Avropadan “Hürriyyət”in əməkdaşı üçün Mehriban Əliyevaya müraciət!

171

“Sizdən xahişimiz odur ki, qələminə hər zaman sadiq olan Ənvər Yusif oğlu Məmmədovun müalisəcinə kömək edəsiniz“

Qəzetimizin ötən sayında qeyd etdiyimiz kimi, Azərbaycandakı nüfuzlu jurnalist təşkilatlarının və ölkə mətbuatının öncül qəzetlərinin baş redaktorları I Vitse-Prezidenti, “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, “Hürriyyət” qəzetinin əməkdaşı Ənvər Börüsoyun son zamanlar səhətində yaranmış ağ ciyər şişinin problemi ilə bağlı ona yardım edilməsi istənilmişdi. Bu dəfə Avropadakı Azərbaycan ictimai təşkilatları tərəfindən Mehriban xanım Əliyevaya əməkdaşımızla bağlı yeni müraciət ünvanlanıbdır.

Redaksiyamıza daxil olan məlumata görə Azərbaycan diasporunun fəallarından olan
Elman Mustafazadə, Asəf Əsgərov və dr. Araz Əsgərli sədri olduqları qurumların adından ölkəmizin Birinci Xanımı Mehriban Əliyevaya müraciət edərək Ənvər bəyin müalicə almasına yardım etmələrini istəyiblər.

Müraciətə Hollandiyada yaşayan soydaşımız Elman Mustafazadənin təşəbbüsü ilə, imza atanlar bildirirlər ki, Ənvər Börüsoyu uzun illərdir yaxından tanıyır və onun Azərbaycan dövlətçiliyinin maraqları çərçivəsində Türk Dünyası ilə əməkdaşlıq  etməsi sayəsində 1991-ci ildən indiyə kimi Qarabağ həqiqətlərinin tanıdılmasında xüsusi xidmətləri olubdur.

Müraciətin mətni isə belədir: Hörmətli Mehriban Xanım! Yazıb Sizə bildiririəm ki, Azərbaycan mətbuatında Ənvər Yusifoğlu və Ənvər Börüsoy imzası ilə 33 ildir jurnalist kimi fəaliyyət göstərən Ənvər Yisif oğlu Məmmədovu 1982-ci ildən Mirzağa Əliyev adına Dövlət İnstitutunda təhsil aldığımız illərdən tanıyıram. O, uzun illərdir Azərbaycan həqiqətlərini və Qarabağ problemi ilə bağlı Saxa (Yakutiya), Tatarstan, Başkortstan, Dağıstan, Çeçenistan, Altay, Tuva, Xakasiya, Qaraçay-Balkar, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızstandakı KİV-lərdə məqalələri ilə müntəzəm çıxış edib. Ənvər Börüsoy şəxsən sədri olduğum “Avropa- Azərbaycanın Dostları Cəmiyyəti” təşkilatının xətti ilə “I Qarabağ Müharibəsi” dönəmində Polşa və Litvadakı yerli tatar icması, eləcə də “antiocupation” hərəkatının polyak və litavlı gərəfdarları ilə birlikdə Azərbaycana dəstək olaraq keçirilən bütün aksiyalarda fəal şəkildə iştirak edibdir.

Azərbaycanın milli mətbuatında “Xudafərin jurnali“ (Polşa), “Gənclik”, “Güneyin Səsi” (jurnal), “Aydınlıq”, “Səs”, “Kimlik”, “Türkün səsi”, “Avrasiya”, “Gündəlik Azərbaycan”, “Türküstan”, “Ayna”, “Təzadlar”, “Hürriyyət” və sair qəzetlərlə işləyib. Ənvər Börüsoy bütün yazılarında Azərbaycan dövlətçiliyinin milli maraqlarını üstün səviyyəyə qaldırmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

O, son iki ildə ağ ciyərində və bronxlarındakı bədxassəli şişə görə müalicə olunur.  Bu məqsədlə 2019-cu ilin sonu və 2020-ci ilin fevral ayına kimi Təbrizdə məşhur onkoloq həkimlərdən müalicə alıb. “Covid-19” virusunun ucbatından müalicəsini  dayandırmış və Bakıda “Milli Onkologiya Mərkəzi”ndə davam etdirir. Burada xəstəliyi ilə bağlı qeydiyyata alınıbdır. Müalicəsini davam etdirmək üçün artıq heç bir maddi imkanı qalmamışdır.Bununla yanaşı, onun qanında hemoqlobinin də miqdarı xeyli dərəcədə aşağı düşübdür.
Hörmətli Mehriban Xanım! Biz çox yaxşı bilirik ki, Sizin rəhbərlik etdiyiniz “Heydər Əliyev Fondu” daim humanitar məqsədli işlər həyata keçirib. Bu humanist işlər şəffaf olmaqla yanaşı, beynəlxalq miqyasda yüksək səviyyədə təqdir olunubdur. Sizin rəhbərliyiniz altında  on minlərlə insanlara qayğı göstərməklə onların yenidən həyata dönmələrinə nail olmusunuz. Bu qədər şəfqətli və humanist yanaşım milli tariximizdə ilk dəfədir ki, rast gəlinir. Bizlər demək olar ki, “Heydər Əliyev Fondu” nun bu yüksək amala xidmət edən bütün layihələrini dəstəkləmişik. Çünki, fondun üzərində Azərbaycan adlı ölkənin adı qızıl xətlə keçir. Sizdən xahişimiz odur ki, qələminə hər zaman sadiq olan Ənvər Yusif oğlu Məmmədovun müalisəcinə dəstək olaraq rəhbəri olduğunuz Fondun imkanları çərçivəsində ona kömək edəsiniz.

Dərin hörmət və ehtiramla:

Elman Mustafazadə, Avropa – “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, 
Asəf Əsgərov, “İnsan Haqları Bürosu”nun sədri(Almaniya),
Dr. Araz Əsgərli, İqtisadi-Siyasi Araşdırmarlar Mərkəzi”nin rəhbəri (Almaniya).