Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb

39

Auditorlar Palatası 2019-cu ili 8 min manat mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 6,9 dəfə azdır.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 968 min manat (əvvəlki ilə nisbətən 25,1% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 895 min manat (22,6% çox), ixtisasartırma və imtahan gəlirləri 31 min manat (27,9% az), qrant və ianələrdən gəlirləri isə 42 min manat (təxminən 28 dəfə çox) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 960 min manat (33,3% çox), o cümlədən işçilərə çəkilən xərclər 416 min manat (5,3% çox), ezamiyyə xərcləri 24 min manat (35,1% az), məlumat və reklam xərcləri 77 min manat (20,3% çox), çap və mətbuat xərcləri 11 min manat (37,5% çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 38 min manat (46,15% çox), ümidsiz borc xərcləri 86 min manat (62,3% çox), amortizasiya və qiymətdən düşmə xərcləri 16 min manat (30% az), rabitə xərcləri 38 min manat (52% çox), üzvlük haqqı xərcləri 19 min manat (dəyişməyib), audit və peşəkar məsləhət xidmətləri xərcləri 33 min manat (21,4% az), sair əməliyyat xərcləri 100 min manat (5,3 dəfə çox), bank xərcləri 6 min manat (50% çox), konfrans xərcləri 92 min manat (əvvəlki il olmayıb), icazə xərcləri isə 4 min manat (dəyişməyib) olub.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 474 min manat olub ki, bu da illik müqayisədə 9,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 77,3% artaraq 78 min manata, balans kapitalı isə 2,1% artaraq 396 min manata çatıb.