Atatürkün siyasi məsləhətçisi… – Əhməd Ağaoğlunun həyat və yaradıcılığı

    78

    Əhməd bəy Həsən bəy oğlu Ağayev (Əhməd Ağaoğlu) 1869-cu ilin dekabr ayında Şuşada anadan olub. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi.

    Azərbaycan və Türkiyənin ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı və türkoloqu olan Əhməd Ağaoğlu Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə də redaktorluq edib.

    ***

    1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və tərəqqi partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və tərəqqi partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.

    Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağayev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

    ***

    Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək, ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Ə.Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır.

    1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi, 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir:

    "Bu beş adamın illərlə davam edən təhsili zamanı erməni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkansızdır. Tənəffüsdə biz, beş türk uşağı cəld tərpənib arxamızı divara dayamağı böyük bir fərasət hesab edirdik. Yüzlərlə erməni uşağı birdən üzərimizə hücum edir, birisi başımızdan papağı alıb atır, digərləri təpiklə dörd, beş altun qiymətində olan Buxara dərisini torpaqlar üzərində yuvarlayırlar. Bəziləri qiymətli və çoxu dəvə yunundan tikilmiş paltarlarımızın ətəklərindən yapışır, o yan-bu yana çəkir, parçalayır, bəzəklərini sökür, müqavimət göstərmək istəsək, yumruq, şillə, təpiklər altında bizi əzirdilər. Bəzən üstümüzə bir böhtan atır, birləşib şahid olur, bizi haqsız yerə cəzalandırırdılar. Yoldaşlarımdan çoxu dayana bilməyib məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən bir mən dayana bildim".

    Daha sonra orta məktəbin VI sinfini bitirən Ə.Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Ə.Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Ə.Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir.

    1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ailənin bu təəccübünə haqq qazandırırdı.

    Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmişdir:

    "Mənə qarşı edilən haqsızlıq məni yandırıb yaxırdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışıb məni yandırırdı. Hiddətim o dərəcə idi ki, bütün Rusiyanı bir qaşıq suda boğmağa hazır idim. Çardan tutmuş nihilistinə, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər şeyə qarşı dərin bir nifrət, bir qeyz, ədavət bəsləyirdim.

    Xeyr, xeyr, mən burada qala bilmərəm. Mən Peterburqda yaşaya bilmərəm. Mütləq getməliyəm. Fəqət hara, necə?

    19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydlik və təşəbbüskarlık! Bir səs içimdən “Paris, Paris” deyə hayqırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə həm ruslardan yandırıcı bir qisas alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə təmin etmiş olacağam”.

    ***

    8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır. Qatarda gələrkən tanış olduğu bir xanım ona daha çox Rusiyadan gələn qonaqların qaldığı Hotel de Petersburga getməyi məsləhət görür. Parisdə heç bir tanışı olmayan və fransızca bilməyən Əhməd bəy otelə üz tutur. Lakin otel xərclərinin çox olacağı ilk gündən bəlli olur. Otelin işçisi dostları vasitəsilə onu Parisdə oxuyan iki gürcü tələbə ilə tanış edir. Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər. Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pansiyona yerləşir. Burada 2 iranlı və 3 misirli ilə tanış olur. Onların məsləhəti ilə College de France və École des Hautes Études Pratiques (Tətbiqi tədqiqat ali məktəbi) mühazirələrinə girməyə başlayır. College de France mühazirələrində hər həftə fransız filosof və tarixçi Ernest Renan, Tətbiqi tədqiqat ali məktəbində isə "Şərq xalqlarının tarixi" mövzusunda Ceyms Darmsteter mühazirələr deyirdilər. Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888-1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti Ernest Renanın Culyetta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının təsisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891-1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir. Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur.

    (Ardı var)

    Hazırladı: Məmməd MİRZƏLİYEV