Avqustun ikinci yarısı daha sərin keçəcək – sinoptiklər

102

Son bir neçə gündür ki, ölkə ərazisində hava şəraiti nisbətən mülayim keçməkdədir. Xüsusən də bölgələrdə tez-tez yağış, leysan yağır, şimşək çaxır. Bu isə avqust ayı üçün o qədər də səciyyəvi deyil. Belə hava şəraiti adətən sentyabr ayının birinci ongünlüyündə müşahidə olunur. Yay mövsümünün son ayı olan avqustda isə  daha çox qızmar, isti günlər təşkil edir.

Xatırladaq ki, ötən il də avqust ayında ənənəvi olmayan hava şəraiti müşahidə edilmişdi. Belə ki, avqust ayının birinci ongünlüyü sərin, yağışlı hava ilə keçmişdi. Paytaxt Bakıda havanın temperaturu bir müddət 26-28 dərəcə olmuşdu.

Bəs bu cür mülayim hava şəraiti nə vaxta qədər davam edəcək? Ötən il avqust ayının birinci ongünlüyündə müşahidə olunan hava şəraiti yenidən özünü göstərəcəkmi?

Mövzu ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə müraciət etdik. Qurumdan bildirilib ki, avqust ayının ortalarında hava demək olar ki, sərin keçəcək: “Avqust yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb. Ötən illərdən fərqli olaraq,  bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub. Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır. Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda  hava arabir yağışlı olacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”