AVROPALI QONAQLARA AVROPASAYAĞI “QONAQPƏRVƏRLİK”

    15

    Taliyət Əliyev: “Avropa Şurası rüşvət yuvasına çevrilib”

    “Hakimiyyət həmin pulları Azərbaycan xalqına xərcləsə, intim xidmət təkif etməyə də ehtiyac qalmayacaq”

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) korrupsiya ittihamları ilə bağlı son hesabatı bir neçə gündür ki, Azərbaycan ictimaiyyəti arasında və mətbuatda müzakirə mövzusudur. Çünki Hesabatın “AŞPA tərəfindən qəbul edilən hədiyyələr” bölməsində bildirilir ki, Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı, Bakıda cinsi xidmətlər də təklif olunub.

    “İsveçrəli deputat Dik Marti deyib ki, Bakıya rəsmi səfəri zamanı gecə saat birə yaxın kimsə mehmanxanada qaldığı otağın qapısını döyüb. O, qapı gözlüyündən baxaraq əllərində şampan tutmuş iki yarıçılpaq gənc qızı görüb. Qapını açmayıb”,- hesabatda deyilir.

    Sənəddə 17 deputat ilə bağlı rüşvət faktlarına dair sübutlar yer alsa da, sosilal şəbəkələrdə, ictimaiyyət arasında avropalı deputata cinsi xidmət təklifi kəskin etiraz doğurub, xalqın aşağılanması haqlı olaraq vurğulanıb.

    Mətbuatda və sosial şəbəkələrdə bir sıra siyasilər, o cümlədən keçmiş MTN zabiti İlham İsmayıl avropalı deputata intim xidmət təklifinə kəskin reaksiya verib: “Bu işi görənlər yüksək səlahiyyət sahibləri olublar. Tarixə millətin adını bu cür yazıblar. Bu hesabat, min ildən sonra da tarixin arxivində qalacaq. Nə qədər şərəfsiz olasan ki, “insan haqlarının pozulmadığı”nı dedirtmək üçün milləti sutinyor və fahişə sifətində təqdim edəsən”.

    Əslində, Avropa Şurası intim xidmət təklifini hesabatda qeyd etməklə həm də Azərbaycan xalqını aşağılayıb. Avropalılar yaxşı bilir ki, Azərbaycan cəmiyyəti üçün namus önəmli məsələdir. Ona görə də bu hesabatda Azərbaycan xalqının həssas olduğu məsələni qabardıblar. Avropada intim xidmət aşkar olduğu üçün, görünür, bizi də bu məsələdə Avopa ailəsindən hesab edirlər. Təəssüf ki, müsbət məqamlar üçün bizi avropalı hesab etməzlər. İntim xidmət təklifini hesabata salmaqla Avropa Şurası bir növ Azərbaycanı ləkələyir, yəni demək istəyir ki, bizdə intim xidmət aşkar olan kimi sizdə də aşkardır, bunu gizlətməyin. Eyni zamanda hakimiyyətin seçkiləri saxtalaşdırdırmaq üçün ən axırıncı yola baş vurduğunu diqqətə çatdırırlar.

    “Söhbət orada qonaqpərvərlikdən gedir”

    Yeri gəlmişkən, bəzi ziyalıların bu məsələdə mövqeyi də heç xoşagələn deyil. Azərbaycan dövlətini, xalqını ləkələyən, ciddi araşdırılmalı olan bir məsələ haqqında “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib ki, Avropa dövlətlərinin özündə açıq şəkildə qırmızı fanarlı xidmət evləri var: “Burada qeyri-adi nə var ki. Brüssel və başqa yerlərdə bunlar var. Avropa özündə olan bu şeyləri normal sayır, ona vergi qoyur, onun reklamını aparır, hamı da gedib oradan istifadə edir, bunu insan haqları kimi qəbul edirlər. Amma hansısa otelə bir pullu xarici gəlir, intim xidmət istəyir, bir qadın da ona “xidmət göstərir”. Bunu götürüb dövlətin adı ilə bağlayarlar? Hansı oteldə bunlar yoxdur? Bir dövlət göstərə bilər ki, orada bu hallar olmasın? Məlum yerlərdə bədənlərini satıb pul qazanırlar, dövlətə də vergi verirlər. Fransada məşhur bir kilsə var, onu bu cür qadınlar öz pulları ilə tikiblər. Adı dəqiq yadımda deyil. Dünyanın hər yerində bunu normal sayırlar, bizə çatanda isə dövlət kimisə ələ almaq kimi qəbul edirlər. Söhbət orada qonaqpərvərlikdən gedir”.

    Doğrudur, Avropa dövlətlərinin əksəriyyətində intim xidmət təklif edən evlər var. Amma burada qeyri-adi çox şey var. Cünki biz nə avropalıyıq, nə xristianıq. Elə məhz bunlara görə də intim xidmət təklifi olunubsa, bu, çox qınanılmalıdır. Söhbət burada qonaqpərvərlikdən gedirsə, belə çıxır ki, onda evə gələn qonağa intim xidmət təklif olunmalıdır. Məsələyə bu cür yanaşma hec cür doğru deyil. Aydındır ki, Bəxtiyar Sadıqov hökuməti təmsil edən şəxsdir, məsələyə də hökumətin marağından baxır. Amma bu məsələyə həm də Azərbaycan kişisi kimi yanaşmaq lazımdır. Dövlət də evin cəm formasıdır, evə gələn qonağa da heç cür intim xidmət təklif oluna bilməz.

    Rəsmi şəxslər tərəfindən kimsə intim xidmət təklifi etməyibsə, əslində, Azərbaycan hökuməti həm xalqın, həm də dövlətin adından bu ləkəni götürmək üçün addım atmalı, məsələnin araşdırılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir. Əks təqdirdə məlum olacaq ki, deməli, kimlərsə intim xidmət təklifi edib və Avropa Şurasının bu hesabatı da tarixin arxivində Azərbaycan dövlətinin və xalqının adına qara ləkə kimi qalacaq.

    “Avropa Şurası, sən 17 ildə Azərbaycan cəmiyyətinə nə verdin, axı?!”

    Похожее изображение

    Azərbaycanla Avropa Şurasının münasibətlərinin gərginləşməsi ilə əlaqadar Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev “Hürriyyət”ə xatırlatdı ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür: “Avropa Şurasına üzv olmamışdan öncə Azərbyacan cəmiyyətində, ictimai-siysai institutlarda belə bir inam var idi ki, biz Avropa ailəsinə qovuşuruq, nüfuzlu bir ailə təşkilatında təmsil olunacağıq və bizdə siyasi hüquqlar, istər demokratiya, istər insan hüquqları, istərsə də seçki ilə bağlı böyük bir irəliləyişlər olacaq. Yəni ümidlərimiz çox böyük idi. Artıq Azərbaycanın Avropa Şurasına üzv olmasından 17 il keçir, az bir dönəm deyil. Görək, Avropa Şurası Azərbyacana nə verir? Doğurdanmı, Azərbaycan dediyim sahələr üzrə inkişfa doğru dəyişdi, yoxsa yox? Təbbi ki, yox. Bütün parametrləri, o cümlədən insan hüquqlarını götürsək, 2001-ci ilə qədər Azərbaycanda insan hüquqları üzrə mövcud durum bundan qat-qat yaxşı idi.

    Siyasi hüquqlar sahəsini götürək. O vaxta qədər Azərbaycanda siyasi institutlar indikindən qat-qat güclü idi. Azərbaycanda nə qədər partiya çox yüksək səviyyədə fəaliyyət göstərirdi.

    Seçki ilə bağlı götürək. Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı guya, Azərbaycan hökuməti ilə hansısa bir əməkdaşlıq etdilər. Amma Seçki Məcəlləsini bərbad günə qoydular. Məsələn, o vaxtı bizdə seçki kampaniyası 120 gün idi, namizədlər saatlarla dövlət televizyasından istifadə edib, teledebatlarda çıxış edirdilər. Dövlət seçkidə iştirak edən tərəflərə pul veriridi. Yəni bizim o vaxtkı qanunvericiliyimiz indikindən qat-qat demokratik idi. İndi isə tamamilə bərbad günə qoyublar. Məsələn, proporsional seçki sistemi ləğv olundu. Azərbaycan Avropa Şurasına qəbul olandan sonra ümid var idi ki, bizdə demokratiya daha çox inkişaf edəcək. Əslində, demokratiya bütün parametrlərinə görə geriyə doğru getdi, Azərbaycanda avtoritar rejim daha da möhkəmləndirildi və bütün seçkilər də saxtalaşdırılıdı. Avropa Şurası da buna seyrçi bir mövqdən yanaşdı. Həmişə də “irəliyə doğru bir addım atıldı” deməklə, Azərbaycanda bu şeylərin hamısına göz yumdu. Bu vaxta qədər Azərbyacan ictimai-siyasi təşkilatları beynəlxalq institutlara üstüörtülü mövqe nümayiş etdiriblər ki, onlara pis getməsin. Amma biz hamını öz adı ilə çağırmalıyıq. Biz deməliyik ki, ay Avropa Şurası, sən 17 ildə Azərbaycan cəmiyyətinə nə verdin, axı?! Yəni özün də rüşvətə bulaşdın, Azərbaycanın milyardları, kürüləri sənə axdı, sənin Azərbyacan cəmiyyətinə bir qəpiklik xeyrin olmadı.

    17 ildən sonra belə görünür: deməli, bu institut ona görə yaranıb ki, Azərbaycan tpli cəmiyyətlərin, millətlərin qara yolla varını-yoxunu sovursun”.

    “Avropa Şurası öz məsuliyyətini kənara çəkməməlidir”

    “Qaldı ki, Avropa Şurasının Azərbaycanla bağlı son hesabatına, sözsüz ki, dəfələrlə bu tipli hesabatlar açıqlanıb. Azərbyacanda insan hüquqları, siyasi məhbuslar, seçkilər və digər sahələrlə bağlı Avropa Şurasının zaman-zaman hesabatları olub. Görünən odur ki, bu hesabatların bu günə qədər Azərbaycan hökumətinə təsir mexanizmi olmayıb. Bu hesabatlardan dolayı Azərbaycanda hansısa bir məsələdə bir addım da olsun irəliyə doğru addım atılmaması onu göstərir ki, istər Avropa Şurasının özü bu hesabatlardan siyasi məqsədləri üçün istifadə edib, istər də Azərbaycan siyasi məhbus məsələsindən alver kimi istifadə edib. Yəni bu qarşılıqlı olub. Azərbaycan hökuməti rüşvət veribsə, alan da Avropa Şurasıdır. Bunu biz açıq şəkildə deməliyik, məsələyə obyektiv qiymət verməliyik. Burada Avropa Şurası öz məsuliyyətini kənara çəkməməlidir. Yəni əgər mən təklif edirəmsə, sən məni ittiham etməlisən. Necə ki, intim xidmət təklif ediblər, o şəxsin dediyinə görə, o, bundan imtina edib. Yəni onun qəlbində bir vicdan olub ki, o bundan imtina edib. Amma milyonlarla pul vəsaitləri verilib, onlar niyə imtina etməyiblər? Bu vaxta qədər Avropa Şurasının Azərbaycanla əməkdaşlığı dövründə orada barmaqla sayılası insanlar olub ki, həqiqətən Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının, siyasi institutların, siyasi hüquqların formalaşamasına, təşəkkül tapmasına, inkişaf etməsinə vicdanla yardım göstəriblər. Bu, Andres Qross, Andres Herkel, siyasi məhbuslar üzrə məruzəçi Markon Bryus olub. Bunlar doğurdan da vicdanlı demokratlar idi, bunlar ancaq özlərinin şəxsi vicdanına görə xarakter nümayiş etdirirdilər, onları da sonradan vurdular çıxartdılar”.

    “Nəyə görə Andres Qross, Andres Herkel, Markon Bryus kimi şəxslər Avropa Şurasında mühüm vəzifələrdə deyillər?”

    “Şəxsən mən Andres Qrossu, Andres Herkeli özümün timsalımda necə vicdanlı olduğunu görmüşəm. Mən 2004-cü ildə həbs olmuşam, həbs olunanda Bayıl türməsində idim, həmin vaxt fevral ayında onlar ora gəlmişdilər, oranın rəisi Dəmir adlı kişi idi. Dəmir həmin gün bütün siyasi məhbuslarla görüşmüşdü, sonda mən otağına getdim, girəndə gördüm ki, Andres Qross və Andres Herkel üçün elə bir stol açıb ki, orada nələr yox idi, içəri girən az adam onun qabağında yumşalmazdı. Buna baxmayaraq, Andres Qross və Andres Herkel istintaq idarəsinin rəisini otaqdan çıxartdı və mənimlə təkbətək görüşdülər və orada mənim problemlərimi soruşdular. O vaxtı doğurdanda məni çox şəraitsiz bir kamerda saxlayırdılar, qıçlarımda ağrılar var idi, indi də o ağrılar var. Gördüm o, yazdı, qeydlərini aparanda altından xətlər çəkdi, mənə dedi ki, Murtuz Ələsəgərovla (allah rəhmət eləsin, parlamentin sədi onda Murtuz Ələsgərov idi) Fikrət Məmmədovla, İlham Əliyevlə görüşəcək, orada bu problemləri qaldıracaq. Ancaq bu, mənə inandırıcı gəlmədi. Sabahı günü kamerda idim, dedilər ki, Taliyət Əliyev şələ-şüləni yığışdır. Dustaq da yerini dəyişəndə mühitə, başqa insanlara adaptasiyası diskamfort yaradır. Ona görə mən də heç yerə getmək istəmirdim, nə isə məni çıxatdılar, həkim məntəqəsində təpədən-dırnağa qədər yoxlatdılar. Yəni mən gördüm ki, bu insanlar Azərbaycandakı siyasi məhbusların taleyinə necə vicdanla yanaşır. Amma bu gün Azərbyacanda 160 yaxın siyasi məhbus var, o adamlar gəlib bunların taleyi ilə oynayırlar, siyasi alver predmetinə çevirirlər. O vaxtı bizə “seçki məhbusları” deyirdilər. 2005-ci ildə bütün seçki məhbusları buraxıldı. Biz 3 nəfər qalmışdıq, mən, Musavatdan Seyidağa var idi, bir də Nardarandan bitərəf bir oğlan idi. Avropa Şurasında Andres Qross, Andres Herkel, Markon Bryus kimi vicdanlı demokratların hesabına orada bir qətnamə qəbul olunmuşdu ki, bu şəxslər dərhal və qeyd-şərtsiz azad olunmalıdır. 2005-ci ilin 15 iyun Qurtuluş günü ilə bağlı əhv olacaqdı, bizi heç ona saxlaya bilmədilər, 2 gün öncə Ali Məhkəmə öz iclasını çağırdı, bizi buraxdı. Amma bu günləri içəridə məhbuslar var ki, onların barəsində Avropa Məhkəməsini qərarı var ki, onlar azad olunmalıdır, amma azad olunmurlar. Mənim üçün qaranlıqdır ki, Azərbaycan hökuməti o təşkilatlara nəyə görə belə sayılmaz yanaşır?! Deməli, bunların arasında nəsə var ki, saymazyana yanaşır. Deməli, orda qətnamə qəbul olunur, bu da burada rüşvətini verir, qətnamədə burada icra olunmur. İlqar Məmmədov, Əli İnsanov azad olunmalıdır. Bu adamların haqqında Avropa Məhkəməsinin qərarı var, amma buraxılmır. Elə ola bilməz ki, Azərbyacan bütün dünyaya qarşı belə təkbaşına dayansın, mümkün deyil. Çünki mən bunu öz üzərimdə görmüşəm ki, onlar ciddi şəkildə bu məsələnin üzərində duranda Azərbaycan hökuməti geriyə addım atıb. Amma bu gün niyə geriyə addım atmır? Çünki onlar rüşvət yuvasına çevrilib. O vaxtı Andres Qrossun özü yaxşı dedi ki, Azərbaycandan xalçalar, kürü, milyonlar verilir. Amma Avropa Şurasının hər deputatı məhz Azərbyacan kürüsünün, xalçasının və pullarının qarşında duruş gətirə bilmədi. Ona görə də birinci Avropa Şurası saflaşmalıdır, qurum bir institut kimi özündə ələk-vələk etməlidir ki, bu qurumda təmsil olunan şəxslər kimlərdir. Nəyə görə Andres Qross, Andres Herkel, Markon Bryus kimi şəxslər orada mühüm vəzifələrdə deyil? Hansı ki, rüşvətxor şəxslərin hamısı gəlib orada oturub, gəlib burada da şəxsi maraqlarını güdürlər”.

    “Maraqlarına cavab verəndə Avropadan yaxşı sitat gətirilər, maraqlarına cavab verməyəndə yox”

    “Deputat Bəxtiyar Sadıqov intim xidmət təklifi ilə bağlı deyib ki, Avropa dövlətlərinin özündə açıq şəkildə qırmızı fanarlı xidmət evləri var, burada qeyri-adi nə var ki. Sizcə, burada qeyri-adi heç nə yoxdur” sualına T. Əliyev belə cavab verdi: “Ola bilər ki, Avropda bu şeyləri açıq-aşkar etsinlər. Amma bəzi şeylərdə Avropanın standartları olanda deyirlər ki, o bizim milli mentalitetimizə uyğun deyil, intim xidmət olanda deyirlər ki, Avropda belədir. Maraqlarına cavab verəndə Avropadan yaxşı sitat gətirilər, maraqlarına cavab verməyəndə yox. Birincisi, bu bizim xalqın milli mentalitetinə ziddi bir addımdır ki, burada avropalı deputata intim xidmət təklif olunub. Hamıya gün kimi aydındır ki, əgər bu həmin deputata təklif olunubsa, deməli, bunun arxasında başqa məqamlar, siyasi motivlər var. Deməli, otelin içərisində kamera da olub və bunlar girəcəyi təqdirdə həmin deputatın intim həyatını çəkəcəkdilər və şantaj edəcəkdilər. Bu, hamıya gün kimi aydındır. Bu da həm Azərbyacan dövləti, həm də cəmiyyəti üçün başıaşağılıq gətirən bir haldır ki, bu cür belə iyrənc metodlarla öz siyasi məqsədinə çatmaqdan ötrü istifadə edirlər. Bu cür iyrənc metodlardan istifadə etmək Azərbaycan siyasətçisinə, rəsmi şəxslərinə başucalığı gətirən hal deyil. Bunu çox şiddətlə qınayıram. Buna görə də hardansa misal gətirilməsini də yolverilməz hesab edirəm. Çünki bu, Azərbaycan mentalitetinə uyğun bir hal deyil. Bəs, onda niyə demokratiya sahəsində olan nəyə görəsə sən Avropadan sitat gətirmirsən, nümunə götürmürsən? Amma belə əyri şeylər olanda özünkünə haqq qazandırmaq üçün Avropadan nümunə götürürsən? Özüm də bu yazını oxuyanda utandım ki, nə qədər zəlil bir vəziyyətə düşəsən ki, Azərbaycanda bu cür metodlardan istifadə edəsən. Biz baxırıq ki, bunlar Təkcə Avropa Şurasında deyil, Avropa Birliyində, Amerikada öz hakimiyyətlərinin lobbiçilyini həyata keçirmək üçün nə qədər vəsaitlər xərcləyirlər. Olmazmı ki, bu xərcləri Azərbaycan xalqına xərcləyəsən. Bu xalq qədirbilən xalqdır. Onlara xərclənən pullar Azərbaycan xalqına xərclənsə, bu xalq bu hakimiyyəti müdafiə edəcək də, arxasında duracaq da, başqa kiməsə pul xərcəlməyə, intim xidmət təkif etməyə ehtiyac qalmayacaq. Sadəcə olaraq Azərbaycan xalqına xidmət etmək lazımdır, kiməsə intim xidmət təklif etmək yox. Azərbaycan xalqın xidmət olunsa, o cür iyrənc metodlardan istifadə olunmasına zərurət də qalmayacaq”.

    Şamo EMİN, Hurriyyet.org