Atatürkün siyasi məsləhətçisi… – Əhməd Ağaoğlunun həyat və yaradıcılığı – II HİSSƏ

    24

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/ataturkun_siyasi_meslehetcisi_-_hmed_agaoglunun_heyat_ve_yaradiciligi)

    Fəaliyyəti

    Əhməd bəy Ağaoğlu “Jurnal de Debat”, “Revü Been”, “Nouvye Revyü” kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını “Kafkaz”, “Şərqi Rus” qəzetlərinə göndərirdi.

    1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür.[33] Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasınad ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.

    Əhməd bəy fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Hətta XIX əsrin sonunda Azərbaycanca qəzet çap etmək üçün icazə almağa çalışan Məhəmməd Şahtaxtinskiyə Rusiya İmperiyasının Çap İşləri üzrə Baş idarəsinin rəisi Solovyev demişdi ki: “Mən qətiyyən Azərbaycan dilində qəzetin çap olunmasına icazə verə bilmərəm. Sizin xalqınızın nəyinə lazımdır qəzet? Sizin ziyalılarınız rus dilində oxumalıdırlar, sadə azərbaycanlılar isə qoy qoyunlarını otarsınlar”.

    Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalılarımızın məqalələri çap olunurdu. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi. Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tirajı 10 minə çatırdı bu isə gündəlik qəzet üçün böyük uğur idi.[36] Qəzetdə çıxan "İslam dünyasında qadın", "İslam, axund və hatifülqeyb" adlı silsilə yazılarında islam dünyasından bəhs edirdi. "İslam dünyasında qadın" adlı işində o qeyd edirdi ki "azad qadınsız milli inkişaf ola bilməz". "İslam, axund və hatifülqeyb" əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.

    Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi: “Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir”.

    1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur. 1905-ci ilin 18 fevral tarixində Rusiya çarının əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət quruculuğunun möhkəmləndirilməsi haqqında verdiyi qərardan sonra 1905-ci ilin 15 mart tarixində Azərbaycan ziyalıları təkliflərini müzakirə etmək üçün Tağıyevin evində toplaşırlar. Onlar Azərbaycan türklərinin tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqa çatdıqdan sonra Ağaoğlu burada 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir.[40] Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə və Əlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda onlar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasını istəyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab verilir. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat" qəzetinin ilk sayı işıq üzü gördü. Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir.] Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edilmişdir.

    1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.

    1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər.

    1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.

    Öz son çıxışında Əhməd bəy bunları demişdi:

    Biz deyirik ki, əgər doğrudan doğruya sülh istəyirsiniz, başqa təşəbbüslərlə bərabər gərək terroru da götürəsiniz. Buna cavabında bizə deyirlər ki, siz daşnaksutyundan danışırsınız. Bizim fikrimizdə əsla daşnaksutyun yox idi. Biz deyirik ki, terror götürülsün. Lakin ermənilərin xəyalına daşnaksutyun gəlir. Görünür ki, daşnaksutyunun bu terrorla əlaqəsi vardır. Lakin yenə təkrar edirəm ki, bizim daşnaksutyun ilə işimiz yoxdur. Yoxdur! Çünki keçən gün cənab Xatisov öz bəlağətli və fəsahətli çıxışında aşkar dedi ki, bu daşnaksutyun Rusiyanın böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu, xəzinəsi, soldatı da vardır. Biz müsəlman vəkilləri bunu eşidəndə təəccüb və heyrət barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: indi ki, belədir, indi ki, bir müsəlləh partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də, nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər, bizim istər hökumətdən, istər ermənilərdən belə partiyanın götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bizim də gərək daşnaksutyunlarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə, yoxsa ki, hərc-mərc olar.

    1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır. Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı. Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı. Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Öz xatirələrində həmin günləri belə təsvir edir:

    Şiddətlə təqib edilənlər arasında idim. İş o dərəcəyə gəldi ki, artıq yalnız özümün deyil, ailəmin də rahatlıq və sakitliyi qaçırılmağa başlandı. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. İş başına tanıdığım bəzi şəxslər gəlmişdi. Eyni zamanda Qafqaz ümumi valisi Kont Varantsov-Daşkov mütləq məni tutmağa və sürgün etməyə qərar vermiş görünürdü. Bunu öyrənir öyrənməz dərhal mən də qaçmağa qərar verdim və 1908-ci ilin sonuna doğru İstanbula qaçdım.

    (Ardı var)

    Hazırladı: Məmməd MİRZƏLİYEV