Avropa İttifaqı Ermənistanda bütün tərəfləri dialoqa çağırdı

    24

    Avropa İttifaqı Ermənistandakı tərəfləri demokratik yolla yeni bir hökumət formalaşdırmaq üçün dialoqa çağırıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Aİ-nin sözçüsü Maya Koçiyançiç bütün maraqlı tərəfləri demokratik yolla yeni hökumətin qurulması üçün danışıqlar masasına oturmağa çağırıb.

    “Bütün Ermənistan vətəndaşlarının maraqlarını əks etdirən və Konstitusiyaya əsaslanan yeni bir hökumətin demokratik şəkildə qurulmasına dair geniş bir dialoq başladılmalıdır”, – deyə açıqlamada bildirilir.

    Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazirliyə namizədliyi ilə bağlı səsvermə uğursuz nəticələndikdən sonra ölkədə etirazlar bərpa olunub və vətəndaş itaətsizliyi başlayıb. N. Paşinyanın çağırışı ilə etirazçılar bütün əsas yolları, o cümlədən havalimanına gedən yolu bağlayıblar.