Avropa Birliyindən Fransa və Yunanıstana “Türk şapalağı”: “Ankara ilə yola davam”

309

Yunanıstanın, Cənubi Kiprin və Fransanın Türkiyəyə qarşı sanskiya tətbiq edilməsi iddialı çağırışına əsasən toplanan Avropa İttifaqının Liderlər sammiti son qərarını verib. Qərarda Türkiyə ilə problemin danışıqlar yolu ilə həlli məqsədəuyğun hesab olunub.

Ovqat.com xatırladır ki, Türkiyə əleydarları ölkənin Aralıq dənizində apardığı tədqiqat işləri ilə bağlı AB Şurasına şikayət etmiş və Ankaraya qarşı bir sıra sanksiyaların tətbiqini istəmişdilər.

Dünən AB liderlərinin müzakirəsinə çıxarılan bu məsələdə Türkiyə əleydarları öz istədiklərini ala bilməyiblər. Sammit Türkiyə ilə “ünsiyyət qapılarının açıq tutulmasına” qərar verib.

“Türkiyə Aİ və onun üzvləri ilə real tərəfdaşlığı dəstəkləməyə, dialoqa və beynəlxalq hüquqa uyğun fərqləri həll etməyə hazır olduğunu nümayiş etdirsə, Türkiyə ilə Aİ arasında müsbət əlaqələr hələ də masa üzərində olacaq. Belə bir gündəlik iqtisadiyyat və ticarət sahələrini, xalqlar arasında təmasları, yüksək səviyyədə dialoqu və dekretasiya sahəsində daimi əməkdaşlığı əhatə edə bilər. Aİ Şurası Aİ ilə Türkiyə arasında açıq rabitə kanallarının saxlanılmasının vacibliyini vurğulayır”,-sammitin yekun qərarında belə deyilir.

Əslində bu qərar gözlənilməz deyildi. Toplantıdan əvvəl NATO-nun Baş katibi Cens Stoltenberq Avropa Birliyi liderlərinə müraciət edərək Türkiyənin dəyərini başa salmağa çalışmış və belə bir müttəfiqi itirməyin faydalı olmayacağını vurğulamışdı. Bir növ dünyanın indiki çalxantılı dövründə Türkiyənin onlardan daha dəyərli olduğunu Aİ liderlərinə mədəni dillə başa salmışdı.

Cens Stoltenberq əvvəl isə rəsmi Ankara Qərblə müttəfiqlikdə daha maraqlı olduğunu bəyan etmişdi.

İddialara görə, ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətləri yenidən gözdən keçirməsi ehtimalı var və bu amil Qərbin Türkiyəsiz yola davam etməsinə imkan vermir. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dünən Bakıda Rusiya və İranı da əhatə edəcək regional iqtisadi əməkdaşlığa hazır olduğu barədə mesaj verməsi də Aİ-nın bu qərarında önəmli rol oynaya bilər.