Avtomobillər üçün “ağıllı” “Huawei” ekranı təqdim edilib

333

“Huawei” şirkəti “HiCar Smart Screen” adlı “ağıllı” avtomobil ekranını nümayiş etdirib. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 8,9 düym diaqonallı qurğunun təsvir ölçüsü 1920×720 piksel, parlaqlığı isə 700 kandel/kvadratmetr təşkil edir. Həmçinin “NTSC” rəng məkanının 72 faiz əhatə olunması təmin edilir. “Ağıllı” displey smartfonla məlumat mübadiləsi üçün “Wi-Fi” və “Bluetooth” simsiz rabitə adapterləri ilə təchiz edilib. Qurğunun ön tərəfində videobağlantı rejimində zənglərin edilməsi üçün kamera yerləşir.

Korpusun arxa tərəfində videoregistrator funksiyalarına malik daha bir kamera quraşdırılıb. Materialları 2160×1440 piksel təsvir ölçüsündə “2К” formatında yazmaq mümkündür. Optika isə 135 dərəcəlik baxış bucağını təmin edir.

İnteqrasiya edilmiş işıq sensoru sayəsində görüntü parametrləri mövcud şəraitdən asılı olaraq avtomatik optimallaşdırılır. Bu səbəbdən təsvir günün müxtəlif vaxtlarında və müxtəlif hava şəraitində yaxşı görünür. “IPS” matrisalı yeni qurğu 6 millimetr enliyində nazik çərçivə ilə təchiz edilib. Bərkidici ekranı lazımi vəziyyətdə quraşdırmağa imkan verir.

“Huawei HiCar Smart Screen” “ağıllı” ekranının təxmini qiyməti 260 dollar təşkil edir. Yeni qurğunu istənilən avtomobilin ön panelinə quraşdırmaq olar.