Atatürkün siyasi məsləhətçisi… – Əhməd Ağaoğlunun həyat və yaradıcılığı – IV HİSSƏ

    15

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/ataturkun_siyasi_meslehetcisi_-_hmed_agaoglunun_heyat_ve_yaradiciligi_-_iii_hiss)

    Topçubaşov Azərbaycan hökumətinə yazdığı məktubda qeyd edir: “Mənim Əhməd bəyin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti üçün son dərəcə zəruri şəxs hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Tomsonun Əhməd bəy Ağayevə verdiyi zəmanət məktubu da heç bir rol oynamadı”.

    Malta sürgünü

    Fevral ayının sonunda Əhməd bəy İspan qripinə yoluxur məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar. Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər.] Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab edib, bunu onun həyatı bahasına başa gələcəyini desə də, onu Eminönü polis şöbəsinə aparırlar. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heydər Rifət bəy və Əli bəy Hüseynzadə ailəyə daima mənəvi dəstək verirdilər.

    Səməd Ağaoğlu anası ilə atası arasında keçən söhbəti belə xatırlayır:

    Yenə anamla Bəkirağada idik. Anam içimdə bir səs var, Əhməd dedi, bir neçə gündür düşünürəm. Bu adamlar sizi ingilislərə verəcəklər!.

    Atam təəccüblə xanımının üzünə baxdı: Necə yəni verəcəklər?

    Anam gülümsədi: Özləri sizə bir şey edə bilməzlər. Qorxduqları üçün də azad etməzlər. Bu səbəblə ingilislərə təslim edəcəklər. Onlar üçün ən asan yol budur.

    Atamın hirsli səsi hələ də qulağımdadır: Sən ağlını itirmisən, Sitarə. Bir dövlət vətəndaşını düşmənə necə verə bilər? O dövlətin şərəfi qalarmı? Məğlub olmaq başqa, şərəfsizlik başqa! Ağlından çıxar bunu. Bizə nə edəcəklərsə, burada edəcəklər!.

    Anam başını aşağı saldı: Görərsən, Əhməd. Amma bəlkə də, xeyirlisi budur.

    Bu hadisədən cəmi 15 gün sonra mayın 28-də ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı qondarma erməni soyqırımında, yaxud qondarma soyqırımın təşviqində günahlandırılırdı. Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onlar dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlanılırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. “Birinci dərəcəli” qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirildilər.

    Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir: “İndiyə qədər tarixdə bir dövlətin öz övladını öz əlilə düşmənlərinə təslim etmiş olduğu görülməmişdir. Osmanlı dövləti pişik kimi öz yavrularını yeyir. Tarixdə görülməmişdir ki, bir dövlət şeyxülislamlıq məqamını ihraz etmiş (qazanmış) bir ruhanisini, sədrəzəmini, vükəla (Osmanlı İmperatorluğunda nazirlər, vəkillər), məbus, mühərrir və paşalarını üç dörd ay mühakiməsiz həbs etdikdən sonra düşmənin əlinə təslim etmiş bulunsun! Bu rəzaləti yalnız altıncı Sultan Mehmet kimi səfil birisi irtikap (pislik etmək) edər!”

    Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı:

    Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. Bir məhkəmə önünə çıxarılmağımı və bu məhkəmənin qərarına boyun əyməyi öncədən qəbul edirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək? Bütün bunları sizdən mərhəmət diləmək üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da bağışlanmağı əsla qəbul etmirəm. Mən ədalət istəyirəm!

    Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Hüseyn Cahid sürgünə göndərildikdən sonra maddi imkanı sayəsində ingilislərlə razılığa gəlmiş, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Bundan başqa villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında “paranı verən düdüyü çalar!” ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: “Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq” – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı. Hüseyn Cahid isə qətiyyən halını pozmadan “Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər”. İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi yardım edir.

    Əhməd bəyi çətin vəziyyətdən gənclik illərini Parisdə birgə keçirdiyi göz həkimi, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərərək Əhməd bəyi korluq təhlükəsindən xilas edir.

    Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H.Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı. Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının “Hibiscus” və “Chryssanthemum” gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. İstanbuldakı evində onu işğal edilmiş Azərbaycanının SSR Xalq Komissarları Sovetinin birinci sədri, Nəriman Nərimanovun məktubu gözləyirdi. Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Əhməd bəy isə 1921-ci ilin iyunun 5-də yazdığı cavab məktubunda bunları qeyd etmişdir:

    Əziz və möhtərəm Nəriman bəyəfəndi!

    Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu ehtiramdan yararlanmağa mane olur.

    1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

    2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

    3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

    Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir !

    Sürgündə olduğu müddətdə Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında “Üç mədəniyyət” əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndükdən sonra hissə-hissə “Türk yurdu” məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus rol oynamışdır.

    Əhməd bəy Ağaoğlu və Mustafa Kamal Atatürk

    (Ardı var)

    Hazırladı: Məmməd MİRZƏLİYEV