ictimai təşkilat sədri, o cümlədən Əli İnsanov  müxalifətçi Tofiq Yaqublunun həbsdən azad edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib. Tofiq Yaqublunun Qarabağ qazisi olması, səhhətindəki problemlərin və onun həbsdə olmasının Azərbaycanın beynəlxalq imicinə zərbə vurmasının əsas götürülərək, azad olunmasının vacibliyi müraciətdə qeyd edilib. Müraciət digər müxalifət partiyaları, konkret olaraq AXCP və Müsavat tərəfindən tənqidlə qarşılanıb. AXCP və Müsavatın mövqeyindən belə qənaət formalaşır ki, sanki Prezident İlham Əliyevə müraciət etmək qanunazidd əməldir. Bu cür faydalı olmayan yanaşmanın hələ də davam etdirilməsi həmin partiyaların ilk növbədə özünə və siyasi münasibətlər sisteminə zərbədirmi? Həm də  bu yanaşma ilə onlar əslində Tofiq Yaqubluya pislik etmirlərmi?

AMİP İdarə Heyətinin üzvü Əli Orucov bildirdi ki, Prezidentə müraciət etməkdə heç bir qəbahət yoxdur: “Burada qəbahət axtarmaq yanlışdır. Hər bir vətəndaş, həmçinin siyasi təşkilat istənilən məsələnin həlli ilə bağlı ölkə başçısına müraciət edə bilər. Digər tərəfdən, əfv etmə səlahiyyəti yalnız Prezidentə məxsusdur. Nəzərə almaq lazımdır ki, Tofiq Yaqublu haqqında məhkəmə hökmü var. Ona görə də belə bir məqamda da ambisiyalı davranmaq lazımsızdır və bu cür davranış Tofiq Yaqublunun əleyhinə yönəlib. Onların o cür mövqe ortaya qoymaları, imza atanları tənqid etmələri Tofiq Yaqulunun xeyirinə yox, zərərinədir.

Müraciətdə məqsəd Tofiq Yaqublunun necə olursa-olsun azadlığına qovuşmasına nail olmaqdır. Ona görə də belə bir vəziyyətdə siyasi münasibətlərin daha da sərtləşdirilməsinin ziyanı var. Eyni zamanda AXCP və Müsavat Partiyasının qəbul edib-etməməsindən asılı olmayaraq, İlham Əliyev dövlətin başçısıdır. Prezidentə müraciət edənlər Tofiq bəyin azad olunmasını istəyirlər, başqa niyyət yoxdur. Prezidentin atacağı addımın müsbət olacağına əvvəlcədən tam inamsızlıq yaradılmamalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”