Atatürkün siyasi məsləhətçisi… – Əhməd Ağaoğlunun həyat və yaradıcılığı – III HİSSƏ

    27

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/ataturkun_siyasi_meslehetcisi_-_hmed_agaoglunun_heyat_ve_yaradiciligi_-_ii_hiss)

    Osmanlı dövlətində

    Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur. Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. O düşünürdü ki, təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynayır. 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı. O, həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakultəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakultənin dekanı seçilmişdir. İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür.

    İstanbula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur. Bundan başqa İstanbulda "Sırat-ı Müstakim", "Sebilürreşad, "Hikmet" kimi qəzet və jurnallarda da məqalələr yazmışdır. İstanbulda İran təbəələri üçün farsca çap olunan "Süruş" və fransızca çap olunan "Le Jeune Turc" qəzetləri ilə də əməkdaşlıq etmişdir. Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Ə.Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir.

    Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olmuşdur. Sonradan isə o, 1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu. Cəmiyyətin məqsədi türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq məqsədilə qəzet çap etdirmək idi. 1911-ci ilin sentyabr ayında cəmiyyət "Türk Yurdu" adlı jurnalı çap etdirməyə başladı. Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı. Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türküçülük ideyaları yayılmaqda idi. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi. Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub.

    Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonkarahisar bölgəsindən deputat seçilir.

    Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir.[56] 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti V.Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.

    Azərbaycan Xalq Cümhuriyyətində

    1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində AXC və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki, bu da İyun böhranına səbəb olur. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi. Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.

    7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yarandıqdan sonra Ağaoğlu Bitərəflər fraksiyasından Zəngəzur qəzasından parlamentin üzvü seçilir. Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Karahisar-ı Sahib nümayəndəsi həm də AXC Parlamentində Zəngəzur nümayəndəsi olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu AXC-nin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir. O deyir:

    Möhtərəm əfəndilər! Məndən əvvəlki natiq möhtərəm rəfiqim hökumətin haqqında həssas pək sıcaq bir nitq irad etdi ki,möhtəviyyatına şərik oluram. Fəqət, onunla mənim aramızda bir fərq var ki, onun atəşi çox, mənim atəşim sönmüş, o gəncdir, mən ixtiyar, onun bir az göylərdə gəzməyə haqqı var, mən isə yeri görməyə məcburam. Hökumətin bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəl amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır. Lakin bu əməlin ölməmiş və onun qövldən felə keçməsi üçün birinci amil var isə o da hökumətin kəndisidir. Bunu unutmamalıyam ki, məmləkətimiz qayət böyük təhlükələr ilə əhatəlidir. Gecə qara gələn fırtına oynayır. Biz də bir taxta para kibi bu fırtınalar içində yuvarlanırız. Bunu qurtaracaq yenə hökumətdir. Bunu qurtarmaq üçün də mən bir əzmkar hökumət istərəm. Fəqət, söylədiyim taxta para təkcə bizdən ibarət deyildir ki, onun üçün düşünmədən işə başlayalım. Bu taxta paranın özü də 3 milyonluq Azərbaycan, onun şərəfi qadın və cocuqları bulunur. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş oluruz. Rəisi-vükəla bir qism bir vəzifeyi öhdəsinə götürdüyü xüsusunda bəyan etdiyi bütün fikrinə iştirak edirəm. Bununla bərabər hökumətin dəxi bir proqramı olmalıdır. O da bu taxta parayi aparmaq üçün sərməkan təşkil edəcəkdir. O sükan üzrə sağa-sola baxmayaraq düz doğru amalına doğru kürəklərini çəkib o taxta parayi əzmkaranə bir sahili nicata çıxarmaqdır. Əcəba hökumətin sükana və əlindəki kürəklər nədən ibarət ola bilər? Biri kəndi üçün yapdığı proqramdan, digəri o barədə ki, o da Bəyannamədən məlum oldu. İstiqlalımızı xaricə qəbul etdirmədən əvvəl hökumətimizi daxildən təsdiq etdirməliyiz. Ona görə hökumətimiz daxili və xarici düşmənləri məhv edəcək bir hökumət olmalıdır. Məəttəssüf, hökumət iradəsini göstərdiyi zamanı olmamışdır. Məəttəssüf ələmlə deyəcəyəm ki, hökumət daxilində işlər lazım olmayan adamların əlinə tapşırılmışdı. Binaən ileyh daxildə hökuməti düzəldəcək qəti tədbirlərə müraciəti lazım bilirəm. Ən layiq, ən müdəbbir adamların iş başına götürülməsini arzu edirəm. Yalnız, bu vasitələr ilədir ki, sui-istemala xitam verilir. Və hökumət nahiyələrdə, hər yerdə varlığına ehsas etdirir. Bir də rəis tərəfindən bir ordunun təşkilinin lüzumu göstərildi. Onsuz da hökumət özünü heç kimsəyə ehsas etdirəməz. Onun üçün lazım bilirəm ki, heç bir sinif fərqi olmadan hər kəs əsgərə alınsın. Heç bir yuxarı, aşağı tərəhhüm edilməsin. Nəzarətlərə sıxılmış, gizlənmişlərin kaffəsi alınmalı. Belələrinə şiddətli cəza verərək həp ordu içərisinə atmalıdır. Əks halda çüftçinin cocuğu alınsa verməməyə haqqı vardır. Bu növ ilə hökumətdən əzm və səbat istərəm. Xariciyyə gəldikdə yenə də keçmişdən şikayətə məcburam. Şimdiyə qədər lazım gələn xarici tədabir ittixaz edilmədi. Qonşularımızdan Ermənistan ilə bizim yekdiklərimizə mürəxxis göndərməmiz lazım idi. Halbuki, erməni-müsəlman münasibəti və bütün Zaqafqaziya millətlərini barışdırmaq bizim üçün ən böyük məsələ, ən birinci vəzifədir. Burada hər iki tərəfdən nümayəndə olması ilə başa gələn bir iş deyildir. Ancaq biz istiqlalımızı Avropaya tanıtdırmış idik. Azərbaycan bir coğrafi ism deyil, yer üzərində yaşayan bir millətin olduğunu onun qulağına yetişdirmək, Azərbaycan öz mövcudiyyətini Avropaya bu vaxta dəkin andırmamışdır. Halbuki iki vəzifə vardır. Məndən irəlidəki rəfiqim bir az idealist olaraq demokratlıqdan bəhs edərək böyük imkanda bulunur. Heyhat! Zənn edirəm ki, kəndisini bildirməyənlər üçün böylə bir nəticənin əldə edilməsi bənddir. Mahaldır. Kimin dostu, nüfuzu var o tanılar. Dostluqdan irəli qüvvətdi düşünülür. Binaən ileyh Avropada satqın propaqandalar vasitəsilə kəndimizə nüfuz qazanılmağını bəyani təəssüf etməmək qabil deyildir. Avropa ilə yolumuz bağlıdır. Orada nə olduğunu bilmiriz. Halbuki Avropada vüqu olan hadisatdan müqəddəratımız asılıdır. Avropada nə olduğunu bilməli, ona münasib də siyasətimiz olmalıdır. Ona görə də Avropa ilə kuryerlər olmamasına təəssüf etməyə məcbur oluram. Burada beş il mahudlu masalar ətrafında kənardan xəbərsiz siyasət yürüdülməz. Bütün keçmişə aid bu xətaları söyləməkdə məqsədim atidə bunların bir daha təkrar olmaması üçündür. Ümid edirəm ki, hökumət öz deklarasiyasının həyata tətbiqində təmamən təzyiq etməklə əzmkar olmasını dilərik. Bitərəflər naminə etimad edirəm.

    1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi. 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Vağzalda nümayəndə heyətinin Fətəli Xan Xoyskinin rəhbərliyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar. Bu tədbirdə Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi üçün fərqli millətlərdən təmsil olunan bir qrum yaradırlar. Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi. Batumdan yola çıxan heyət 21 yanvar tarixində İstanbula çatır. Lakin Bosfor boğazında çatdıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan heyətlərinin də daxil olduğu gəmi heyətinə 8 saat boyunca sahilə çıxmağa icazə verilmir. Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixində Azərbaycan nümayəndə heyəti Topçubaşovun evində iclas keçirib təşkilati məsələləri və üzvlərin vəzifələrini müəyyən edir. Ağaoğlu İstanbula çatan kimi orada fəaliyyət göstərən fransız dilli "La Renaissance" və "Le Stamboul" kimi erməni qəzetlərində ona qarşı yazılar çap olunur. Onu pantürkizm və panislamizdə, ermənilərin ölümündə günahlandırırlar. Bundan başqa Azərbaycana qarşı Avropa və Amerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır. Lakin artıq gec idi və o İttihad və Tərəqqi partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi. O, İttihad və Tərəqqi partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılırdı. Daha sonra İstanbulu işğal edən ingilis fransız təmsilçiləri elan edirlər ki: “Azərbaycan Nümayəndə heyəti Əhməd bəy Ağaoğlunu özü ilə aparmamalıdır. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, daim əleyhimizə danışan və yazan bir adam kimi arzuolunmaz şəxsdir”.

    (Ardı var)

    Hazırladı: Məmməd MİRZƏLİYEV