Atasini ilahiləşdirən Serqo Mikoyan – “Kremlin ən ağıllı adamıydı”, “başqaları kimi yaltaq deyildi”…

276

1988-ci ildə Daqlıq Qarabağ hadisələri başlayanda ermənilər xaricdən dəstək almaq üçün bütün mövcud imkanlardan istifadə ediblər. Bu məqsədlə tanınmış ermənilər dünyanın ayrı-ayrı ölkələrində yaşayan erməniləri Dağlıq Qarabağ məsələsinə cəlb etməyi özlərinin ən vacib missiyası kimi qəbul ediblər. Bu fəallardan biri də Anastas Mikoyanın oğlu Serqo Mikoyan olub. Erməni birliyi uğrunda, xarici dövlətlərin diqqətini Qarabağa cəlb etməkdə Serqo Mikoyan bütün mümkün variantlara əl atıb.

Mikoyanlar ailəsinin sonuncu, beşinci övladı olan Serqo Mikoyan 1929-cu ildə Moskvada anadan olub. Atası ona inqilabçı Serqo Orconikidzenin adını qoyub. Tanınmış inqilabçının adını daşısa da, Serqo hələ yeniyetməlik yaşında bu adın üstündən qara xətt çəkib. Belə ki, Serqo Mikoyan Moskvanın ən elit orta təhsil ocaqlarından biri sayılan 175 saylı orta məktəbin sonuncu sinifində oxuyanda “Dördüncü reyx” adlı gizli təşkilatın yaradıcılarından biri olub. Faşist meylli məktəb uşaqları öz aralarında SSRİ-yə rəqib bir “hökumət” yaradıblar və bir-birlərinə “reyxsfürer” və “qruppenfürer” deyə müraciət ediblər. Amma faşist xislətli bu uşaqların “hakimiyyəti” uzun çəkməyib. “NKVD”-nin yetkinlik yaşına çatmayanlar üzrə əməkdaşları “Dördüncü reyx”in fəaliyyətinə son qoyublar. Gizli təşkilatın 7 üzvü, o cümlədən Serqo Mikoyan da bir il müddətdə Moskvadan yaşamaqdan məhrum ediliblər. Anastas Mikoyan məsələyə müdaxilə etsə də, heç bir nəticə əldə olunmayıb, qərar qüvvəsində saxlanılıb.

mikoyan-3.jpg (56 KB)

Serqo Mikoyan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda ali təhsil alıb, daha sonra aspiranturaya daxil olaraq elmi iş müdafiə edib. Latın Amerikası üzrə mütəxəssis sayılan Serqo Mikoyan 1957-ci ildən “Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr” jurnalının elmi redaktoru, 1970-ci ildən “Latın Amerikası” jurnalının baş redaktoru olub. 1990-cı ildə isə Amerika Birləşmiş Ştatlarına köçüb.

Zəngin ailədə böyüyən və atasının qayğısı ilə hərtərəfli əhatə olunan Serqo Mikoyanın şəxsi ailə həyatı da “zəngin” olub. O, birinci dəfə Leninqrad vilayət partiya komitəsinin birinci katibi Aleksey Kuznetsovun qızı Alla ilə evlənib. Cütlüyün 3 övladı dünyaya gəlsə də, bu nikah Serqo Mikoyana xoşbəxtlik gətirməyib. Alla Kuznetsova 28 yaşında qan xəstəliyindən vəfat edib. Atası Aleksey Kuznetsov isə 1950-ci ildə birbaşa Stalinin göstərişi ilə “Leninqrad işi” ilə bağlı güllələnməyə məhkum edilib. Anastas Mikoyan bir neçə dəfə Stalindən qudasının əfv olunmasını xahiş etsə də, Stalin bu xahişləri rədd edib.
Serqo Mikoyanın ikinci nikahı da uzunömürlü olmayıb. Tatyana Nikolayevna ilə nikahdan bir övladı olduqdan sonra onlar ayrılmağa qərar veriblər.

mikoyans.jpg (54 KB)

Serqo Mikoyan üçüncü evliliyini rəsmiləşdirməyib və o, ömrünün sonuna qədər mülki nikahda olduğu Vera İqoşa ilə yaşayıb. 1989-cu ildə, Serqo Mikoyanın 60 yaşı olanda cütlüyün bir qız övladları dünyaya gəlib.

Amerikaya köçdükdən sonra Serqo Mikoyan mətbuata daha çox müsahibələr verib. Bu müsahibələrdə daha maraqlı mövzu ailələri, xüsusilə də atası Mikoyanla bağlı olub. Oğul Mikoyan ata Mikoyanı ideal və mükəmməl bir siyasətçi, dövlət xadimi kimi təqdim edib. Maraqlı məqamlardan biri odur ki, Serqo Mikoyan atasını az qala SSRİ-nin birinci şəxsi kimi ictimaiyyətə tanıtmaq istəyib, və “maraqlı” açıqlamalar verib:

Sergo-Mikojan_5838340abe075.jpg (45 KB)

“Atam Kremlin ən nüfuzlu simalarından biri, bəlkə də birincisi idi. O, çox ağıllı bir insan olduğundan hamı onunla hesablaşmaq məcburiyyətində olub. Digər tərəfdən, atam heç vaxt yaltaqlıq etməyi bacarmayıb. Təbii ki, bu xarakter birincilərin xoşuna gəlməyib. Stalinin vəfatı gününü yaxşı xatırlayıram, onda mənim 24 yaşım var idi. Bu ölüm məni çox sarsıtmışdı. Atam isə çox sakit idi. Mən gözlərimin şahidiyəm ki, Stalinin vəfatı atama zərrə qədər də təsir etməmişdi. Mən özümdə cəsarət tapıb bunun səbəbini ondan soruşanda, o, bu suala çox da ətraflı cavab vermədi, “bundan sonra daha yaxşı olacaq” deyə fikrini konkret bildirdi. Sonralar atamın bu cavabının arxasında nələr dayandığını öyrəndim. 1952-ci ildə Stalin atamı və Vyaçeslav Molotovu qərbin agentləri adlandırmışdı və bu iki nəhəng siyasətçi haqqında sərt qərarlar qəbul edəcəyini bildirmişdi. Əgər Stalin 1953-cü ildə ölməsəydi, indi yəqin ki, nə mən var idim, nə də qardaşlarım. Çünki Stalinin cəzaları bütün ailəyə tətbiq olunurdu…”

34.jpg (7 KB)

Serqo Mikoyan müsahibələrində atasının Nikita Xruşovla münasibətlərinə də aydınlıq gətirib:
“Bütün tarixi araşdırmalarda, kitablarda atamla Xruşovun yaxın dostluğu haqqında geniş açıqlamalar verilir, Xruşovu hakimiyyətdən devirəndə atamın onu necə müdafiə etməsindən yazırlar. Əslində hər şey heç də yazılanlar kimi deyil. 1957-ci ildə sonralar “antipartiya qrupu” adlandarılan Molotov, Malenkov və Kaqanoviç Xruşovu devirmək istəyəndə atam onu müdafiə edib. Ona görə yox ki, Anastas Mikoyanın Xruşova böyük rəğbəti, böyük ehtiramı olub, yaxud da ona görə yox ki, atam Nikita Sergeyeviçi nəhəng siyasətçi sayıb. Bu müdafiənin səbəbi o olub ki, atam istəməyib ki, “antipartiya qrupu” hakimiyyətə gələrək Stalin rejimini yenidən yaratsınlar. 1964-cü ildə də Kreml çevrilişində atam fərqli bir təklif irəli sürüb, Xruşovu hansısa bir vəzifədə saxlamağı təklif edib, amma Brejenevin komandası bu təklifi qəbul etməyib. Onu da qeyd etmək istəyirəm ki, Xruşovun atama qarşı münasibəti çox da səmimi olmayıb. Xruşov yaltaq adamları sevib, sözünün qarşısında söz deyəni özü üçün arzuolunmaz şəxs sayıb. Atam isə digər Kreml məmurlarından fərqli olaraq həmişə öz sözünü deyib və təbii ki, bu da Xruşovun xoşuna gəlməyib…”

274px-Микоян_Серго_Анастасович.jpeg (94 KB)

Sovet liderləri haqqında narazı açıqlamalar verən Serqo Mikoyan Brejnevi də unutmayıb:
“Brejnev əvvəlki sovet liderlərindən fərqli olaraq qətiyyətli siyasətçi deyildi. Bu qətiyyətsizliyi atamın vəfat etdiyi gündə də hiss etdik. Atam məhz onun baş katib olduğu dövrdə, 1978-ci ildə vəfat etdi. Ailəmiz gözləyirdi ki, atam Kreml nekropolunda dəfn olunacaq. Ancaq biz hər şeyin əksini gördük. Onun üçün Novedeviçye qəbirstanlığında yer ayırdılar…”
Bəlkə də oğul kimi Serqo Mikoyanı anlamaq olar. Amma bir tarixçi kimi Serqo Mikoyana haqq qazandırmaq mümkün deyil. Çünki Kreml tarixində ən hiyləgər, ən yaltaq sima kimi yadda qalan Anastas Mikoyanı mifə çevirmək tarix yazmaq yox, tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil…

Qeyd edək ki, Serqo Mikoyan 2010-cu ildə, 80 yaşında Moskvada vəfat edib, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com