Avtobuslardakı sıxlıq BNA sədrini də virusa “yoluxdurdu” FOTO REPORTAJ

99

Yoluxma riski ən yüksək olan yer ictimai nəqliyyatdır, xüsusən köhnə marşrutlarda sıxlıqdır, metro açılmasa…

Bakıda xüsusi karantin rejimi səbəbindən metronun bağlanması ictimai nəqliyyatda sıxlığı günbəgün artırır. “Yeni Müsavat” üçün reportaj hazırlayarkən əsasən köhnə marşrutlarda daha çox sıxlıq müşahidə etdik. “BakuBus” avtobuslarında da sərnişin sayı çoxdur, amma köhnələrə baxanda “toya getməlidir”lər. Sərnişinlərin əksəriyyəti isə maska taxmağa riayət etsələr də, sıxlıq virusa yoluxma riskini artırır.

Sürücülər deyirlər ki, günün pik saatlarında sərnişin sıxlığına daha çox rast gəlinir. Bu da təbiidir, insanların işə getmə və evə qayıtma vaxtlarıdır. Bununla belə, sürücülər tələblərə əməl etməyə, az sərnişin götürməyə çalışırlar. Amma metro açılmasa sıxlığı aradan qaldırmaq çətin olacaq.

Sərnişinlər deyirlər ki, infeksiyaya yoluxma riski metroda deyil, avtobuslarda daha yüksəkdir. Əvvəla, metro sürətlidir və mənzilbaşına daha tez çatdırır, ikincisi, yeraltı nəqliyyat fəaliyyətini bərpa etsə, marşrutların da yükü azalar.

Avtobuslarda sıxlıqdan söz düşmüşkən, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli koronavirusa yoluxub. Bunu qurum özü açıqlayıb. Əgər xidməti avtomobili olan BNA sədrinin COVID-19 testi pozitiv çıxırsa, avtobuslarda ağız-ağıza, basabasla gedən sərnişinlərin də yoluxmayacağına heç kəs zəmanət verə bilməz.

Sərnişinlər deyirlər ki, problemin yeganə yolu metronu açmaqdır. Vətəndaşlar ümid edirlər ki, ayın sonu metro işinə başlayacaq.

Çünki qabaqdan məktəb gəlir, məhdud çərçivədə olsa belə dərslər olacaq, eyni zamanda bir çox iş yerləri də açılacaq deyə metronun fəaliyyətini bərpa etməsi qaçılmazdır. Sərnişinlər bildirirlər ki, köhnə avtobuslarda intervalı azaltmaq lazımdır. Bir çox insanlar isə həyatını riskə atmır, basabas olan avtobuslara minmir, növbəti marşrutu gözləyir. Sərnişinlər həm də təklif edirlər ki, bölgələrə gediş-gəliş açılsın, Bakının yükü azalsın. Ötən illərin yay mövsümündə paytaxt həmişə seyrək olurdu. Kimisi xaricə, kimisi rayona gedirdi, nəticədə şəhər boşalırdı. İndisə hamı Bakıdadır, metro bağlanıb və sıxlıq avtobuslarda özünü göstərir. Ümumiyyətlə, həkimlər də təklif edirlər ki, koronavirusa yoluxma riski ən yüksək olan yer ictimai nəqliyyatdır və buna əncam çəkilməlidir. Üstəlik, taksiyə tələbat artıb və şəhərdə hər gün, hər yerdə tıxaclar var.   Karantinin yumşalması səbəbindən insan hərəkəti artıb, heç də hamı evdə qalmır, avtobusların yükü çoxalır. Həmçinin, həftəsonları ictimai nəqliyyatın olmaması vətəndaşların işini çətinləşdirir.  İşi-gücü olan adamlar məcbur qalaraq taksi xidmətindən istifadə edirlər ki, bu da əlavə məsrəfdir.

Tibb üzrə professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, karantin dövründə sosial həyatın ən uğursuz sahəsi ictimai nəqliyyat oldu. Onun sözlərinə görə, burada obyektiv səbəblər də var və metronun bağlanması avtobusların yükünü artırdı: “Amma nəzarəti gücləndirmək, avtobusların sayını artırmaq olardı. Gedib maşınların dayanma-durma qaydasını pozmağını çəkməkdənsə, öz enerjilərini bu sahəyə mobilizasiya etsəydilər yaxşı olardı”.

Həkim hesab edir ki, bütün avtobusların girişində dezinfeksiyaedici məhlul olmalıydı, hər kəs birmənalı maska taxmalıydı, sosial məsafə gözlənməliydi: “Amma bir çox hallarda bunlar olmadı. Virusa yoluxmanın qarşısını almaq üçün əsas məsələ karantin qaydalarına riayət etməkdir. Bu da olmayanda yoluxmaya təsir edir”.

A.Qeybulla qeyd etdi ki, məhz avtobuslarda yoluxma ilə bağlı statistika yoxdur: “Yoluxmanın yerini, mənşəyini müəyyən etmək olmur. Amma yoluxma sıx təmas olan məkanlarda baş verir və biri də avtobuslardır. Son günlərdə ölkədə yoluxmanın artmasının da səbəbi qaydalara lazımı səviyyədə riayət edilməməsidir. Bu, hamıya şamil deyil, ancaq baxırsan ki, vətəndaş marketə girir, maska çənəsində, burun açıq…Əlbəttə, bu da öz təsirini yoluxma sayında göstərəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”
Fotolar müəllifindir