Avropa “söyüş müxalifəti”ni təhvil verəcəkmi?

126

Yeganə Hacıyeva: “Avropa Şurasının üzvü kimi Azərbaycan bir neçə beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində…”

Xəbər verildiyi kimi, Baş Prokurorluq Avropanın müxtəlif ölkələrində məskunlaşan və “söyüş müxalifəti”nin fəal üzvləri sayılan bir neçə şəxs barəsində beynəlxalq axtarış elan edib. Həmin mühacirlər Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlıdır.

Adları çəkilənlər Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyinə görə barəsində cinayət işi açılan və ötən ilin dekabrında Ukraynadan ölkəmizə deportasiya edilən Elvin İsayevlə əlbir olmaqda ittiham olunurlar. Bu şəxslər İsayev kimi Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilirlər. Artıq Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib,  beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin,”İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Göründüyü kimi, ittihamlar kifayət qədər ağırdır. Axtarışın nə qədər keçərli olacağı ilə bağlı ən müxtəlif fikirlərə rast gəlinir. Xaricdə olanların Azərbaycana gətirilməsi üçün hansı müqavilərin olduğu barədə də müzakirələr gedir. Eyni zamanda qarşılıqlı hüquqi yardım haqqında hansı Avropa ölkələri ilə müqaviləmizin olması ilə bağlı ekspertlərin çoxsaylı mövqeləri var. Əksər mövqelərdən bu aydın olur ki, belə müqavilələr əsasən MDB dövlətləri ilə imzalanıb.

O zaman belə bir sual meydana çıxır: Avropada gizlənənləri ölkəyə gətirmək üçün Avropa Birliyi ilə hansı müqavilələr olmalıdır, yaxud belə bir müqavilə varmı? 

yegane.jpg (67 KB)

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva: “Bütün dünyada texnoloji inkişafın cəmiyyətlərə gətirdiyi yeniliklərdən biri də xəbər və məlumatları ənənəvi qəzet, sayt və s. deyil, alternativ internet resurslardan sosial media hesabları, tv-ləri və s. almasıdır. Texnoloji üsullarla kənardan ölkələr daxili ənənəvi ideologiyaların sındırılması, cəmiyyətlərin ənənəvi idarəçilik institutlarının sıradan çıxarılması üçün platformalar rolu oynaması artıq heç kimə sirr deyil. Texnoloji inkişafın müasir insana faydalılığı 80-90-cı illərdə ilişdi qaldı və 21-ci əsrdə bir virusla bacarmayan texnoloji inkişaf internet üzərindən ”düşünməyi bacarmayan, ancaq ona diqtə edilən mövzuları “kliklə, laykla” müzakirə edən, özünə, sözünə, gələcəyinə məsuliyyətini itirən yeni nəsil formalaşdırdı. İnternet, sosial media texnoloji inkişafının bir hissəsi kimi cəmiyyətlərin inkişaf və sabitliyinə xidmət etməli olsa da, çox təəssüf ki, ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanlar bu internet resurslar vasitəsilə dezinformasiyanın yayılması üçün vasitə və alətə çevrilir. Bu istiqamətdə Azərbaycan da cəmiyyətin təhrif olunmuş məlumatlar üzərindən hibrid üsullarla sistemli informasiya əməliyyatları aparılması ilə psevdoreallıq formalaşdırılan ölkələrdən biridir. Bunu bir növ məxməri işğal da adlandıra bilərik. Son illərin qlobal trendi kimi Azərbaycanda da kənar hərbi məqsədlərin qeyri-hərbi yollarla-siyasi, təbliğat və s. kimi həyata keçirilməsi geniş vüsət almışdır. Dünya bu gün sosial medianın inkişaf pilləsində onun cəmiyyətlərə faydalılığı mərhələsinə keçid vacibliyi haqqında düşünür və fikrimcə, bu proses dayanmayacaq. Cəmiyyətləri hədəfə alan hibrid informasiya əməliyyatlarında yalan və təhrif olunmuş məlumatların ötürücüsü rolunu əsasən xarici xüsusi xidmət orqanlarına bağlı kənar təsir agentləri vasitəsilə aparılması təcrübəsi geniş yayılıb. Daha öncə də sizin qəzetdə hibrid informasiya müharibələrdə cəmiyyətlərin parçalanması istiqamətində alətlərdən biri də kənar təsir agentlərinin müşayiəti ilə həssas mövzular üzərində manipulyasiya etmək, cəmiyyətləri birləşdirən dəyərlərin gözdən salınması və s. məqsədlərlə aparılan informasiya əməliyyatlarıdır. Azərbaycanda bu hibrid müharibədə ölkədə dezinformasiya və təxribatçı məlumatların yayılması müasir texnoloji vasitələrlə ənənəvi təbliğat üsulları birləşdirilməsi ilə, qonşu ölkələrin xüsusi xidmət və kəşfiyyat dairələri ilə şübhəli əlaqələri ehtimallar olan sosial media hesabları və onların aparıcıları həyata keçirirlər. Müəyyən siyasi və ictimai tədbirlərdən həssas ərəfələrdə onlar vasitəsilə cəmiyyətə yönəlmiş sistemli informasiya əməliyyatları aparılır. Bugünlərdə sosial media hesablarının smm-liyi Rusiyanın Sankt-Peterburqdakı troll-fabrikası almış mərkəz tərəfindən yönəldilən bir neçə şəxs beynəlxalq axtarışa verilib. Onların əksəriyyəti fəaliyyətləri çirkin təxribatlar üzərindən qurulmuş, sosial mediada izlənmə və izləyici sayı şübhəli texnoloji alətlər üzərindən artırılan, ölkədə heç bir siyasi fəaliyyəti olmasa da, xaricdə siyasi mühacir statusunda olan şəxslərdir. Azərbaycanda müxalifət koalisiyalarının birinin neçəsi ilə yaxından tanış olan və işləyən biri kimi bu şəxslərin birindən başqa heç biri daha öncələr müxalifət partiya və ya müxalif fəaliyyət göstərmədiyini tam əminliklə deyə bilərəm. Sığınacaq aldıqları ölkələrdə, xüsusilə Avropada olanlar siyasi təqib görüntüsü ilə təxribatçı fəaliyyətinə görə hüquqi təqibdən can qurtarmaq yolunu seçiblər və etiraf etmək lazımdır ki, bu onlara hansısa məqamda kömək edir”.

Ekspert ekstradisiya məsələsindən də danışdı: “MDB ölkələri ilə ikili münasibətlərdə ekstradisiya müqavilələri mövcud olduğu üçün vəziyyət bir az fərqlidir. Avropada yaşayan beynəlxalq axtarışa verilmiş şəxslərin ölkəyə gətirilməsi yolları da mövcuddur. Baxmayaraq ki, Avropa Birliyində birlik üzvləri üçün bu proseduralar avtomatik həyata keçirilir, amma Avropa Şurasında vəziyyət bir az fərqlidir. Avropa Şurasının üzvü kimi Azərbaycan bir neçə beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində ekstradisiya, konvensiyalar imzalayıb ki, bir az vaxt çəksə də prosedurlar başlaya bilər. Bunlardan biri Avropa Şurasının ekstradisiya haqqında qanunudur ki, bu konvensiyanı imzalamış üzv dövlətlər ekstradisiya ilə bağlı ümumi razılaşmalardan doğan səlahiyyətləri və öhdəlikləri mövcuddur. Baxmayaraq ki, haqqında danışdığımız şəxslərin fəaliyyəti daha çox siyasi cinayətlərə aiddir və bunun üçün də barəsində sorğu edilən şəxs siyasi cinayət və yaxud siyasi cinayətlə bağlı istintaqda araşdırılırsa, onda ekstradisiya həyata keçirilmir və s. kimi fikirlər var. Lakin burada da regional təhlükəsizlik aspekindən istisnalar mövcuddur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”