Avropa Sosial Xartiyası və Azərbaycanda hüquqi normalar – LAYİHƏ

10

I Yazı

Bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin yaranması sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir dövrün tələblərinə cavab verən çevik, işlək mexanizmlərin, əmək hüquqlarının qorunmasını təmin edən tam əlaqəli hüquqi və iqtisadi sosial təminatlar sisteminin yaradılmasını tələb edir.

Bununla əlaqədar son illərdə sosial müdafiə sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların yaradılması istiqamətində zəruri işlər görülmüş, beynəlxalq normalara uyğun yeni qəbul olunmuş hüquqi sənədlər ölkədə əmək və sosial müdafiə sisteminin keyfiyyətcə yenidən qurulmasına şərait yaratmışdır.

Ölkədə sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına üstünlük verilməsi ilə əlaqədar əhalinin, aztəminatlı təbəqənin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Əhalinin sosial müdafiəsi işində ünvanlılıq prinsipinə üstünlük verilmiş, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin pensiya və müavinət təminatında ciddi dönüşə nail olunmuşdur.

İnsan hüquqlarının qorunması üçün hüquqi baza

Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olunması, ölkənin dünya dövlətləri ilə İnteqrasiyası, onlarla bərabər hüquqlu və hərtərəfli əməkdaşlığın inkişafı, dinindən, siyasi əqidəsindən, milliyyətindən və irqindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların hüquqlarının bərabər təmin edilməsi, onun bu yolda uğurla inkişaf etməsində mühüm rol oynayacaqdır. Yarım əsrdən artıq müddətdə fəaliyyət göstərən Avropa Şurası demokratik prinsiplərin və həmrəyliyin möhkəmləndirilməsi isliqamətində təsirli mexanizmlər yaratmışdır. Avropa Şurası tərəfindən ona yeni üzv olan ölkələrlə əməkdaşlıq və onlara yardım sahəsində hazırlanan proqramlar bu ölkələrdə demokratik islahatların möhkəmlendirilməsi və sürətləndirilməsində mühüm amillərdir. Bu inkişaf yeni üzv ölkələrə Avropada gedən əməkdaşlıq proseslərinə və strukturlarına ahəngdar və ardıcıllıqla inteqrasiya etməyə, ilk növbədə Avropa Şurasında öz mövqelərini möhkəmləndirməyə imkan verir. Son on ildə Mərkəzi və Şərqi Avropada baş verən tarixi hadisələr Avropanın demokratiya ailəsinə inteqrasiya olunan yeni üzv ölkələrin inkişafına köməklik göstərilməsində Avropa Şurasının mühüm rolu bir daha vurğulanmalıdır.

Bu gün Azərbaycan dünya birliyinə inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Avropa Şurası kimi nüfuzlu quruma üzvlük ilk növbədə cəmiyyətimizdə dövlət quruculuğu istiqamətində köklü dəyişikliklərin sistemli islahatlar çərçivəsində aparılmasına dəlalət edir. Azərbaycan digər beynəlxalq təşkilatlara daxil olarkən öz üzərinə müəyyən öhdəliklər götürdüyü kimi Avropa Şurası qarşısında da bir sıra öhdəliklər götürmüşdür. Bunların bir hissəsi Avropa Konvensiyalarına qoşulmaqla, digər hissəsi isə milli qanunların qəbulu ilə bağlıdır. Bu öhdəliklərdən biri də Avropa Sosial Xartiyasının ratifikasiya edilməsidir. Avropa Sosial Xartiyası sosial müdafiəni əsas sosial hüquq kimi qəbul edərək Avropa Şurasının üzvü olan ölkələrdə sosial müdafiə sisteminin möhkəmləndirilməsinə, Avropa səviyyəsində təminatların verilməsinə kömək edir. Sosial təminat hüququ ilk dəfə beynəlxalq səviyyədə insan Hüquqları Bəyannaməsində qəbul olunmuşdur. Bu hüquq BƏT Konvensiyalarının əsasını təşkil edir, həmçinin BMT-nin Sosial, İqtisadi və Mədəni Hüquqlar Paktına daxil edilmişdir.

Avropa “Sosial Xartiyası”nın üstünlükləri

1997-ci ilin oktyabr ayında Strasburqda keçirilmiş Sammitdə Avropa Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçıları öz üzərlərinə belə bir öhdəlik gölürmüşlər ki, sosial standarllar “Sosial Xartiyada və Avropa Şurasının digər sənədlərində əks olunduğu kimi ttbiq olunmalıdır” və “bu tədbirlərin daha çox ardıcılıqla tətbiq olunmasına” çağırmışlar. Azərbaycan bu sahə ilə bağlı öhdəliklər götürərək ardıcıl olaraq öz sosial sistemini, o cümlədən sosial sahədəki qanunvericilik bazasını təkmilləşdirir. Sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi yeni Əmək Məcəlləsinin, “Məşğulluq haqqında” Qanunun qəbul edilməsi, pensiya sahəsində islahatların aparılması, sosial sistemin ünvanlılıq prinsipi əsasında qurulması işinə başlanılması, yoxsulluğun azaldılması sahəsində dövlət proqramının hazırlanması, səhiyyə və təhsil sahəsində islahatların həyata keçirilməsi və sair işlərin görülməsi ilə nəticələnmişdir. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın Avropa Şurasına üzv olmaq üçün müraciəti haqqında 222 nömrəli rəyinin 14-cü bəndinin “h” yarımbəndində göstərilir ki, “qəbul olunduğu vaxtdan keçən iki il ərzində Avropa Sosial Xartiyasını imzalamaq və qəbul olduğu vaxtdan keçən üç il müddətində onu ratifikasiya etmək və dərhal Xartiyada öz əksini tapmış prinsiplərə uyğun siyasətin həyata keçirilməsinə çalışmaq” barədə Azərbaycan Respublikası öz üzərinə öhdəlik götürməlidir və ölkəmiz 2004-cü ilin yanvar ayından gec olmamaq şərtilə Avropa Sosial Xartiyasını ratifikasiya etməlidir. Bu vəzifənin icrasını təmin etmək üçün Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı hazırlanmışdır.

Azərbaycanda sosial müdafiə sistemi və beynəlxalq standartlar

Ölkəmizdə 1999-cu il iyulun 1-dən Əmək Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar bu vaxtadək ölkədə əmək qanunvericiliyi sahəsində mövcud olan bir sıra qanunlar və digər normativ-hüquqi aktlar öz qüvvəsini itirmiş və islahatların yeni mərhələsinə başlanmışdır. Bu məqsədlə Əmək Məcəlləsinin tələblərindən irəli gələn bir sıra normativ-hüquqi aktlar hazırlanıb qəbul edilmiş və bu istiqamətdə işlər davam etdirilir. Əmək qanunvericiliyinin demokratik prinsiplərə uyğun əmək münasibətləri şəraitində tətbiqi bir sıra məsələlərin həllini tələb edir ki, bu da əməyin mühafizəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, istehsalatda bədbəxt hadisələrdən işçilərin sığorta edilməsinin yeni mexanizminin yaradılması və s. bu kimi müasir problemlərin həll edilməsi zərurətini yaradır. Azərbaycan prezidentinin müvafiq fərmanları və sərəncamları əsasında həyata keçirilən əmək haqqı sahəsində islahatlar büdcədən maliyyələşdirilən elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və sosial təminat sahələri işçilərinin əmək haqlarının artmasına imkan vermişdir. 2001-ci ilin yanvarın 1-dən Azərbaycan prezidentinin müvafiq fərmanı ilə minimum əmək haqqının miqdarı 5 dəfə artırılaraq 27 500 manat müəyyən edilmişdir.

Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə müəssisələrdə əmək haqqının məhsulun maya dəyərinə daxil edilməsi ilə bağlı olan mövcud məhdudiyyətlər əmək haqqı sahəsində islahatlarının ilkin mərhələsində tədricən aradan qaldırılmış və bununla da bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq işçilərin əmək haqlarının tənzimləmə mexanizmi ancaq müəssisənin iqtisadi imkanlarından asılı edilmişdir. Bu da istehsal sahəsində çalışan işçilərin orta aylıq əmək haqqının büdcə sahəsində çalışanlardan orta hesabla 2 dəfədən çox yüksək olması ilə nəticələnmişdir. Ölkədə yeni tip sosial-əməkdaşlıq münasibətlərinin formalaşması istiqamətində işlər davam etdirilir. Sosial əməkdaşlığın əsas prinsipləri və onların realizə mexanizmləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Həmkarlar İttifaqları haqqında” Qanunu və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmişdir. Bununla da kollektiv müqavilələrin bağlanması və yerinə yetirilməsinin hüquqi əsasları qoyulmuşdur.

Azərbaycanın əmək qanunvericiliyi ilə qadınlara verilən güzəştlər və mühafizə tədbirləri müəyyən dərəcədə beynəlxalq normalardan daha üstündür. Qeyd edildiyi kimi, Azərbaycan BƏT-in müvafiq Konvensiyasını təsdiq etmiş və işə qəbul ediləndən başlayaraq qadınlara münasibətdə hüquq pozuntularına yolverilməzlik prinsipi qanunla möhkəmləndirilmişdir.Azərbaycanda qanunvericiliklə müəyyən olunmuş əmək sahəsində normalar təsərrüfatçılıq və mülkiyyət formalarından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün müəssisələrə, idarələrə və təşkilatlara şamil edilir.

Əhalinin məşğulluq sahəsindəki hüquqları

Bazar iqtisadiyyatına keçid məhsuldar qüvvələrdə baş verən dinamik dəyişiklikləri, müxtəlif istehsal münasibətləri formalarını, müvafiq islahatları özündə cəmləşdirən mürəkkəb və çoxaspektli prosesdir. Bu prosesdə əsas istiqamətlərdən biri də əhalinin məşğulluğunun sosial elfektliliyinin təmin edilməsinə yönəldilmiş dövlət məşğulluq siyasətinin formalaşdırılması və əmək ehtiyatlarının səmərəli istifadə edilməsidir. Məşğulluq sahəsində problemlərin yaranmasının kökü keçmiş SSRİ-də mövcud olan totalitar rejim ilə bağlıdır. Keçmiş SSRİ dağıldıqdan sonra məşğulluq problemləri bütün keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycanda da qabarıq şəkildə üzə çıxmışdır. Bununla yanaşı, Azərbaycana qarşı erməni təcavüzkarları tərəfindən aparılan müharibənin nəticələri, torpaqların 20 faizinin işğalı, 4 mindən artıq sənaye və kənd təsərrüfatı müəssisələrinin və 300 mindən artıq iş yerlərinin işğal olunmuş ərazilərdə qalması, bir milyondan artıq vətəndaşın öz doğma yurd-yuvasından didərgin düşməsi, 1988-1993-cü illərdə Azərbaycanda hökm sürən siyasi, iqtisadi və sosial böhran, eləcə də yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar məşğulluq problemləri xeyli kəskinləşmişdir.Ölkədə əmək bazarının formalaşdırılması və miqrasiya siyasəti sıx qarşılıqlı əlaqədədir. Sosial əmək problemlərinin həlli ilə əhali miqrasiyası arasında qarşılıqlı əlaqə mövcuddur. Siyasi və iqtisadi sahədə aparılan islahatlar sonucu Azərbaycan beynəlxalq əmək bazarına daxil olmuşdur. Qəbul olunmuş “İmmiqrasiya haqqında” və “Əmək miqrasiyası haqqında” Qanunların icrasını təmin edərək miqrasiya proseslərinin tənzimlənməsi və əməkçi-miqrantların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Məşğulluq tədbirlərinin maliyyələşdirilməsində çevikliyin təmin olunması məqsədilə aparılan dövlət siyasətinin əsas prinsipləri kimi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ona əsasən əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təsbit edilmişdir.

Pensiya təminatı və sosial yardım

Sosial sığorta və sosial yardım ödənişlərinin 60 faizi pensiya xərclərindən ibarətdir. Yaşa görə pensiyalara ayrılan xərclər isə pensiya təminatı üçün ayrılan vəsaitin 63,2 faizini təşkil edir, bu sosial sığorta və sosial yardım ödənişlərinin böyük əksəriyyətini yaşlı nəslin sosial müdafiəsinə yönəldilməsini göstərir. Qüvvədə olan qanunvericiliyə əsasən yaşa və əlilliyə görə, sosial pensiyalar, həmçinin uşaq doğulması ilə əlaqədar birdəfəlik müavinət, uşaq 3 yaşına çatana qədər anaya ödənilən müavinətlər, dəfn üçün müavinətlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirilir. Ailələrə bu müavinətlər onların məcburi dövlət sosial sığorta haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq ödənilir. Azərbaycan prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pensiya sisteminin islahatı Konsepsiya”sı təsdiq olunmuşdur. Bu Konsepsiyaya müvafiq olaraq pensiya sahəsində aparılan islahatın əsas məqsədləri aşağıdakılardan ibarətdir:

vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması;

pensiya təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsində ədalətliliyin gözlənilməsi məqsədilə stajdan, əmək haqqından (gəlirdən) və ödənilmiş məcburi dövlət sosial sığorta haqqından asılı olan fərdi uçot prinsipinə keçirilməsi;

pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması;

pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması;

sosial sığorta haqları ilə pensiya məbləğləri arasındakı əlaqənin uyğunlaşdırılması.

Konsepsiyada hər bir iştirakçının ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləğinə uyğun pensiya normasını müəyyən edən pensiyanın təyin olunması nəzərdə tutulur. Bu, məcburi pensiya sığortası ilə sosial yardım müavinətlərinin funksiyalarını bir-birindən ayırır. Sosial yardım sistemi işlədikləri müddət ərzində sosial sığorta pensiyası almaq hüququ əldə edə bilməyən vətəndaşların müdafiəsini təmin etməlidir. Sonrakı mərhələdə sosial sığortada könüllü iştiraka əsaslanan özəl pensiya sisteminin yaradılması və inkişafı nəzərdə tutulur.

Sosial inteqrasiya

Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi, əlil olmuş şəxslərin, qadınların, gənclərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, qaçqın və məcburi köçkün, şəhid ailələrinin hüquqlarının qorunması, sosial müdafiəsi sahəsindəki problemlər dövlətin qarşısında duran ən başlıca vəzifələrdəndir. Bu sahədə problemlərin həlli üçün hüquqi-normativ bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli Sərəncamı ilə “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə irəliyə doğru daha bir addım oldu. Dövlət Proqramının icrasını təmin edərək ölkədə əlilliyin qarşısının alınması, əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğu, təhsili, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası məsələləri ardıcıl olaraq həyata keçirilir. Hazırda ölkədə əhalinin protez-ortopedik məmulatlar, əlil arabaları və digər reabilitasiya vasitələri ilə dövlət vəsaiti hesabına təmini sahəsində heç bir əsaslı problem yoxdur. Əlillərin asudə vaxtlarının daha maraqlı keçməsi, onların arasında yaradıcı istedadların aşkara çıxarılması məqsədilə ölkədə 1995-ci ildən başlayaraq hər il ümumrespublika sərgi-müsabiqələri keçirilir. Parolimpiya və Xüsusi Olimpiya hərəkatları inkişat etdirilir. Ölkədə əlillərdən ibarət musiqi kollektivləri fəaliyyət göstərir. İş qabiliyyətli əlillərin məşğulluq problemlərini həll etmək məqsədilə işəgötürənlərə müəyyən olunmuş qaydada kvota tətbiq olunur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.